Prezidentdən məmurlara xəbərdarlıq:

“Bu parkın da xüsusi tarixçəsi var. Bu ərazidə heç vaxt park olmamışdır. Bu ərazidə bir çox hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulurdu. Əfsuslar olsun ki, bu işləri görən insanlar buradakı ağacları da kəsmişdilər. Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir, ağacları kəsmək olmaz”.

BAKU.WS-in məlumatına görə, prezident İlham Əliyev bu sözləri Yasamal rayonunun Mətbuat prospektində yeni salınan parkda yaradılan şəraitlə tanış olarkən deyib:

“Ancaq bir şərtlə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy versin və əgər hansısa dövlət əhəmiyyətli bir layihə üçün ağaclar götürülməlidirsə, onların yeri dəyişdirilməli və yeni ağaclar əkilməlidir. Ona görə mən bu məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim, şəhər icra hakimiyyətinin başçısını buraya göndərdim və nəticədə belə gözəl bir ictimai yer yaradılıb. Yeni park bu binalarda yaşayan vətəndaşlar üçün istirahət yeridir. Əlbəttə ki, burada hündürmərtəbəli böyük binalar tikilsəydi, bu, ətrafda yaşayan insanlar üçün də problem yaradardı. Ona görə şəhərimizin bu ərazisində yeni park salınıb və hesab edirəm ki, bu, çox əlamətdar hadisədir. Bir daha demək istəyirəm, bu parkın xüsusi tarixçəsi vardır və bütün qurumlara da, şirkətlərə də, iş adamlarına da dərs olacaq ki, ağacı kəsirsənsə cəzan cərimə ilə bitməyəcək”.

Xatırladaq ki, bundan əvvəl parkın yerləşdiyi ərazidə “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin inşası aparılırdı. Lakin tikintini həyata keçirən şirkət qanunları pozaraq ərazidəki 54 ağacı və yaşıllıqları tamamilə məhv etmişdi. Bu məsələyə Prezident İlham Əliyev dərhal və kəskin reaksiya verdi. Dövlətimizin başçısının göstərişi ilə “Ovçular evi” ərazisində inşa olunan həmin binanın tikintisi dayandırıldı, məsələ nəzarətə götürülərək araşdırılmağa başlandı. Əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edərək tikintini həyata keçirən şirkəti 130 min manat məbləğində cərimələdi və fakt üzə cinayət işi açıldı.