Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın birinci instansiya məhkəməsinin hökmündən verilən şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən həmin şəxslərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay və Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə zalında həbs olunub. Sona Kərimova barəsində isə 2700 manatlıq cərimə cəzası kəsilib.
Xatırladaq ki, mətbuatda Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb. Bir müddət əvvəl isə o, müğənniyə qarşı 300 min manatlıq məhkəmə iddiası qaldırıb.