Sərkisyanın Alxanlı cinayəti – 2 yaşlı Zəhranın qatili odur!

Ermənistan danışıqlara tüpürdü və Azərbaycanı savaş meydanına çəkdi
Gecənin yarısı Qarabağdan ağır xəbər gəldi. İşğalçı Ermənistanın Qarabağdakı terrorçu dəstələri növbəti dəfə dinc insanlarımızın qanını töküb. Müdafiə Nazirliyi Füzuli rayonunun Alxanlı kəndinin artilleriya atəşinə tutulması nəticəsində iki mülki vətəndaşımızın həlak olduğunu, dinc sakinlərin yaralandığını, kəndə ciddi ziyan dəydiyini təsdiqləyib.
Sözsüz ki, düşmənin bu alçaqlığına Azərbaycan Silahlı Qüvvələri layiqli şəkildə cavab verəcək. Biz ordumuzun gücünə inanırıq! Aprel döyüşlərində düşməni sarsıdan əsgərimiz bu dəfə də onu qan içində boğmağı bacaracaq, bacı-qardaşlarımızın qisasını alacaq.
Ancaq fikrimcə, bu cavab düşmənin bir-iki atəş nöqtəsinin, hərbi texnikasının məhv edilməsindən ibarət olmamalıdır. Çünki Ermənistan bu davranışı ilə açıq şəkildə danışıqlara tüpürdü, dinc yolla ram olmayacağını nümayiş etdirdi. Alxanlı kəndinin dinc sakinlərini artilleriya atəşinə tutmaqla erməni ordusu Azərbaycanı savaş meydanına dəvət etdi, törətdiklərinin bədəlini artıqlaması ilə ödəməlidir.
Cinayətkar prezident Serj Sərkisyan ordusuna “dinc sakinləri vurun” komandasını verməklə öz mahiyyətini bir daha ortaya qoydu, dəyişmədiyini, islah olmadığını nümayiş etdirdi. Bu, həmin Sərkisyandır ki, araşdırmaçı ekspert Tomas de Valla “biz Xocalıdakı qırğını törədənə qədər azərbaycanlılar elə bilirdilər ki, biz onlarla zarafat edirik” demişdi.

