“Aclığım at minib çapır, Anna!
Səni tapır, məni tapır, Anna!”
(Artur Rembo, “Aclıq bayramı” şeirindən)
Azərbaycanlıların bir qismində başqa xalqlara yaltaqlanmaq, özünü onlardan aşağı saymaq duyğuları çox güclüdür. O üzdən bu adamlar ev-eşikdə arvad-uşaqla rusca danışarlar, uşaqlarını rus məktəbinə və rus sektoruna qoymağa çalışarlar. Təbii ki, öz xalqına, öz dilinə hörmətsizlik bu adamlara axırda heç nə vermir. Çünki başqa xalqlar, o cümlədən ruslar belələrinə qətiyyən hörmət bəsləmir, həmişə ikinci sort kimi baxırlar, istifadə eləyib atırlar. Bu temanın zirvəsini məncə yazıçı Çingiz Aytmatov özünün “Gün var əsrə bərabər” romanında təsvir elədiyi Manqurt obrazı ilə qoymuşdur. Hərçənd, dəqiq yadıma gəlmir, ancaq deyəsən elə Aytmatov özü də qırğız ola-ola rusca yazırdı.
Xby Counterflix
Bu gün linqvistik millətçilik etmək fikrim yoxdur, sadəcə, təzəlikcə baş prokurorluq “Çudo Peçka” qənnadı məmulatı şəbəkəsinin müdiri Çingiz Cəlilovun həbsi xəbərini yayanda yadıma düşdü ki, bu zadın adı məni həmişə düşündürmüş və narahat eləmişdir. Bəyəm Azərbaycanda açılan bir dükanın adını mütləq başqa dildə qoymalısan? Bu nə axmaq təmayüldür axı? Gedirsən dənizin kənarına, görürsən biri obyekt açıb: “El Faro”. Buna “Dəniz fənəri”, “Mayak” adı qoysan nə olacaq? Yaxud, hotel açır, adını “Ekselsior” qoyur. Rəhmətliyin uşağı, belə daha seksualnı səslənir? Kasıb itinin adını Gümüş qoyar məsəli… Ya da daha uyğunu görməmişin oğlunun olması haqda ata sözüdür. Orada görməmiş uşağa hansı işgəncəni verirdi, bilməyənlər bilənlərdən soruşsun, yazmaq mümkün deyil, Mətbuat Şurasından ayıbdır.
Uzun sözün qısası, bu Cəlilov da dükanına “Möcüzə soba”, “Sehrli süfrə”, nə bilim, “Damaq dadı”ndan-zaddan qoya bilərdi (axırıncını “Ekselsior” mənasında), ancaq aparıb “Çudo peçka” qoymuşdu, bu da rus folklorundan, slavyan nağıllarından gələn bir ticarət markası idi. Həmin nağıllarda Axmaq İvanla gözəlçə Vasilisa (misal üçün) meşədə azanda, acından ölərkən gəlib bir daxmada “möcüzə soba, sobacıq” (“çudo peçka”) tapırdılar, sobadan yeməklər öz-özünə peyda olurdu. Yuxarıda yazdığım kimi, tam eyni durum bizim folklorda sehrli süfrə şəklində vardır. Nə qədər yesən, yenə süfrə dolu olurdu.
Hə, məncə elə Çingiz müəllimin sehrli sobacığının bizim milli iqtisadiyyatın neft bumundan sonrakı devalvasiya və inflyasiya dövründə kor qalması hardasa simvolik hadisədir. Doğrudur, prokurorluq deyir ki, “Çudo peçka”nın müdirini “Bank Standart”dan kredit götürüb basıb yeməsinə görə tutublar, yəni bu işdə formal olaraq neft gəlirləri izi görünmür. Ancaq neft də axı bizim ümumi “çudo peçka”mız idi! Hamını heç bir əziyyət çəkmədən ordan yemləyirdilər. Yaltaqlar və yalançılar, oğrular və rüşvətxorlar, jurnalistlər və yazıçılar, müəllimlər və həkimlər, alimlər və zalimlər – qısası, ölkədə kim varsa, meşədə azan hər kəs neft sobasının oduna qızınırdı. İndi neftin qiyməti düşüb, istehsal azalıb, soba qabaqkı çağlar kimi istilik, qida vermir. Hətta neft və enerji sektoruna qoyulan vəsait bəzən ondan alınandan çox çıxır. Burada səmərəsiz və korrupsiyaçı idarəçilik rol oynayır. Bənzətməmizə dönsək, indi sehrli soba özü yemək istəyir. Ağzını ac canavar kimi açıbdır. Hətta insan da yeyir. Bir dəfə biz onun alovlu ağzına 30 neftçini birdən atdıq. Doymadı.
Xby Counterflix
Camaatı sehrli süfrə və sobalara öyrəşdirmək pis haldır. İndi onlar – idmançılar və alimlər şikayətlənirlər. Deyirlər, avtobusa minməyə 20 qəpik tapmırıq. Halbuki, cəmi bir il qabaq elə həmin adamlar kommunizm yolunda parlaq gələcəyə mətin addımlarla irəliləyən analoqsuz Azərbaycandan məmnuniyyətlə danışmağa hazır idilər.