Ölkəmizdə legioner idmançılar problemi var. Onlar tez-tez mediada çıxan xəbərlərin “baş qəhrəmanı” olurlar. Bu xüsusda axırıncı xəbər odur ki, futbol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının iki üzvü köməkləşərək üçüncünü möhkəm döyüblər. Ad-soyadlarından (Ülkü Özdəmir, Hatice Özdemir, Gizəm Tənəkəci) görünür ki, dalaşanların üçü də türkiyəlidir, ancaq milliləşdiriblər.
Bundan əvvəl milliləşdirilmiş bir idmançımız da İraqa gedib İŞİD-ə qoşulmuşdu.
Bu, Çamsulvara Baqomed oğlu Çamsulvarayev idi. 1984-cü ildə Rusiyaya daxil olan Dağıstan Respublikasının Serqoqala rayonunda anadan olmuş və milliyyətcə dargi olan Çamsulvara Çamsulvarayev təxminən 10 il əvvəl milliləşdirilib, yığma komandamıza cəlb edilib, 2007-ci ildə dünya çempionatında bürünc, 2009-cu ildə isə gümüş medal qazanıb. Bundan başqa, o, Avropa çempionatlarında bir qızıl və üç bürünc medala layiq görülüb. Çamsulvarayev Azərbaycanı 2008-ci ildə Pekin şəhərində baş tutan olimpiada da təmsil edib.
O, 2016-cı ilin sentyabr ayında İraqın Mosul şəhərində döyüş zamanı öldürülüb. Ona qədər hamı elə bilirdi ki, artıq idman karyerasını bitirmiş Çamsulvara ata yurduna, Dağıstana qayıdıb, məşqçiliklə məşğuldur. Heç demə, Azərbaycan idmanına verdiyi töhfəyə görə xeyli pul-para qazanan Çamsulvara ya işsiz qaldığı üçün, ya da dini baxışlarına görə cihadçılara qoşulubmuş.
Bu, legioner idmançıların taleyidir, onların qədir-qiyməti idmançı karyeralarının davam etdiyi müddətcədir. Karyerasını başa çatdıran hər 10 legioner idmançıdan 9-u ya doğulduğu ölkəyə qayıdır, ya da üçüncü bir ölkəyə gedir. Nadir hallarda isə onlardan kimsə milliləşdirildiyi ölkədə məşqçilik karyerasına başlaya bilir.
Hazırda ölkəmizdə ən çox legioner idmançılar voleybol, otüstü hokkey və tennisdədir. Boks, güləş, taekvondo, avarçəkmə, xizəksürmə kimi idman növlərində də legionerlərimiz var. Heç demə, qadın futbolunda da varmış.
İndi əsas suallardan biri də budur: bizə legioner idmançılar lazımdırmı?
Bu suala verilən cavab həm mənfi, həm də müsbət səciyyəli olacaq.
Aydın məsələdir ki, hansısa bir idman növünün ölkəmizdə inkişafı legioner idmançılar və məşqçilər olmadan mümkün deyil. Çünki bəzi idman növləri bizim üçün yenidir, ölkəmizdə ənənəvi idman növü sayılmır. Məsələn, cənub ölkəsi olduğumuz üçün bizdə xizəksürmə idmanı tarixən olmayıb. Gənclərimizin bu idmanla kütləvi şəkildə məşğul olması üçün təbii şərait yoxdur.
Deyilə bilər ki, taekvondo və dzü-do da bizim üçün ənənəvi idman növü deyil, amma idmançılarımız tatamidə yaponları, çinliləri dəfələrlə məğlub ediblər, edirlər. Hətta artıq Azərbaycan taekvondoçuları və dzü-doçuları olimpiadalarda bütün ölkələrin idmançılarının əsas rəqibləri sayılırlar.
Elədir. Amma bu idman növünü inkişaf etdirmək üçün bizdə təbii şərait və uyğun potensiala malik gənclər var. Ona görə də ortaya bir şey çıxarmaq olur. Xizəksürmə və avarçəkmə isə başqadır.
Bugünlərdə futbol yığmamız üçün daha bir oyunçu milliləşdirilib. Bu, braziliyalı Almeydadır və bu, milliləşdirməni uğurlu saymaq olar.
Ancaq ukraynalı qızların hesabına var olan voleybolumuzda milli idmançıların nə vaxt yetişib ortaya çıxacağını hələ çox gözləyəcəyik. Azı 15 ildir ki, milli voleybolumuz ukraynalı qızların hesabına mövcuddur. Əgər ilk legioner voleybolçunun meydana çıxdığı illərdə biz milli voleybolçu yetişdirmək işinə girişsəydik, indi komandalarda yüzlərlə 18-20 yaşlı azərbaycanlı qızlar ola bilərdi. Hərçənd bir iş də var ki, ukraynalı, rusiyalı qızlarda olan boy göstəricisi bizim qızlarda yoxdur. Bizimkilərin əksəriyyəti bəstəboydur. Demək, nə qədər istəsək də, biz qadın voleybolunda milli kadrlar qıtlığı çəkəcəyik.
Bu, otüstü hokkeyə və stolüstü tennisə də aiddir. Əgər ölkəmizdə qızlar bu idman növünə maraq göstərmir, müvafiq idman klublarına getmirlərsə, koreyalı qızları gətirib soyadlarını dəyişməklə tennisi və hokkeyi inkişaf etdirmək olmaz.
Ən pisi odur ki, legioner idmançılara ətək-ətək pullar xərclənir. Həmin pulları sərf etməklə bəlkə də uşaqlar üçün idman məktəbləri təşkil etmək daha yaxşı olardı.
Ən yaxşısı isə o olar ki, biz bacarıqlı və uğurlu olduğumuz, ola biləcəyimiz idman növlərini inkişaf etdirək, hər idman növündə təmsil olunmaq kimi məcburiyyətimiz yoxdur.