Həyatdakı və televiziyadakı prezidentlər

Rusiya və ABŞ prezidentləri nəhayət ki, bir araya gəldilər. Ancaq iki saat yarımlıq qapalı görüşdən sonra da kardinal məsələlərdə tərəflərin anlaşmadan ayrıldığı üzə çıxdı.

Görülə bağlı təəssüratlarını bölüşən V.Putin amerikalı həmkarı haqda deyib ki, həyatdakı Tramp televizordakı Tramp deyil. Əslində doğru müşahidədir. Çünki biznesdən birbaşa böyük siyasətə gələn Ağ Evin indiki rəhbərinin siyasi təcrübəsi azdır, hətta bu sahədə o, naşı hesab edilir. Ona görə də Trampa televizorda ağzına gələni yox, yalnız cilalanmış mətnlər söyləməyə icazə verilir.

Göz-gözə görüşlər, canlı təmas və dialoq isə tamam ayrı şeydir. Bu zaman liderlərin özəl keyfiyyətləri daha qabarıq şəkildə özünü göstərir. Ola bilsin, Kreml başçısı da məlum ifadə ilə Trampın öz ölkəsində komandasının və PR qrupunun təzyiqi altında olduğuna, hərəkət sərbəstliyinin məhdudluğuna işarə edib.

Yeri gəlmişkən, az öncə Moskvada Putindən müsahibə götürən ABŞ-ın NBS telekanalının aparıcısı Kreml rəhbəri haqda bənzər fikir söyləmişdi. Jurnalist demişdi ki, Putin şəxsi söhbət zamanı və kamera qarşısında özünü fərqli aparan birisidir.
Sitat: “Çəkilişdən öncə Putin olduqca səmimi idi. O özünü rahat aparırdı. Lakin kadrlarda o, hamımızın tanıdığı Rusiya prezidenti olur, gərgin vəziyyət alır, güzəştə getmir, özünü iddialı və emosional aparırdı. Əksər hallarda isə hücuma keçirdi. Bu halda o, məhz rusların bəyəndiyi Vladimir Putin idi ki var”.

Beləcə, televiziyada bir, həyatda isə ayrı cür olan iki liderin – Putin və Trampın ilk “üzləşməsi” gözləntilərə rəğmən, qlobal sülh və sabitliyə töhfə baxımından yadda qala bilmədi. Dünyanı gərginlikdə saxlayan, xüsusilə də Yaxın Şərqdə qanlı savaşları körükləyən faktorlardan biri isə məhz ABŞ-Rusiya çəkişməsindən qaynaqlanır.

Məsələ ondadır ki, SSRİ-nin çöküşü və 2000-ci ildə Putinin hakimiyyətə gəlişindən sonra Rusiya özünü yenidən ABŞ-la “kəllə-kəlləyə” qoymaq, Amerikanın yerişini yerimək kursu götürüb. Moskva hələ də Sovetlər Birliyinin süqutunu həzm edə bilmir və vaxtilə SSRİ-nin malik olduğu güc-nüfuza, maraqlar sferasına sahib olmağa, ən önəmlisi, bunun Amerika tərəfindən etirafına nail olmağa can atır. Yəni Moskvanın yeganə dərdi odur ki, Vaşinqton “soyuq müharibə”dən öncəki kimi, onu fövqəlgüc olaraq qəbul eləsin, regional güc kimi yox. Ki, dünyanın bir çox nöqtələrində o, ABŞ-la eyni səviyyədə öz maraqlarını bərqərar və diktə edə bilsin.

Ancaq SSRİ-nin qatarı artıq gedib. “Bir suya iki dəfə girmək” mümkünsüz bir iş. Ötə yandan, ABŞ-ın “yerişini yeriməyə” Rusiyanın nə tənəzzül keçirən iqtisadi-hərbi potensialı, nə də texnoloji və başqa göstəriciləri yetərli deyil. Yalnız bir fakt: ABŞ-ın hərbi büdcəsi Rusiyanın ümumi büdcəsindən çoxdur. Rusiya isə bu ildən etibarən üstəlik, hərbi xərcləri 5% azaltmaq zorunda qalıb. ABŞ dinamik inkişafda olan bir fövqəldövlət, Rusiya isə böhrandan çıxmaq üçün çabalayan regional supergüc…

Müxtəsəri, ABŞ Kremlə bu statusu tanımağa hazırlaşmır. Tramla Putin arasındakı görüşün mühüm yekunlarından biri budur. Bəs görəsən, Azərbaycan üçün bu iki böyük gücün rəqabətdə olması sərfəlidir, yoxsa əksi – əməkdaşlığı?
Suala cavab tapmaq üçün əsas problemimiz olan Qarabağ məsələsində iki dövlətin yürütdüyü siyasətə baxmaq lazım gəlir. Hələ ki Qarabağ problemi Ağ Evin prioritet vermədiyi, daha çox Rusiyanın öhdəsinə buraxdığı məsələdir. Rusiya isə açıq-aşkar narahatdır ki, konflikt həll olsa, bölgənin Qərbə, Avropa Birliyinə, NATO-ya yaxınlaşması sürətlənəcək. Gürcüstan timsalında bu proses artıq başlayıb.

O üzdən Kreml tələsmir. Nəticə etibarilə altını biz çəkirik. Hərçənd, geosiyasi rəqabətdə olsalar belə, Rusiya kimi ABŞ-ın da işğalçı Ermənistana simpatiya bəslədiyi sirr deyil. Xristian amili də öz sözünü deyir. Gör, indi iki supergüc tərəfdaş və ya müttəfiq olsaydı, Ermənistana hansı münasibət sərgilənərdi.

Odur ki, ABŞ-Rusiya rəqabəti müəyyən mənada Qarabağ məsələsində bizə hələlik əl verir – ta ki, rəsmi Bakı seçim qarşısında qoyulana kimi. İndilikdə isə Azərbaycan bir-biri ilə döyüşən “iki filin” hər ikisi ilə ehtiyatlı davranmaq, çox incə siyasət yürütmək zorundadır – ki, onların ayaqları altında “ot” olmasın.

***

Maraqlıdır, görən televiziyadakı Putin və televiziyadakı Tramp həyatda Qarabağ məsələsi haqda nə düşünürlər? Tutaq ki, Putin azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək görüşdə nə deyir? Tramp nə deyərdi, görəsən?..