Azərbaycanda paralel həyatların, bir-biri ilə kəsişməyən dünyaların varlığı rəngarənglik yaradır, bizi darıxmağa qoymur. Bir yanda burnunu kəsdirərək gözəlləşən manıslar varsa, o biri yanda əli kəsilib öldürülən taksi sürücüləri var. Məmur övladları İnstaqramda yeni, büzük dodaqları ilə fotolar paylaşarkən sosial şəbəkələrə Qarabağda beyin qapağının yarısını itirən qazinin dəhşətli şəkilləri çıxır.
Yazıçılar, jurnalistlərdən sonra alimlərin də “dövlət bizə ev versin” temasında davası çıxdı. Əlbəttə, ağlamayana məmə yoxdur. Elə ev davalarının, prezidentdən mənzil xahişlərinin əsasında dövlətimizin iqtisadi, analoqu olmayan inkişafı dayanır. Məsələn, siz heç görmüsünüzmü, oxumusunuzmu hansısa sivil dünya ölkəsində camaat dövlət rəhbərindən ev umsun? Təsəvvür edin, Amerikada “Nyu York Tayms”ın müxbirləri Manhetten adalarının birində jurnalistlər üçün ucaldılan binaya görə Donald Tramp-a minnətdarlıq məktubu yazırlar… Yaxud, orda bir sürü Nobel ödüllü alim yaşayır, onlar deyir ki, bizə dövlət ev tiksin. Mən belə söhbətlər oxumamışam. Baxmayaraq ki, hətta onların buna haqqı daha çoxdur – prezident seçdikləri adam məhz ev makleri olmuşdur! Müğənni Madonna isə xalq artisti, elit-star, nə bilim primadonna (bəh-bəh, gör necə qəşəng səslənərdi: primadonna Madonna xanım; elə bil dominoda qoşa altı çıxır) adı almaq əvəzinə Donald Trampı meydanda mitinqdə təhqir eləmişdi. Bundan sonra Madonnanı SNN efirlərinə buraxmırlar, toy yiyələri boykot edib, hazırda küçədə kardon yeşikdə yatır.
Uzun sözün qısası, alimlərin ev davası ilə eyni vaxtda Amerikada, Floridanın ən bahalı yerlərindən birində milyonlarla dollara özünə bir neçə mənzil almış azərbaycanlının adı ortaya çıxmışdır. Bu adam özəl bizneslə məşğul olsa nə vecimizə? İstəyər lap biznesmen Fərhad Əhmədov kimi keçmiş arvadına 500 milyon dollar xərcləyər. Ancaq burada incə nüans var ki, hörmətli müəllim dövlət neft sektoruna aid bir şirkətin şefidir. Özü də elə bir şirkət ki, onun fəhlələri az qala hər kvartalda iş şəratinin dözülməzliyi, maaşların azlığı, təhqiramiz münasibət və sairəyə görə tətil, mitinq, etiraz aksiyası keçirdirlər. Sən AMEA işçiləri üçün tikilən binada 8-9 kvadratmetrin davasını eləyərkən neft sektoruna aid başqa vətəndaşımız Mayamidə 8,9 milyon dollarlıq evlər alır. Şair sırf bu cür məqamlar üçün deyibdir: “Azərbaycan deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər!”. Bəli. Sən yanmasan, mən yanmasam söhbəti də var, ancaq onu hamı bilir – oxunmaqdan cırığı çıxmış söhbətdir.
AMEA rəhbərliyi alimləri işdən çıxartmaqla ev növbəsindən silməyə, alimlər isə rəhbərliyi ev alverində qınayır. Ara yerdə milli elmimizə zərbə dəyir. Misal üçün, qabaqlar Şamaxıdakı rəsədxana hər il Ramazan bayramında Ayın görünməsini yüksək dəqiqliklə xəbər verirdi, bu il isə səsləri çıxmadı. Nəticədə NASA-nın Aya endirdiyi “Apollon-2017” kosmik qurğusu bu dəqiqə obyektin görünməyən tərəfində ilişib qalıbdır. Hələ başqa hansı kosmik-qalaktik-travmatik nəticələr olacaq – Allah bilir.
Bu aralar açıq havada çox gəzməyin. Adamın başına meteor qırığından tutmuş komet quyruğuna qədər hər şey düşə bilər. Təhlükəli zəmanədir. Elə şair də məhz bu məqamda sazı bağrına basıb deyibdir: “Zəmanə ay zəmanə, Oxun qoyub kəmanə, Eşşəklər arpa yeyir Mayamidə, At həsrətdir samanə”.
Bir dənə də xalq təbabətindən məsləhət yazım, bəlkə, uzaq olsun, kiminsə işinə yaradı. Sarımsağı kabab kimi bişirib, sonra döyüb, əzib kərə yağı ilə qarışdırmaq və yemək babasili olan xəstələr üçün faydalıdır.