Sərkisyanın Alxanlı cinayəti – 2 yaşlı Zəhranın qatili odur!
4 iyul 2017-ci ildə Alxanlı kəndinə endirilən artilleriya zərbələri də faktiki olaraq soyqırım cəhdidir. Hər halda düşmən çox yaxşı bilir ki, bu kənddə hərbçilər yox, mülki sakinlər yaşayır və açıq şəkildə sivil insanları hədəfə alıblar.
Hadisənin məhz bu tarixdə baş verməsi səbəbsiz deyil. Bu, Lələtəpə əməliyyatı nəticəsində təhlükəsizliyi təmin olunmuş və qısa müddətdə bərpa edilmiş Cocuq Mərcanlıya vətəndaşlarımızın məhz bu gündən başlanan KÖÇ-ə verilən reaksiyadır!
Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam imzaladıqdan çox qısa müddət sonra kənddə 50 mənzil və 100 yerlik məktəb binası tikildi, Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri inşa olundu, azan səsi ucaldı. Cəmi 3 aya bir kənd abadlaşdırıldı. Su, qaz, elektrik, telefon xətləri çəkilib, su anbarı inşa edildi, küçələr işıqlandırıldı. Prezident və Birinci vitse-prezidentin Cocuq Mərcanlıdakı açılış mərasimlərinə qatılması düşməni kifayət qədər narahat etmişdi. Elə həmin məqamda düşmənin təxribat-diversiya hərəkətinə keçməsi də Azərbaycanı bu addımlardan çəkindirməyə hesablanmışdı. Lakin düşmənin burnu ovuldu, bir kəşfiyyatçı ələ keçirildi. İyulun 3-də isə Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın iclası keçirildi. Bəyan olundu ki, bir gün sonra kəndə köç başlanacaq.
Ermənistan və Qarabağdakı separatçı rejim çox çalışsa da, təmas xəttindəki Talış kəndinə erməniləri köçürə bilmir. Ancaq Azərbaycan dövləti qısa müddətdə düşmənin darmadağın etdiyi Cocuq Mərcanlını cənnətməkana çevirməyi bacardı. O da bildirildi ki, kənddə daha 100 ev tikiləcək. Ermənistan bilir ki, Cocuq Mərcanlıya çəkilən abad yol yarıda qalmayacaq, Kəlbəcərə…qədər uzanacaq. Və 4 iyulda Cocuq Mərcanlıya köçün başlandığı gün düşmən hərəkətə keçdi.
Alxanlı kəndinə vurulan xain zərbə Qarabağa Böyük Qayıdışı əngəlləmək niyyəti güdür. İşğalçı bu yolla azərbaycanlı köçkünlərin öz evlərinə qayıtmasına mane olmaq, onları qorxudub geri qaytarmaq, ümumilikdə Şuşaya, Xankəndinə, Kəlbəcərə, Laçına gedən yolumuzu kəsmək istəyir. Şübhəsiz ki, düşmən bunu özbaşına etmir, havadarlarına arxayındır, cızılmış plana uyğun davranır. Ancaq istənilən halda şərəfsiz düşmənin cəzası verilməlidir.
Bu mərhələdə bütün xalq ayaqda olmalı, düşmənə üsyan püskürməli, siyasi mövqeyindən asılı olmayaraq hər kəs Vətən müharibəsinə hazır olmalı, ortaya vahid mövqe qoymalıdır! Ermənistan bizi Vətən Müharibəsinə başlamağa dəvət edir, bu, həm də Qarabağın xilas edilməsi üçün böyük bir şansdır!
Ekspertlərimizdən biri maraqlı bir açıqlama vermişdi. Demişdi ki, Ermənistan rəhbərliyi çox çətin bir durumda qalıb, güzəştlərə gedəcəyi halda hakimiyyətini itirəcəyindən çəkinir, ona görə də istəyir Azərbaycan hərbi yolla Qarabağı azad etsin və Sərkisyan da xalqı qarşısında “bacara bilmədik, torpaqlar getdi” mövqeyini qoyub özünü sığortalasın. Kim bilir bəlkə də bu arqumentlərdə həqiqət payı var. Nədən ordumuz bu fürsəti dəyərləndirməsin?
Sözsüz ki, böyük savaşa başlamaq sadə məsələ deyil. Lakin Ali Baş Komandanımız da dəfələrlə bəyan edib ki, Ermənistan rəhbərliyi konstruktiv danışıqlarda maraqlı deyil, bu vəziyyəti sonsuzluğa qədər uzatmağa çalışır. Ermənistanın himayəçiləri də Azərbaycandan Dağlıq Qarabağın “müstəqilliyini” tanımağı tələb edirlər. Üstəlik, Azərbaycanın sülhməramlı addımları, Bakı Sülh Platformasını yaratması, çox ciddi mesajlar verməsi də işğala son vermədi, dünya güclərinin düşüncəsində dəyişikliklərə səbəb olmadı. Deməli, SON qərarın verilməsinin alternativ qalmır.
Bir neçə saat əvvəl həmsədrlər Vyanada ATƏT üzvlərini Qarabağ danışıqlarının son durumu ilə bağlı məlumatlandırmışdılar. Ermənistan Alxanlıya mərmi yağdırmaqla həm də onlara cavab verdilər. İndi görək onların Ermənistana cavabı nə olacaq, bu şərəfsizləri durdurcaqlarmı, yoxsa yenə oyun oynayacaqlar?
Qarabağ separatçıları isə iki həftə sonra separatçı rejimə yeni “prezident” seçəcəklər. Belə bir məqamda Azərbaycan müharibəyə cəlb olunur. Təsadüfi deyil. Bu ilin fevralında Qarabağda qondarma “konstitusiya dəyişiklikləri referendumu” keçiriləndə də təmasboyu gərginlik pik həddə qalxdı, ordumuz şəhidlər verdi. Azərbaycana xain zərbələr vurmaqla düşmən bizi güzəştlərə vadar etmək, saxta “seçki”lərini qəbul etdirmək istəyir. Bu, açıq-aşkar güc nümayişidir.
Serj Sərkisyan rejimi həm də erməni vətəndaşlarının ordudan qaçışını dayandırmaq üçün döyüşlərdə qələbələr qazanmaq istəyir. Düşmən ölkədə 10 mindən çox gənc ordudan qaçdığı üçün axtarışdadır! Cinayətkar prezident Qarabağda ölmək istəməyən gəncləri həvəsləndirmək üçün belə alçaqlıqlara əl atır. Deməli, onun cavabı verilməlidir. Alxanlıda dinc insanların qanını tökən cani prezidentlə danışıqlardan imtina ən düzgün yol olardı.

Rəsmi Bakı dərhal hərəkətə keçməli, Ermənistan ordusunun cinayətləri ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etməli. Qurumun fövqəladə toplantısının çağırılmasını, Azərbaycan ərazilərini 25 ildir işğalda saxlayan, 4 qətnaməyə əməl etməyən bu ölkəyə qarşı sanksiyaların qəbul olunması, antiterror əməliyyatların başlaması üçün çağırışlar etməlidir. Əks təqdirdə baş verənlərə görə bütün məsuliyyətin işğalçı ölkənin üzərinə düşəcəyini bəyan edib Qarabağın işğalçılardan azad olunması uğrunda hərbi əməliyyatlara başlamaq lazımdır. Ermənistan rəhbərliyi son cinayəti ilə demək istəyir ki, azərbaycanlılarla ermənilərin birgəyaşayışına məhz o razı və hazır deyil…