Dünya mediasının başı üzərindən iti bir Damokl qılıncı asılıb. İndi düşər, bu saat düşər. Bu qılıncın yeni adı Trampdır. Adam dünya hegemonu olan dövlətin başçısıdır, əlinin üstündə əl yoxdur və mediaya qarşı aqressivdir.
O, hakimiyyətə gəldiyi ilk gündən, hətta ilk saatdan azad media ilə qırğındadır. Elə bir toplantı olmur ki, ona biət etməyən, onu tənqid edən media qurumlarını söyüb yamanlamasın, onlara qarşı nifrət püskürməsin.
Əvvəlcə o, CNN kimi telekanalların reportyorunu təhqir edir, onlara şəxsinə sual vermək imkanı yaratmır, brifinqdən qovmağa çalışırdı. Daha sonra bu cür media qurumlarına təhqiramiz adlar qoymağa başladı, indi də video hazırladıb, yayıb və həmin videoda özünün CNN-ni necə əzişdirdiyi görünür.
Bu, ABŞ tarixində bir ilkdir. Ona qədər heç bir prezident azad media ilə bu cür savaşa girməyib, girə bilməyib. Yalnız prezident Riçard Nikson mediaya münasibətində indiki ilə müqayisədə xırda-para qüsurlara yol vermişdi, ancaq o da bunun bədəlini istefası ilə ödədi.
Tramp isə sırf Şərq diktatorları kimi tənqidçi jurnalistikanın yox olmasını istədiyini gizlətmir.
Deyəsən, o, demokratik rejimlərdə medianın dördüncü hakimiyyət olması faktını qəbul etmir, etmək istəmir, ona yalnız rəhbərləri mədh və təbliğ etmək vasitəsi kimi baxır.
Hər halda, Trampın azad mediaya kəskin münasibəti prezident seçkisi kampaniyasında tənqid edilməsi üzündəndir. O zaman o, bir sıra aqressiv açıqlamalarına, mürtəce fikirlərinə görə rəqibləri və neytral media qurumlarının aparıcı yazarları tərəfindən tənqid olunurdu. Tramp isə bu fikirləri hər zaman süngü ilə qarşılayırdı.
Hətta bu günün özündə də ABŞ dövləti tərəfindən maliyyələşdirilən media qurumlarında Trampın siyasətinə dair tənqidi materiallara rast gəlmək mümkündür.
İşin gedişatından görünür ki, Tramp bütün tənqidi səsləri əzişdirmək, boğmaq fikrindədir.
Ən pisi odur ki, ABŞ-daTrampın bu kimi niyyətlərini müsbət qarşılayan, ona tam dəstək verən milyonlarla seçici var. Onlar azad mətbuata sahib olmağın bir dövlət üçün nə demək olduğunu, hansı məna daşıdığını, haqq-ədalətin bərqərar olunmasında medianın rolunun nə dərəcədə olduğunu ya anlamırlar, ya da anlamaq istəmirlər.
Bəs Trampın bu siyasəti dünyada necə inikas olunacaq?
Aydın məsələdir ki, dünyanın 200-dən artıq dövlətinin əksəriyyəti məhz ABŞ-a baxıb, düzlənir, ondan örnək götürür. Üstəlik, pis şeylər yoluxucu olur. Bu baxımdan hesab etmək olar ki, demokratiyaya keçidi yenicə başa çatmış, keçid dövründə olan, demokratiya və mətbuat azadlığı sahəsində problemlər yaşayan ölkələrdə geriyə dönüş başlayacaq.
Onsuz da demokratiya, insan haqları söz və mətbuat azadlığı sahəsində, dünyanın, demək olar ki, bütün ölkələrində problemlər var. Trampın CNN-i,onun simasında median əzişdirməsi isə aqressiv xətt tərəfdarlarının əlini gücləndirəcək, onlara belə bir tutarlı arqument verəcək: “Jurnalistləri Amerikada da tuturlar; Telekanalları, qəzetləri ABŞ-da da bağlayırlar”.
Ümumiyyətlə, hansı ölkədə hakimiyyət, xüsusilə də iş başına yeni keçmiş iqtidar komandası media ilə çəkişirsə, onu nəzarətə almaq, pis halda, boğmaq, məhv etmək istəyirsə, bu, onun pis niyyətlərindən xəbər verir. Bu o, deməkdir ki, həmin komanda elə bir siyasi xətt yeridəcək, elə fəaliyyət göstərəcək ki, bundan ölkə xalqının xəbər tutmasını, özü barədə mənfi rəy yaradılmasını istəmir.
Şəffaf işləyən iqtidar komandalarının mediadan qorxusu yoxdur, onu boğmağa çalışmır və medianın tənqidinə dözümlü yanaşır.
Trampın mediaya dözümsüz yanaşması onun şəxsi məziyyətlərindən də irəli gələ bilər. Ancaq ABŞ-da yayılan son xəbərlər də göstərir ki, Ağ Evin yeni administrasiyasının tənqidçi medianın fəaliyyətindən narahat olmağa ciddi əsasları var.
Onu da unutmayaq ki, ABŞ-ın sabiq prezidentlərindən biri belə bir ifadənin müəllifidir: “Əgər mən dövlətin qəzetsiz və ya qəzetin dövlətsiz olması seçimi qarşısında qalsaydım, ikinci variant seçərdim”.
Belə görünür ki, Tramp və onun kimi fikirləşən bütün liderlər birinci variantı daha məqsədəuyğun hesab edirlər.