Sarkisyanın dəst-xətti - AKTUAL ŞƏRH

Xocalı faciəsi. Bu faciə barədə müxtəlif qiymətləndirmələr, müxtəlif yanaşmalar olub və olacaq. Amma bu faciə barədə söylənən fikirlər arasında ən iyrənci Ermənistanın hazırkı prezidenti Serj Sarkisyana məxsusdur.

Tomas de Vaal “Qara Bağ” kitabında yazır:

“Baş vermiş hadisələrlə bağlı Sarkisyan daha səmimi və sərt danışdı: “Zənnimcə, əsas məsələ tamam başqadır. Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oynaya bilərlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qıra bildik. Bax, bu da baş verdi”.

Sarkisyanın mövqeyi Qarabağ tarixinin ən qəddar qırğınına digər tərəfdən baxmağa məcbur edir. İstisna deyil ki, bu kütləvi qırğın qismən də olsa, əvvəlcədən düşünülmüş qorxutma aktı idi.

Sözsüz ki, bu yanaşma kənar müşahidəçinin heç bir tərəfə simpatiyasını büruzə vermədən ortaya qoyduğu faktdır. Əlbəttə, Tomas de Vaalın bəzi məsələlərdə yanaşmalarını subyektiv hesab etmək olar. Amma təqdim etdiyi Sarkisyanın sitatı bu gün Ermənistana rəhbərlik edən siyasi qüvvənin başında duran birinin Ermənistan-Azərbaycan münaqişəsinə baxışının tam mənzərəsini yaradır.

İyulun 4-dən 5-ə keçən gecə Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması, qadın və uşaqların qətlə yetirilməsi də Xocalı faciəsində ermənilərin atdığı taktiki addımların eynisidir. Bu gün Ermənistana rəhbərlik edən və Ermənistan Silahlı Qüvvələrinin Ali baş komandanı olan Serj Sarkisyanın yuxarıda təqdim olunan fikri bu qanlı olayın da məhz onun əmri ilə həyata keçirildiyini sübut edən ən danılmaz dəlildir.

Dinc əhalini, qadınları, uşaqları qətlə yetirmək əmri verən Sarkisyan bununla nəyə nail olmağa çalışır?

Sözsüz ki, Sarkisyan ilk növbədə iki xalq arasında beynəlxalq təşkilatların münaqişənin həlli üçün əsas şərt hesab etdiyi qarşılıqlı inamın yaranmasına mane olmağa çalışır. Son vaxtlar Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağın erməni əhalisinə yönələn, onların da Azərbaycanın tamhüquqlu vətəndaşı olmaq şansından bəhrələnmək imkanları barədə siyasi bəyanatları sözsüz ki, Sarkisyanı narahat edir. Və sadə ermənilərin Sarkisyanın faşist rejimindən bezərək daha düz addım atacağından ehtiyatlanan Ermənistan rəhbərliyi Azərbaycan hərbçilərinin cavab tədbirlərinin vəziyyəti daha da qızışdıracağına ümid edir.

Amma Sarkisyan unudur ki, Azərbaycan Silahlı Qüvvələri günahsız qadınlar və uşaqlarla müharibə aparmır. Azərbaycan Silahlı Qüvvələri ərazilərimizi işğal altında saxlayan Sarkisyanın faşist rejiminin caza dəstəsinə çevrilmiş Ermənistan Silahlı qüvvələri ilə müharibə aparır.

Dinc əhalini atəşə tutmaq əmri verən Sarkisyanın nail olmaq istədiyi ikinci mühüm məqam isə Azərbaycan vətəndaşının gözünü qorxutmaqdır. Amma bu məsələdə də yanlış hesablamalar var. Axı Azərbaycan 1992-ci ildəki Azərbaycan deyil. Bundan başqa, indi Azərbaycan vətəndaşının güvəndiyi Silahlı Qüvvələr var.

Sonda belə bir iyrənc əməliyyatın baş vermə tarixinə diqqət yetirmək lazımdır. İki gün əvvəl Azərbaycan KİV-ləri Cəbrayıl rayonunun yenidən bərpa edilmiş Cocuq Mərcanlı kəndinə qayıdışın başlanacağı barədə xəbər yaydı. Sözsüz ki, bu qayıdış Azərbaycanda ümid yaratdığı halda, Ermənistanda ümidsizlik yaradır. Sarkisyan belə bir iyrənc əmr verməklə başlamış prosesə mane olmaq istəyir. Amma əbəsdir. Bu prosesin qarşısını almaq mümkün olmayacaq.

Lent.az