Dünyada iqtisadiyyatında, o cümlədən Azərbaycan iqtisadi mühitində elə bir durum yaranıb ki, əllərində vəsaiti olan insanlar yatırım etməkdən çəkinirlər. Çünki əvvəlki illərə nisbətən bazarda vəziyyət daha sürətlə dəyişir. Qısa müddətdə neftin qiymətinin 12 faiz ucuzlaşması, dolların günü-gündən möhkəmlənməsi dünya iqtisadiyyatını çalxalayır. Azərbaycanda isə iqtisadi mühit ümumiyyətlə investisiya qoyuluşu üçün əlverişli deyil. İstər iş adamları, istərsə də əhali vəsaitlərini dollara yatırmağa üstünlük verir.
Bəs görəsən hazırda dünyada və Azərbaycanda ən gəlirli və təhlükəsiz yatırım vasitəsi nədir?
Bu sualı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda ən etibarlı yatırım vasitəsi iri şirkətlərin səhmləridir: “Dünyada son zamanlar ən çox qazandıran yatırım alətlərinə baxdıqda görürük ki, bunlar əsasən səhmlərdir, o cümlədən texnoloji şirkətlərin səhmləridir. Çünki ən çox səhm bazarında yüksəlişlər olub. Qonşu ölkələrdə bu tendensiya müşahidə olunur.
İkinci yerdə əlvan metallar və qara metallardır ki, bunlar da Çində və Hindistanda tikintinin artması və tələbatın çoxalması ilə əlaqədar bahalaşıb. Bu ilin ilk 5 ayında əlvan və qara metallar dünya bazarında ən çox qazandıran alətlərdən birinə çevrildi. Bir çox ölkələrdə aşınmaz əmlakın da ən vacib qazanc alətlərindən birinə çevrildiyini görürük. Məsələn, Avropa ölkələrində bu ilin ilk 5 ayında təqribən iki faizə yaxın artım olub. Daşınmaz əmlak sahiblərinə qazanc gətirib. Türkiyədə isə daşınmaz əmlak sahibləri 7-8 faiz qazanc əldə ediblər. Gürcüstanda 10 faizə yaxın qazanc əldə olunub”.
Ekspertin sözlərinə görə, digər yatırım sahələrindən biri olan enerji daşıyıcıları hazırda o qədər də əlverişli sayılmır: “Bu sahəyə yatırım edən neft şirkətləri təqribən 12 faizə yaxın qazanc itiriblər. Çünki ilin əvvəlindən bu günə neftin qiymətində 12 faizə yaxın ucuzlaşma qeydə alınıb. Ona görə də, son dövrlərdə neft artıq investorlar üçün çox da cəlbedici bir alət deyil”.
İqtisadçı Natiq Cəfərli Azərbaycan investisiya sektorunun ciddi problemlərinin olduğunu da vurğuladı: “Azərbaycana gəldikdə isə yatırımla bağlı problemlər hələ də həllini tapmayıb. Ölkə iqtisadiyyatında aktivlik o qədər zəifləyib ki, xarici investorların Azərbaycana gəlişi ümumiyyətlə azalıb. Neft və qaz sektorundan başqa sahələrdə xarici investorlar gözə dəymir. Bunun tam əksinə olaraq, ötən ilin sonu bu ilin əvvəlində təqribən 50-yə yaxın xarici şirkətin Azərbaycandakı nümayəndəliyi bağlanıb. Yerli yatırımçılara gəldikdə isə, bank sektoru iflic olduğu üçün biznes kreditləşməsi dayanıb. Ona görə də, yerlik yatırımçılar üçün də maliyyə mənbələri qapalıdır”.
N.Cəfərli yatırım məsələsində vətəndaşların daha məntiqli davrandığını bildirdi: “Vətəndaşlarımız isə daha rasional davranır. Çox zaman belə deyirlər ki, Azərbaycan əhalisinin iqtisadi savadı yüksək səviyyədə deyil. Bu mübahisə edilə bilən bir fikirdir. Lakin artıq vətəndaşlar əllərində olan vəsaitləri valyutaya çevirir. İndi isə rəsmi statistikaya baxanda görürük ki, Gürcüstan və Türkiyə ərazisində daşımaz əmlak alan xarici vətəndaşlar arasında ilk beşliyi Azərbaycan vətəndaşları tutur. Ona görə də əlində sərbəst vəsaiti olan Azərbaycan vətəndaşları təəssüf ki, ölkə daxilində deyil, ölkə xaricində yatırım etməyə çalışırlar. Bu yolla həm öz vəsaitlərini qorumağa, həm də əlavə qazanc əldə etməyə çalışırlar”.
İqtisadçı onu da vurğuladı ki, Azərbaycanda daşınmaz əmlak elə də əlverişli yatırım vasitəsi hesab olunmur: “Son üç ildə Azərbaycanda torpağın və mənzillərin qiymətinin düşdüyünü müşahidə edirik. Hətta bəzi ərazilərdə lüks villalar və mənzillər iki-üç dəfə ucuzlaşıb. Torpağın qiymətində də ucuzlaşma müşahidə olur. Bakıətrafında ən populyar ərazilərdən biri də Novxanı kəndidir. 3 il bundan öncə orada 1 sot torpağın qiyməti 20-25 min dollar idisə , bu il manatla 15-20 min manatdan baha deyil. Dollara çevirdikdə isə 10 min dollar civarında olur. Bu baxımdan dollar ekvivalentində qiymətlər düşür. Manatla hesabladıqda ucuzlaşma o qədər də ə nəzərə çarpmasa da dollara çevirəndə daha çox nəzərə çarpır. Burda bazarın doyumluluq məsələsi də var. Son 10 ildə əhali daşınmaz əmlaka çox yatırım etdi. Bazar artıq doyub. İndi əlində mənzili olan insanlar belə onu satışa çıxartmaqda, realizə etməkdə çətinlik çəkirlər. Çünki alıcılıq qabiliyyəti çox aşağı düşüb. Müstəqillikdən bu yana Azərbaycan daşınmaz əmlak bazarında ən mühüm rolu Rusiyadan gələn vəsaitlər oynayırdı. Hər il qonşu ölkədən gələn yüzminlərlə dollar vəsait bazara yönəlirdi. Bu da bazarda qiymətləri qaldırırdı. Son 3 ildə Rusiyadan gələn vəsaitlərin həcmi də 8 dəfə azalıb. Daxildə də alıcılıq qabiliyyəti kəskin aşağı düşüb. İpoteka kreditləşməsi demək olar ki, dayanıb. Banklar böyük məbləğdə kredit vermirlər. Ona görə də, daxildə də daşınmaz əmlaka maraq azalıb. Təbii ki, tələbat var. Lakin imkanlar tələbatla uzlaşmır. Azərbaycanda dollar ekvivalentində qiymətlərin yenidən ucuzlaşacağı ehtimalını yüksək dəyərləndirirəm”.
Musavat.com