Ədliyyə Nazirliyinə və prezidentin mühafizə xidmətinə işə düzəltmək adıyla camaatdan pul yığan adamın məhkəməsi gedirmiş. Heç beləsini də tutarlar? Gör necə istedad yiyəsidir. Əksinə, ona pul verənləri tutmaq lazımdır. Çünki dövlətimizdə peşə və vəzifələrin ancaq rüşvət yoluyla düzəlməsinə inanırmışlar. Respublikamızı dünyada biabır edirmişlər.
Elə bu cür şübhəçilər üzündən günaşırı hansısa siyahıda Nigeriyanın, Burundinin, nə bilim, Fil Dişi Sahilinin yanında gedib dururuq. Lap təzəlikcə bir Amerika qurumu sosial tərəqqi indeksi adlı haqq-hesabı açıqladı, orada bizim analoqsuz tərəqqi etmiş çiçəklənən respublikamız… Somali ilə yanaşı durmuşdu. Bəli, yanılmadınız, Afrikada it yiyəsini tanımayan bir ərazi var, bax, Somali oradır. Hər kəs özünü prezident, nazir elan edir, quldurlar gəmiləri tutub soyurlar, uzun sözün qısası, lap bizdəki AXC-Müsavat cütlüyünün hakimiyyət illəri fason bir vəziyyətdədirlər.
Hərçənd bu indeksi hesablayanların ağlına keçə yamasaq azdır. Bəzi şeylərdə bizi haqsız olaraq pis, bəzi şeylərdə isə gülməli olaraq yaxşı göstəriblər. Örnək üçün, hesabata görə Azərbaycanda “informasiya əldə etmə, qidalanma və əsas tibbi xidmətlər” yüksək səviyyədədir. Yalansa bunu hazırlayanı bizdə müxbir işinə qoysunlar… Rəhmətliyin uşağı, mətbuatı, jurnalistikanı çoxdan dəfn eləmişik, indi məşğul olduğumuz ölünü ağlamaqdan başqa şey deyil. Adi sahə müvəkkilindən xəbər soruşmaq olmur, cəmiyyət isə bambılı telekanalizasiya şoularına baxaraq tam deqradasiyaya uğrayıb. O cümlədən, tibbi xidmət yüksək səviyyədədirsə, qəbristanlıqlar niyə cavan ölənlərlə doludur?
Yaxud yazıblar ki, guya bizdə tolerantlıq və inteqrasiya üzrə göstəricilər çox aşağıdır. Halbuki bizi oğurlayırlar, biz isə onlara tolerantlıq göstəririk, lazım gəlsə inteqrasiya eləmək üçün ölürük, deyirik kaş bizə də oğurlamağa şərait yaradılaydı.
Nəsə, belə boş-boş söhbətlərə çox vaxt ayırdıq, oxuculardan üzr istəyirəm. Yenə bu müddətdə Məmmədyarovun Nalbəndyanla görüşü, Qarabağ danışıqları haqda vacib xəbərləri oxuyardınız. Ya da Eldar müəllimə açılması gözlənilən cinayət işi haqda.
Yəqin bu şok, qandonduran, tükürpədici informasiyadan xəbəriniz var. Axır ki, Azərbaycan məhkəməsi keçmiş MTN şefi Eldar Mahmudov haqda cinayət işi başlanması üçün prokurorluğa təqdimat yazıbdır. Eldar müəllimin nazirliyinin yağmalanmasından, generallarının damlanmasından hardasa 20 ay – 2 ilə yaxın vaxt keçərkən məhkəmənin birdən qeyrətə gəlməsi nəyin əlamətidir? Yuxarıdan tapşırıq bu müddətdə poçtda ilişib qala bilərdimi? Axı rabitədən də xeyli rəisi-zadı qoduqluğa basıblar, nə desən mümkündür.
Ancaq mən düşünürəm ki, 2 il müddət Eldar müəllimin əlindəki, ehtimal olunan kompromatlarla bağlıdır. Hakimiyyət ya bu kompromatları artıq əlinə keçirib zərərsizləşdirib, ya da daha bunların qara qəpiklik önəmi qalmayıbdır. Bizdə adətən belə olur axı. Bəzi oğruların, cinayətlərin reabilitasiyası üçün, Əblüfəz bəyin sözünü ironik təkrar eləsək, “zamana ehtiyac vardır”. Elə adam var ki, əlinin çeçələ barmağını tərpədəndə yüzlərlə adamı öldürüb, evləri dağıdıb, obaları viran qoyub, ancaq biz onu illər ötəndən sonra az qala milli qəhrəman səviyyəsində təpəmizə qaldırmışıq. Adam var torpaqlarımızın işğalında, ruslara və ermənilərə xidmətdə hamıdan artıq can qoyub, ancaq indi yüksək səviyyədə həyasızlıqla başqalarını ittiham edir. Baxırsan, əlin üzündə qalır. Bilmirsən nə deyəsən.
Bu mənada, Eldar müəllimin kompromatları da artıq zamanın ələyindən keçmiş, zibilə çıxmışdır, daha kimsəni qorxutmur. İndi, necə deyərlər, “gəlinin bəzədilməsi” dövrüdür, Eldar müəllimin yığdıqlarını əlindən almaq vaxtıdır.
Ondan sonra ədliyyə və mühafizəyə işə düzəldən adamı buraxmaq da olar. Bunun yığdığı daha ağır gəlməlidir.
Üçüncü hal da mümkündür: Eldar müəllim kasetləri pis saxlayıb, onlar korlanıblar. ANS də neçə vaxtdır ağlaşma qurub, deyirlər arxivimiz pis hava, saxlanma şərtlərində yararsız hala düşür.