Yaxud türmə də publik hüquqi şəxs olmalıdır
Hökumət yaxşı metod tapıb: dövlət büdcəsindən maliyyələşdirməkdə çətinlik çəkdiyi xidmətlərə bir ucdan “publik hüquqi şəxs” adı yapışdırır. Nəticədə həmin idarələr özü-özünü maliyyələşdirməli, ya da buraxmalı olur. Xüsusən səhiyyə, təhsil sektorunda bu tip idarələr, obyektlər yağışdan sonra göbələk (oxu: neft quraqlığından sonra döyənək) kimi artmaqdadır. Maraqlıdır ki, tibbi sığorta haqda qanunu işlətmirlər, ancaq deyirlər guya xəstəxanalar publik hüquqi şəxsə çevriləndə zəhmətkeşin durumu yaxşılaşacaq.
Keçən günlərdə həmin durumu “yaxşılaşan” zəhmətkeşlərdən 10 nəfəri mənə məktub verdilər. Biləcəri qəsəbəsi sakinləri Sücaət Xəlilov, Zakir Mütəllibov, Ağarza Mehdiyev və başqalarının imzaladığı bu məktub səhiyyə nazirinə və birinci vitse-prezidentə ünvanlanıb. Məktubda yazırlar ki, biz 10 nəfər pensiyaçı, yaşlı, şəkər xəstəsiyik, son vaxtlara qədər Biləcəri qəsəbəsindəki dəmiryolçuların poliklinikasında az da olsa dərman, qlükometr, testləri pulsuz alırdıq. Hazırda o poliklinika ləğv edilib, bizi 15 saylı poliklinikaya təhkim ediblər. 15 saylı poliklinika isə bizə qlükometr və test vermir: “İndi şəkəri ölçməyə imkanımız yoxdur. Hər dəfə qanın analizini etdirməyin neçəyə başa gəldiyindən yəqin xəbəriniz var”.
Məktub hərlənib-fırlanıb, axırda gedib çıxıb Bakı Şəhər Baş Səhiyyə İdarəsinə. Oradan idarənin rəisi Elmira Əliyevanın imzasıyla belə cavab gəlib ki, “sizin müraciəti oxuduq, tibbi ləvazimatla təmin olunmağınız YAXIN GƏLƏCƏKDƏ (fərqləndirmə mənimdir – Z.H.) nəzərə alınacaqdır”.
Ağsaqqallar isə deyir bu “yaxın gələcəyi” konkret göstərmək olmazmı, axı bizim yaşımız çoxdur, ömür və xəstəlik gözləmir. Məktubun arxasında “yaxın gələcəyi” guya konkret göstərəcək adamın – Novruzova soyadlı bir nəfərin telefonu da qoyulub. Ancaq ağsaqqallar deyir iki aydır o nömrədən cavab almaq mümkün deyil, kimsə dəstəyi götürüb atır.
Mən də tənbəllik etmədim, Bakı Səhiyyə İdarəsinə zəng vurdum, eyni koordinatı – nömrəni (4412603208 nömrəsidir – oxuculardan xahiş edirəm, siz də imkan olanda əlaqə saxlayın) aldım və “təbii” ki, heç kim cavab vermədi. Bəs indi bu təqaüdçü qocalar nə etsinlər?
İnternetdə baxdım, qlükometrin qiymətləri 25-50 manat arasında dəyişilirdi. Yəni Azərbaycan dövləti o qədər kasıblayıb ki, 10 qocaya 500 manat xərc çəkib qlükometr ala bilmir?..
Ya bunları bəlkə yığaq göndərək İrana, orda müalicə olunsunlar, sağalandan sonra Hizbullaha qoşulub Suriyaya getsinlər, canımız qurtarsın? Başlarını aldadıb hansısa xəstəxanaya çağıraq, əməliyyat masasına uzadıb ayaqlarını və əllərini kəsək, bir də heç poçta gedib şikayət məktubu yaza bilməsinlər? Hər halda, nəsə eləmək lazımdır…
İran demişkən, bu yaxında MTN cinayət işində məzəli detal ortaya çıxıb. Sən demə, çekist-polkovniklərimiz biznesmenlərdən… dustaqları İrana ekstradisiya eləmək adıyla da pul qopardıblar. Bəli, səhv oxumadınız. İrana dustaq satacaqmışlar. Bir neçə nəfər pullu adamı “gəl pul ver, dustaqları İrana dəyişəcəyik, ikiqat pulu gələcək” adıyla yolublar. Ticarət işlərində bizə çatan olmaz. Pomidordan dustağa, ilbizdən tanka, şəxsiyyətdən vətənə qədər hər şeyi sata bilərik.
Bax, elə bu dustaq saxlama işini də publik hüquqi şəxs elan etməyin vaxtı çatmışdır. Dövlət büdcəsinə çox yük düşür. Qoy türmələr, nəzarətçilər, rəislər, işgəncə verənlər… hamısı pullu olsun. Yoxsa harda görünüb adamı dövlət büdcəsi hesabına döyəsən, o da gedə sonra Avropa Məhkəməsinə şikayət yazıb dövləti ikiqat ziyana sala? Hər təpiyin, hər şillənin pulu dustağın özündən alınmalıdır.