Heç yadımdan çıxmır, hardasa 10-15 il, bəlkə də 20 il qabaq olardı, bir gün Əbülfəz Elçibəyin tərcümeyi-halını oxuyanda orada belə cümlə ilə rastlaşdım: “Tulunilər dövləti haqda elmi araşdırma aparıb və tarix elmləri namizədi adı alıb”. Bu dövlət mənə çox maraqlı gəlmişdi, çünki ilk dəfə belə dövlətin olmasını oxuyurdum. İndiki vaxta baxmayın, indi internet, Google, nə bilim, Vikipediya çağıdır, kefiniz nəyi istəsə bir saniyədə taparsınız, o vaxt isə mən bu Tulunilərin kimliyini öyrənənəcən xeyli əziyyət çəkmişdim, Axundov kitabxanasına qədər gedib axtarmışdım.
Ortaya çıxan məlumat isə açığı, mənə bir az tragikomik gəlmişdi. Sən demə, bu Tulunilər türk əsilli padşahlar olublar, bizim eranın 868-ci ilində hazırkı Misir ərazisində dövlət qurublar. Paytaxt Qahirə, ilk padşah Əhməd ibn Tolun olub. Özlərinə Tolunoğulları dövləti də deyiblər. 905-ci ildə isə Abbasilər bu dövləti yıxıblar. Vəssalam. Yəni, üst-üstə bu dövlət 37 il yaşayıbdır. 5 padşahı olub ümumən.
Mənə simvolik və tragikomik gələn də elə bu dövlətin yaşam müddəti idi. Min il bundan qabaq cəmi 37 il yaşayan sülalə tarix elminin diqqətini niyə çəksin ki? Böyük tarix baxımından az qala göz qırpımı kimi bir şeydir. Əbülfəz bəyin 1960-cı illərdə belə qısa ömürlü dövlətin tarixini araşdırması gələcəkdə öz hakimiyyətinin qısa olmasına nə dərəcədə mistik təsir göstərmişdir? Mistikanı, əlbəttə, zarafat üçün yazıram. Əbülfəz bəyə isə bütün asdığı portretlərə və səkkiz saatlıq görüşlərinə baxmayaraq böyük hörmətim var, özü də bu hörmət zaman keçdikcə daha da artır. Obrazlı desəm, Elçibəy bir dağ idi, biz ondan uzaqlaşdıqca böyüklüyünü daha yaxşı görürük.
Elə isə bəs bu Tulunilər əhvalatını niyə təzədən xatırladım? Bəlkə qarşıdan 24 iyun – Əbülfəz bəyin doğum günü gəlir, onu camaata çatdırmaq istəyirəm? Yox. Sadəcə, 10-cu sinfin tarix dərsliyi ətrafında plagiat qalmaqalına aid bəzi yazıları oxudum, tema tanış gəldi.
Örnək üçün, tarixçilərin biri o birisini ittiham edir ki, nə üçün kitabda Azıxantropdan yazıb, Borçalıdan tapılan insanabənzərdən isə yazmayıb. Çünki həmin adam azıxantropdan hardasa 500 min il qədim imiş. Yaxud, deyir Sacilər dövləti haqda dərslikdə səhv gedib, Makedoniyalı İsgəndərin ölməsindən sonra Atropatena və Albaniyada camaatın ağlaşma qurub qırx gün yas saxlaması isə ümumiyyətlə qeyd edilməyib. (Axırıncını zarafat üçün yazıram, ancaq nəyə inanırsınız ona and içirəm ki, dartışma elə təxminən bu tip söhbətlər üzərində getməkdədir. Buyurun, bir sitat: “11-ci səhifədə Neolit inqilabından bəhs edilmiş, lakin məzmunu açıqlanmayıb. Bu dövr insanlarının nə əkdikləri, hansı heyvanları əhliləşdirdikləri haqqında heç bir məlumat verilməyib”. Sitatın sonu. Gələn köşəyə qədər inandıqlarınızı mənə yazıb göndərin, hamısına bir-bir and içərəm – söz danışmışıq bu cür).
Vallah, çox məəttəl qalmalı temadır. Bu tarixçilərin işi-gücü yoxdurmu? Bizə Sacilər dövləti maraqlıdır, yoxsa indi sacda yuxa bişirməyə un tapmayan kəndlinin ağır güzəranı? Sizi Azıxantropun çənə sümüyünün neandertallara, yoxsa homo sapienslərə aidliyi düşündürür, ya həmin Azıx mağarası bölgəsini 24 ildir işğalda saxlayanlar, yalan vədlərlə oranı geri qaytarmayanlar?
Əlbəttə, elə anlaşılmasın mən qədim tarixin düşməniyəm. Qətiyyən. Qədimi araşdırmağın da tərəfdarıyam. Ancaq öncə bu günün tarixini yazın! Yaxın tariximizi – gözümüzlə gördüyümüzü dərsliklərə düzgün həkk edin. Yoxsa 90-cı illərdə doğulanlara tarix dərsində elə goplar danışırsınız ki, bizim kimi o dövrün canlı şahidlərinin az qala ağzı əyilir. İsfahan uzaqdır, yüz iynə boyu burdadır misalındakı kimi. Biri məclisdə gopa basır ki, İsfahana getmişdim, yüz iynə boyda hündürlükdən ip çəkdilər, üstündən hoppandım. (Bir tikiş iynəsinin orta boyunu 5 santimetrdən götürsək, bu, 5 metrə yaxın hündürlük eləyir – az qala ikiqatlı ev hündürlüyü). Başqası da dözmür, iynə tapıb gətirir, deyir, qardaş, gəl bununla ölçək, elə burda hoppan, ta İsfahana getməyə imkanımız yoxdur.
Ölkə başdan-başa plagiat, oğurluq içindədir, milləti nəfəsi də yalandan almağa öyrəşdirirlər, bu da deyir, Sacilər dövləti elə getdi, neolit inqilabı belə gəldi…