Cəmiyyətdə bir sual dolaşır: “Axı jurnalistlərin digər sosial qruplardan nəyi artıqdır?”
Bu sualın nədən qaynaqlandığını təkrarən açıb-bükməyə ehtiyac yoxdur. O mövzu hamını bezdirib.
Bu sual isə cavab istəyir və haqlı sualdır.
Gerçəkdən də jurnalistlərin nəinki digər sosial qruplardan, hətta intellektual təbəqəyə daxil olan yaradıcı şəxslər qrupundan da heç nəyi artıq deyil.
Onlar da adi vətəndaşdır, fərd olaraq nə heç kəsdən əskikdirlər, nə də artıq. Heç sosial statusları da bir kimsədən üstün deyil. Jurnalistlərin xüsusi imtiyaza, ayrıca hüquqlara malik olmasından söhbət belə gedə bilməz.
Ancaq yenə də jurnalist peşəsini bütün başqa peşələrdən fərqləndirən bir şey var. Nədir o? Adını sonra qoyarıq.
Əvvəlcə istənilən bir peşə sahibini götürək. Məsələn, bir fermer, kənd zəhmətkeşi bir gün ədalətsizliklə üzləşir, icra hakimiyyətinə müraciət edir, işinə baxılmır, məhkəmə hakimiyyətinə üz tutur, tələbi yerinə yetirilmir, qanunverici orqandan mədəd umur, umsuq qalır. Lap axırda, əli hər yerdən üzüləndə, o, son instansiya kimi mediaya müraciət edir.
Fermerin işi düzəlir, düzəlmir, başqa məsələdir, əsas odur ki, o, son çarə olaraq jurnalistlərin üstünə gəlir.
Yaxud bir universitet müəllimini, xəstəxana həkimini götürək. Onlar da ədalətsizliyə məruz qaldıqları vaxt şikayət edə biləcəkləri bütün instansiyaları keçir, sonda jurnalistlərə müraciət edir, haqlıdırlarsa, haqlarını alırlar.
Eləcə də bütün başqa peşələrin sahibləri. Onların sırasında keçmiş polis rəisi, sabiq prokuror, əski hakimlər, vəkillər, hətta keçmiş komitə sədrləri, nazirlər də olur.
Təsəvvür edirsinizmi, bir zamanlar tabeçiliyindəki minlərlə adama hökm edən, yeri gələndə jurnalistləri aşağılamaqdan çəkinməyən sabiq nazir məhkəmədə jurnalistlərin oturduğu stullara boylanır, onların gəlməsini gözləyir və onlardan kömək umur.
2-3 il öncə əlində milyardlar oynayan, dövlətin pullarını yaxınlarına, qohum-əqrəbalarına pay-püşt edən, bir dəfə jurnalistlərlə görüşməyən, açıqlama verməyən bankir axırda haqsızlığa məruz qaldığı barədə jurnalistlərin üstünə açıqlama-bəyanat göndərmişdi.
Bir-biri ilə çəkişən, hərəsinin sərəncamında minlərlə silahlı şəxs olan vəzifəli generallar da bir-birilə mübarizəni media müstəvisində aparmağa çalışırlar, kompromat davası yürüdürlər.
Heç bir ölkədə baş nazirdən, prezidentdən böyük vəzifəli yoxdur. Devrilən prezidentlər ilk növbədə kimin üstünə qaçırlar? Jurnalistlərin.
Ötən ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişi cəhdi zamanı prezident Rəcəb Tayyib Ərdoğan ilk addım olaraq jurnalistlərin yardımından istifadə etdi, səsini xalqa çatdırdı, hakimiyyətini qorudu. Yoxsa onun sərəncamındakı bütün hərbi-siyasi birliklər tam iflic durumunda idi.
Bu gün dünyanın hər hansı bir yerində, hansısa demokratik dövlətdə baş nazir və digər nazirlər istefaya göndərilirsə, vəzifələrinin icrasını yarımçıq buraxmağa məcbur olurlarsa, onların hamsını jurnalistlər edir. Məhz onlar nazirlərin, baş nazirlərin “torbasını tikirlər”.
Dünyanın ən hegemon dövləti ABŞ-dır, amma onun prezident Donald Tramp kimi ötkəm, ekssentrik, hökmlü, diktaturaya meyli bir adam jurnalistlərlə bacarmır. Adam vəzifəyə gəldiyi gündən onlarla savaşır, mübahisə edir, hələ qazandığı bir şey yoxdur, amma jurnalistlər onun ictimai nüfuzunu 40 faizə endiriblər və addım-addım onu impiçmentə sürükləyirlər.
Jurnalistlər ABŞ-ın keçmiş prezidenti Riçard Niksonu istefaya məcbur etdikləri kimi Trampı da vəzifəsindən vaxtından tez yola salmağa çalışırlar.
Medianın dördüncü hakimiyyət olması barədə çox təkrarlanan fikir bəlkə bəzi adamlara şişirdilmiş görünə bilər, ancaq reallıq belədir ki, media demokratik ölkələrdə çox vaxt yerdə qalan hakimiyyət qollarının (icraedici, qanunverici və məhkəmə) fövqündə dura, dövləti və cəmiyyəti yönəldə, dolayısı ilə idarə edə bilir.
Bu baxımdan jurnalistlərin dövlətin və cəmiyyətin idarə edilməsi işində xüsusi missiyası, funksiyası və uyğun statusları var.
Hazırda sosial şəbəkədə belə bir ictimai rəy yaratmağa çalışırlar ki, guya hakimiyyət son addımı ilə jurnalistlərə rüşvət verib.
Elə bu iddianın özü də göstərir ki, media işçilərinin rolu, təsir gücü bir başqadır. Onların fərqi son instansiya, son güman yeri, son pənah yeri olmalarındadır.
Demək, jurnalistlərin maddi durumu, məişət şəraiti son yerlərdə olmamalıdır. Hamının, hər kəsin (adi fəhlədən prezidentə qədər) işinə yarayan adamlara bəzi şeyləri çox görmək olmaz. Bu qədər sadə.