2014-cü ilin sentyabr ayının 4-ü idi. Rusiya prezidenti Vladimir Putin Monqolustana səfər etmişdi. Paytaxt Ulan-Batorun mərkəzi Çingizxan meydanında rəsmi mərasim təşkil olunmuşdu. Putin mərkəzdə dayanmışdı və onun şərəfinə Rusiyanın dövlət himni səslənirdi.
Birdən-birə, heç kəsin gözləmədiyi halda, Putinin gözlərindən yaş süzüldü. O boyda dövlətin başçısı, dünyada və regionda milyonlarla adamın anasını ağladan adam ağlayırdı.
Putinin ağlamasının səbəbi haqda elə həmin gün yazılar yazdıq, təxminimiz beləydi ki, Putin himn səslənərkən bir zamanlar bu dövlətin sərkərdələrinin Macarıstana qədər yürüş edərək yüzlərlə milləti, o cümlədən rusları zəlil-zəbun etmələrini xatırlayıb və indi Çingiz xanın, Batı xanın, Ogeday xanın züryətlərinin onun qarşısında necə mil dayandıqlarını seyr edib, öz dövlətinin qüdrətini, zəif monqol dövlətinin bu gününü görüb və istər-istəməz qəhərlənib.
Yəqin ki, məhz beləydi. Hər halda Putin başqa vaxt öz dövlətinin himnini dinləyərkən kövrəlib ağlamamışdı.
Ondan fərqli olaraq, Koreya yarımadasından Macarıstana qədər uzanan azman imperiyanın yerində, hazırda cəmi iki dövlətlə sərhədi olan, Rusiya və Çinin arasında sıxışıb qalan, xəritədəki yeri qarğa yuvasına bənzyən müasir Monqolustan dövlətinin rəhbəri Çaxiaqiyn Elbeqdorj hər iki dövlətin himnini emosiyasız dinləyirdi, Putinlə yanaşı durmağın qürurunu yaşayır, onun yanında bir az da əzik görünürdü.
Budur, 800 ildən çoxdur ki, monqollar keçmiş əzəmətlərini bərpa etmək, dirçəlmək istəyirlər. Amma heç cür mümkün olmur. Monqolların böyük əksəriyyəti, 25 milyondan çoxu Çinin Daxili Monqolustan adlanan muxtar qurumundan yaşayırlar. Müstəqil Monqolustanın öz əhaisi isə təxminən 3 milyon nəfərdir. Bunun da yarısı monqoldur, yarısı isə qazaxlar, tuvalar, bayadlar, buryatar və onlarca başqalarıdır.
Monqolustan kasıb, aqrar, xammal istehsal edən ölkədir. Ancaq bu ölkə gələcəyə inamla baxır, əski şöhrətini, əzəmətini bərpa etməyin yolunu tapmış kimi görünür.
Bundan ötrü Monqolustan nə totalitar Çinə, nə də avtoritarizm yuvasına dönmüş Rusiyaya meyllənir, o, ABŞ-a baxır, Yaponiyaya, Cənubi Koreyaya bənzəməyə çalışır.
Uzun sözün kəsəsi, müasir monqollar demokratiya yolundadırlar. Ötən əsrin sonlarında sovet sosialist respublikası olaraq Rusiyanın quberniyası, vassalı olmaqdan qurtulmuş Monqolustan elə o vaxtlardan qanuni, azad seçkilər keçirməyə başlayıb. Demokratiya və insan haqları sahəsində bu ölkədə müəyyən problemlər yaşansa da, heç bir lider və partiya Monqolustanda avtoritar idarəçilik üsulları bərqərar edə bilməyib.
Bu günlərdə Monqolustanda prezident seçkiləri keçirilib və müxalifətin lideri , Demokratik Partiyanın namizədi, iş adamı Xaltma Battulqa qalib gəlib.
54 yaşlı iş adamı səslərin 50,7 faizini qazanıb. O, keçmiş idmançıdır, vaxtilə sambo üzrə dünya çempionu olub.
Bir biznesmeninin qalib gəlməsi göstərir ki, artıq Monqolustanda siyasi populizm keçmir, insanlar güzəranlarını düşünürlər və anlayırlar ki, onları bu vəziyyətdən özü uğurlu iş adamı olan Battiulqa çıxara bilər.
Aparıcı dünya dövlətlərinin, nəhəng maliyyə qurumlarının, fondların Monqolustana münasibəti yaxşıdır. Onlar demokratiya yolunda olan bu dövlətin inkişafı, tərəqqisi üçün milyardlarla dollar həcmində investisiya qoymağa hazırdırlar.
Bu isə o deməkdir ki, dünyada demokratiyanın gerilədiyi bir vaxtda öz azad və qanuni seçkiləri ilə dünyanın diqqətini cəlb etmiş, dövlət başına yeni qüvvələri gətirmiş Monqolustan xalqı sabit inkişaf yoluna qədəm qoyacaq. Əgər bu işi yeni iqtidar komandası bacarmasa, ondan bir sonrakı komanda bacaracaq. Demokratiyanın üstünlüyü budur. İdarə edə bilməyən gedir, yerinə başqası gəlir. Onu da yada salaq ki, 6-7 il öncə yanacağın qiyməti 1-2 tuqrik artırılmışdı deyə, yeddi nazir bir gündə istefa vermiş, bu addımın “monqol xalqının mənafeyinə zidd ” olduğunu açıqlamışdılar…
Biz burada Avropanın ucqarında, Asiyanın astanasında oturaraq, o uzaq Asiya ölkəsi haqqında bəzən aşağı-yuxarı sözlər danışırıq, hətta şovinizmə varan ifadələr işlədirik. Halbuki müasir monqollar öz iti beyinləri, dərin zəkaları ilə dünyanın hara getdiyini, inkişafa aparan yolun nədən ibarət olduğunu bizdən daha aydın dərk edirlər.
Gün gələcək, samboçu prezident Battiulqa samboçu prezident Putinlə yanaşı durub himn dinləyəndə əzik görünməyəcək.