“Türkiyəyə daha bir çevriliş təhlükəsi var”. Almaniyanın nüfuzlu “Der Spiegel” nəşri bugünlərdə belə bir proqnoz-xəbərdarlıqla çıxış edib. Müəllif uzun təhlillərdən sonra bu qənaətə gəlib ki, ölkədə çevriliş üçün münasib zəmin hələ də qalmaqdadır.
Bunun həqiqətən belə olub-olmadığını dəqiq demək çətindir. Hərgah Türkiyədə ilk baxışda istənilən fors-major ssenarisi üçün həssas bir durum mövcuddur. Lakin bu durum daha çox xarici amillərlə, qardaş məmləkətin güclənməsini istəməyən xarici çevrələrlə bağlıdır, nəinki daxili faktorlarla.
Lap dəqiqi, Türkiyəyə dövlət çevrilişi təhdidi nə şimaldan, Rusiyadan qaynaqlanır, nə də onun şərqindən. Təhlükə elə “Der Spiegel”in xəbərdarlıq elədiyi məkandan – Avropadan, Qərbdən gəlir əfsuslar olsun ki.
Türkiyə toplumu isə ümumiyyətlə, çevrilişlərə, siyasi təlatümlərə, rəngli inqilablara meylli deyil. O, iradəsini daha çox sivil yolla – seçkilərdə deməyi tərcih edir. Son olaraq da ötən apreldəki referendumda öz sözünü deyib.
Təəssüf ki, buna rəğmən, müəyyən məkrli çevrələr hələ də qardaş məmləkəti daxildən silkələmək planlarından əl çəkməyib. Və nə yazıq ki, o dairələrin sırasında Türkiyənin NATO üzrə müttəfiqi sayılan ABŞ-ın adı da tez-tez çəkilir.
Yeri gəlmişkən, ötən ilin iyul hərbi çevriliş cəhdinin İncirlik hərbi bazasından yönləndirildiyi və arxasında Amerikanın, Qərbin durduğu barədə iddialar bu 1 ildə əhəmiyyətli ölçüdə maddiləşib. Həm rəsmi Vaşinqtonun, həm də Avropa paytaxtlarının 16 iyul çevriliş cəhdi zamanı və ondan sonra özlərini müəmmalı aparması, Ankara ilə faktiki, həmrəylikdən yayınması, hətta insan haqları bəhanəsi ilə xəfif şəkildə qiyamçılara dəstək ifadə eləməsi özlüyündə az şey demirdi. Bu yanaşma indiyədək də ciddi dəyişikliyə uğramayıb.
Deyilə bilər ki, hədəf Türkiyə yox, Ərdoğan iqtidarıdır. Əvvəla, bir ölkənin legitim, qanuni hakimiyyətini hədəf almaq elə o ölkəni, onun xalqını hədəf almaq, onun seçiminə və ali iradəsinə həqarət eləmək deməkdir.
İkincisi, hədəf doğrudan da Türkiyə deyilsə, o zaman niyə xüsusən də son 1 ildə Suriya və İraqla sərhəd boyu qardaş ölkəyə böyük problemlər yaradılır, terrorçu PKK və onun uzantıları olan YPG, PYD Türkiyə əleyhinə silahlandırılır?
“ABŞ bu təşkilatlara dünyanın ən müasir silahlarını verir. Hədəf – Türk millətini diz çökdürməkdir”. Bunu isə biz demirik. Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş söyləyir. O zaman sual çıxır: əcəba, müttəfiqlik beləmi olur? Müttəfiq də öz müttəfiqinin ayağının altını qazırmı ya?
Təbii ki, yox. O ki qaldı Türk millətini çökdürmək planlarına, bu, xülyadır. Avropanın mühüm bir hissəsi də daxil, tarixə 600 illik nəhəng imperiya bəxş eləmiş bir xalqı diz çökdürmək kiməsə kolay gəlməsin. Bu kimi xain planlar olsa-olsa, Türk millətini xarici təhlükələrə qarşı daha monolit və güclü edə bilər və edəcək də.
Əslində qardaş ölkənin bunca hədəf olması həm də regionda onun vazkeçilməz güc olduğunun, yəni üstünlüyünün növbəti təsdiqidir. Hər şər işdə bir xeyir məsələsi yəni.
İstənilən halda, deyəsən, antitürk çevrələri yaxın və uzaq tarixdən yaxşı dərs götürməyiblər. Götürsəydilər, bilərdilər ki, Türk milləti xarici düşmənlərə və təhdidlərə qarşı daha çevik toparlanma immunitetinə malikdir. Belə bir toplumu qəzəbləndirib onunla üz-üzə gəlməyi kimsəyə arzu eləməzdik.
Fəqət, belə görünür, Türkiyə hələ bir müddət də hədəfdə saxlanacaq. Çünki iqtidarında hansı qüvvənin olmasından asılı olmayaraq, qardaş ölkə daha heç vaxt kiminsə sözəbaxanı rolunda olmayacaq. Bunu bəlli dairələr nə qədər tez ciddiyə alsalar, bir o qədər ən əvvəl özləri üçün məqbul olar…
***
Türkiyə hədəfdirsə, sözsüz ki, Azərbaycan da hədəfdir. Qardaş ölkəyə qarşı bu kimi çirkin planlarla bağlı isə az öncə prezident R.T.Ərdoğan lazımi ünvanlara mesaj çatdırmışdı. Türkiyə lideri xəbərdarlıq edərək demişdi ki, “Belə planlardan əl götürün, əks halda, Türk xalqı nə edəcəyini bilir”.
Tanrı Türkü qorusun!