Ötən yazımda söz verdiyim kimi, məcburi köçkünlərin dondurulmuş maaşlarının əbədilik dondurulması temasını açım. Bunu mənə Füzulidən qaçqın düşmüş bir soydaşımız xəbər verdi, yoxsa heç xəbərim yox idi belə bir şey varmış. Sən demə, 1993-cü ildə rayonlarımız işğal ediləndə hökumət məcburi köçkünlərin dövlət büdcəsindən maliyyələşən hissəsinə – həkim, müəllim, icra hakimi və sairəyə maaşlarını müvəqqəti ödəmək haqda qərar çıxarıbmış. Daha dəqiq izah eləsəm, tutaq ki, sən Füzuli rayonu Cinqobulu kənd sakini Alpərən Qaçqınbəyov adlı fizika müəllimisən, indi məktəbi erməni dağıdıb, köçüb gəlmisən İmişlinin Göbəktala kəndində transformator budkasında yaşayırsan. Təbii ki, iş yeri də qalıb işğal altında. (Bəlkə də işğal elə qədim türk sözü olaraq belə yaranıbdır. Yəni işsiz qalmaq anlamını verir. O cümlədən rusların işlətdiyi kaşa sözü bizim tərəkəmələrin xaşıl milli yeməyinin adından götürülübdür. Xaşıl məsələsini bu səhər qaçışla məşğul olarkən kəşf etdim. Belənçik elmi-filoloji, linqvistik-semantik, bioloji-samanlıq kəşflərim çoxdur, hamısını vaxtaşırı hörmətli oxucularıma çatdıracağam).
Bəs nə etməli? Axı büdcə zəhmətkeşləri, o cümlədən müəllimlər daima hökumətin yaxasında bülleten, çuxasında protokol, buynuzunda süd (axırıncı hansısa nağıldan gəldi düşdü cümləyə, fikir verməyin) gətirən hissəsi olmuşdur. Bunları işsiz qoymaq hakimiyyəti mühüm siyasi dayaqdan məhrum eləmək olardı. O üzdən, yapist yoldaşlar uzun illər həmin işğalda iş yerini itirən büdcə zəhmətkeşlərinin təzə iş tapmayan hissəsinə köhnə maaşını veriblər. (Çox fısqırıq cümlə oldu, özüm də çalışıram anlayım görüm nə yazmışam). Ancaq burada yüngülvari bir biclik olubdur. Həmin maaşların verilməsi hər il xüsusi qərarla, Nazirlər Kabineti tərəfindən, necə deyərlər, türkün məsəli, uzadılırmış. Keçən ilin dekabrında isə bu uzadılma olmayıbdır. Vəssalam. Nəticədə həmin büdcə zəhmətkeşləri 7 aydır bir qəpik də maaş almır. Onlara “sizə pul yoxdur” deyən də yoxdur. Krizisi belə yola vermək əla üsuldur. Sənə demirlər ki, maaş olmayacaq. Deyirlər, qərarı uzatmayıblar.
Əlbəttə, əsas odur bayraq dirəyi uzansın, Qarabağ danışıqları uzansın, nə bilim, kimin nəyə gücü çatsa onu uzatsın. Maaşlar uzanmasa da olar. 24 il köçkünlük də bir az uzun alınır. Artıq o əraziləri yaddan çıxardıb buralarda büdcə təşkilatı tapıb məməsindən sallanmağın – işləməyin vaxtıdır. Özü də eləsini tapmaq lazımdır heç vaxt, xüsusən yayın istisində maaşını dondurmaq hökumətin ağlına gəlməsin. Belə idarələr vardır. Düşünsəniz özünüz taparsınız. Mən yazsam maraqlı olmaz.
Büdcə qaçqınlarının maaşsız qalması əhvalatı mənə bir az Molla Nəsrəddinin qazan lətifəsini xatırlatdı. Molla qonşudan qazan alıb işlədib, qaytaranda içinə balaca qazança qoyubmuş. Qonşu soruşanda bu nədir, deyibmiş qazanın doğdu. Az sonra Molla yenə qazanı alır, bu dəfə qaytarmır. Qonşu gəlir deyir qazanı qaytar, Molla deyir, üzürlü say, qazan öldü. Qonşu deyir, adə, yekə kişisən, məni dolama, heç qazan da ölərmi. Molla deyir ayıb olsun sənə, bəs qazan doğanda necə inanmışdın? Doğa bilər, ölə bilməz?
Ümumən respublikamız təzadlarla zəngindir. Birini pulsuz qoyurlar, o birinin başından pul tökürlər. Təzəlikcə rayonlardan birində adam oğluna dörd gün, dörd gecə toy çaldırdı. Elə həmin günlərdə o rayonun tam qonşuluğunda bir gəlini vəhşicəsinə döyüb küçəyə atmışdılar. Bəy, qayınata, ata – hər kəs bədbəxti vururmuş. Halbuki maraqlansan ölkədə multikulturizmdən tutmuş ailə dəyərlərinə, din-imandan mənəviyyata, nə bilim, humanizmdən heyvan hüquqlarına qədər hər şeyin cürbəcür idarəsi, müşaviri, nazirliyi, komitəsi, komissiyası və sairə zadları vardır. Di gəl, yenə axırda adamı lomla döyüb eşşəyin belinə tərsinə mindirirlər.
Ola bilsin bu işlərin tənzimlənməsi də keçən ilin dekabrından dondurulubdur.