Soçi görüşü: Bakı və Moskvanın strateji tərəfdaşlığında yeni mərhələ

İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin Soçidə görüşdü. Görüş əvvəlcədən planlaşdırılmamışdı, bu baxımdan, ictimaiyyət üçün gözlənilməz hesab oluna bilər. Lakin hər iki liderin bu görüşü ikitərəfli münasibətlərin inkişafı fonunda diqqət çəkir.
Publika.az xəbər verir ki, görüşdə müzakirə edilən məsələlər də Azərbaycan-Rusiya münasibətlərinin inkişaf istiqaməti üzrə davam etdiyini deməyə əsas verir.
Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, habelə regional və beynəlxalq məsələləri geniş müzakirə edilib. Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha təsdiqlənib, ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulanıbdır. Dövlət başçıları strateji tərəfdaşlığın daha da dərinləşdirlməsi istiqamətində görülməsi zəruri olan işlər, yeni yolların müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar.
Xüsusi diqqət çəkən məqamlardan biri Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafının erməni lobbisni, onun təsisi altıda ola bəzi qüvvələri, Rusiyada dövlət orqanlarına soxulmuş və anti-Azərbaycan fəaliyyəti göstərən şəxsləri və beynəlxalq dairələri narahat etdiyi məsələsinə toxunulmasıdır.
Ancaq münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir. İndiyə qədər ikitərəfli münasibətlərə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmayıb və qarşıdan gələn dövrdə hə heç bir nəticə verməyəcək.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılması çox geniş müzakirə olunub, mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyi xüsusi vurğulanıbdır. Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıblar.
Göründüyü kimi, Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edib. Bu münasibətlərin Azərbaycanın milli maraqlarına, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirsiz ötüşməyəcəyi də şübhəsizdir.