Загрузка...

Yazıçıları çöldə qoyan adamın əhvalatı

Yazıçılar Birliyinin üzvləri sədr Anar müəllimə müraciət ediblər. Deyirlər birliyin ev və torpaq məsələləri üzrə sədr müavinini işdən çıxarın. Müraciətdə bu qəribə adamın adı çəkilmir, eləcə “mənzil tikintisinə məsul olan və illərdir heç bir iş görməyən komissiyanın sədri” adlandırılır. Bəlkə də o adam gözəgörünməzliyin sirrini çözübdür, Herbert Uellsin əsərindəki iksiri tapıbdır, o səbəbdən başda hörmətli Seyran Səxavət olmaqla, müraciəti imzalayan qızıl qələm və qızıl teşt sahiblərimiz bu tipin adını bilmirlər. Ancaq Uells, mən biləni, AYB üzvü deyildir.
Bəs AYB üzvləri niyə sədr müavini, detektiv Çingiz Abdullayevin xidmətlərindən yararlanmır? Sirri-xudadır. Ağlıma belə versiya gəlir ki, yəqin o mənzil tikintisi komissiyasının sədrinin adını ancaq Anar müəllim bilir. Necə deyərlər, yalnız ona əyandır. Başqa hansı şairciyəz və yazıçıbala bu adamın adını çəksə, anında daşa dönəcəkdir. İndi söz əlaqədar təşkilatlarındır (Bu cümlə hardan gəldi bura girdi? Heç dəxli yox idi. Oxuculardan üzr istəyirəm. AYB-dən yazanda mətnin başında həmişə belənçik mistik-qaramat əhvalatlar cərəyan edir).

Həmin adam kimdirsə, ancaq Anar müəllimdən qorxurmuş. Anar müəllim istəsə onu beşmərtəbəli evin altıncı mərtəbəsində “tələsmə Zaur” edə bilərmiş. Ancaq humanizmi yol vermir. Elə bu tipin uzun illərdir vəzifədə qalıb əlini ağdan-qaraya vurmaması, bir sətir roman, yarım misra şeir yazmaması bu humanizmin təsiridir. Qılınc müsəlmandır ey, gərək başını kəsəsən, ondan sonra işləyə…

Müraciətdən belə məlum olur ki, uzun illərdir jurnalistlərə, aktrisalara, cüdoistlərə, hətta Sabunçu vağzalında hambal işləyənlərə də dövlət tərəfindən yüksək qayğı göstərilir, bu peşə sahiblərinin hamısına prezidentin fondundan alınan vəsaitlə ev tikilir. Yalnız AYB üzvləri həmin komissiya sədrinin bivecliyi üzündən qıraqda qalıblar, ev əldə etmirlər. Deyir bu məqsədlə torpaq sahəsi də ayrılıb, ancaq erməni işğalçıları oranı zəbt ediblər. Zarafat edirəm, yazıblar ki, uzun illərdir o torpaq boş qalıbdır. Boş qalmış torpağı isə əkməyə dəyməz. Əksən də qorumağa dəyməz. Nəsə qarışdırdım, burasını Anar müəllim dəqiq bilər – olmayan yerdə Dədə Qorqudun ağzına kinoda bu sözləri o salıbdır.

Açığı, müraciətin bu ev tikintisi hissəsi mənə bir az qəribə gəldi, çünki AYB üzvlərinə də vaxtaşırı evlər tikilib, hətta yadıma gəlir, 3-4 il qabaq bu binalardan biri üstündə qırğın düşdü, ev ala bilməyən yazıçılarla ev alan yazıçılar arasında qanlı döyüş oldu, bir polk yazıçı canını ədəbiyyata tapşırdı, bir neçə şairə əsir aparıldı, Anar müəllim isə qəlyanını tüstülədib yüksəklikdən döyüş meydanını generalissimus ədasıyla (haqlı olaraq – qalib gəlmiş, qalib gedən adamdır) seyr edib tarixi kəlamını firaz etmişdi: “Kitabın sonunu düşünən oxucu qəhrəman olamaz”.

Sözüm odur ki, yeri gələndə AYB üzvləri başqa peşə sahiblərindən on qat çox mənzil alıblar. Bəziləri, ad çəkmək istəmirəm, hətta oğul-uşaqlarına, makinaçılarına, gəlinlərinin orta məktəb padruqasına qədər dövlətdən mənzil alıb veriblər. Şair Qabilin Şəhidlər Xiyabanında Heydər Əliyevdən elədiyi xahişin videosu isə indiyə qədər “yutub”da durur. Orda Qabil müəllim prezidentə deyirdi: “Ev vermisiniz, çox sağ olun, ancaq remont eləmək lazımdır, buna da yardım edin”. Əlbəttə, Şəhidlər Xiyabanında xalq şairinin rəhbərdən xahişi başqa hansı temada ola bilərdi ki?

Xiyaban demişkən, ağlıma belə versiya gəldi: yəqin son vaxtlar Anar müəllimin mənzil və torpaq işlərinə laqeydləşməsi Qarabağ probleminə görədir. Əhd edib ki, Şuşa alınmasa prezidentdən ev istəməsin.

Bax indi söz həqiqətən əlaqədar təşkilatlarındır, çünki AYB-dən bundan artıq yazmaq alınmır.