“Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır,
Elmin əbəs olduğun anlamayır, qanmayır,
Sair uşaq kimi hər sözə aldanmayır,
Eyləyir ömrün hədər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!”
(Sabir, “Hophopnamə”)
***
Bu yaxında bir dostumuzun övladı, özü də qız övladı Türkiyədə universitetlərdən birinin tibb fakültəsinə qəbul olunmuşdu. Çox sevindik, dostumuz yaxşı qonaqlıq da verdi. Qız övladı məsələsini bayaq ona görə xüsusi vurğuladım ki, hələlik çox cəhətcə müsəlman-şərq patriarxal “mədəniyyətindən” qopmamış, üstəlik, son illər bu sahədə movqeyini daha da möhkəmləndirən vətənimizdə qız uşaqlarının təhsili, inkişafı daha önəmlidir. Təhsildən sonra işləməsi ikiqat önəmlidir, yoxsa bu saat ölkə diplomlu evdar qadınlarla doludur. Əhalinin faktiki yarıdan çoxu qadınlardır, onların isə elə yenə hardasa yarısı evdə oturur. Nəticədə ölkənin əmək qabiliyyətli əhalisinin yarısı cəmiyyətə, dövlətə, planetə heç nə vermir. (Uşaq doğmağı saymasaq).
Qonaqlıq zamanı universitetin təhsil haqqını soruşduq, dostumuz dedi orda mahiyyət etibarilə təhsil pulsuzdur, nəsə dövlət büdcəli ali təhsil ocağıdır, ancaq ildə müəyyən qədər “universitetə yardım” tipli ödənişlər olurmuş. Bunun miqdarı isə ildə türk lirəsi ilə filan qədər edirmiş, bizim pula çevirəndə təxminən 800 manata bərabər rəqəm alındı.
Hə, bax elə o məqamda süfrə arxasınakı yoldaşlardan birinin sümük boğazında qaldı, başqası çaşıb pomidoru diri-diri uddu, üçüncü dostumuz yediyini qaytardı və sairə. Az qala təcili yardım çağıracaqdıq, gələcək həkimin “tələbə biletini yumaq” aksiyası xəstəxanada bitəcəkdi. Çünki universitetin tibb fakültəsində illik təhsil haqqının cəmi 800 manat olması bizdən ötrü görünməmiş hadisədir. Təsəvvür edin, mənim 2-ci sinifdə oxuyan, hələ ayaqqabısını bağlaya bilməyən, burnunu isə çox zaman qoluna silən oğlumun illik təhsil haqqı 900 manatdır. Bu, təkcə iki müəllimə ödənilən vəsaitdir. Bir ibtidai sinif müəllimi əlavə repetitor kimi tutmuşuq, ona ayda 50 manat veririk. 9 aya bunu vuranda 450 manat edirmi? Üstünə gəl ingilis dili müəlliminə əlavə məşğələ üçün ödənişi, bu da ayda 50 manatdan 450 manat edir, cəmi 900 manat.
Nə olsun konstitusiyada-zadda təhsilin pulsuz olması yazılıb, kimdir buna baxan? Əlavə müəllim tutmasan uşağın məktəbə gedib-gəlməsi elə gediş-gəlişdən ibarət olacaq. Bir neçə il qabaq başıma gəlib, uşaq dərsdən gəlib cəbrdən sual vermişdi, mən isə bunları çoxdan unutmuşam, o üzdən yardım edə bilmədim, dedim niyə bunu sinifdə müəllimdən soruşmur. Cavabdan şoka düşdüyümü dəqiq xatırlayıram: “Müəllimdən soruşmuşdum, dedi dərsdən sonra pullu əlavə məşğələyə yazıl, suala orda cavab verərəm”.
Ancaq biz dilxor olmayaq, qarada ağ, gecədə işıq axtaraq, hesab edək bizim 2-ci sinifin ibtidai təhsili xarici universitetin ali təhsilindən keyfiyyətlidir. Bəlkə də bu “ikincilər” orada cərrahiyyənin əsaslarını, pediatriyanın dayaqlarını, nə bilim, terapiyanın mayaklarını (qafiyə üçün yazdım, mənası yoxdur) öyrənirlər?
Əslində, zarafat bir yana, ibtidai təhsilimizin proqramında bəzən elə mürəkkəb şeylər olur ki, bunu öyrənən uşağı birbaşa AMEA müxbir üzvlüyünə götürməlisən. Örnək üçün, bir dəfə uşaq dəftər-kitabı gətirib tökdü qarşıma, dedi filan səhifədəki oriqamidən qayırmalıyıq. Mənim siz oxuculardan gizli sirrim yoxdur, indi də nə gizlədim, həmin oriqamini düzəldə bilsəm özümü Yaponiya imperatoru Akihito elan edərdim. O dərəcə çətin zad idi.
Yaxud, bir dəfə də uşağa bölmə tapşırığı verilmişdi, əməliyyat zamanı qalıq qalırdı, proqrama əsasən isə bunlar qalıqlı bölməni hələ keçməmişdi. Deməli uşaq müəllimi və proqramı qabaqlayıb sonrakı dərsləri öyrənməli, təzədən geri qayıdıb misalı həll etməliydi. Bəlkə bunun üçün o, zaman maşını da düzəltməliydi.
Niyə də düzəltməsin? İlinə 900 manat veririk, lazım gəlsə vunderkind olmağa borcludur.