XİN Məmmədyarov-Nalbandyan görüşü barədə AÇIQLAMA YAYDI

“Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib”.
Publika.az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək: “Prezidentlərin görüşündən sonra 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb. Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsədrlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”.

H.Hacıyevin sözlərinə görə, Məmmədyarov-Nalbandyan görüşündə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb.