“Ələmin sol tərəfində duran adamlar xaçpərəstlər idi; bunların üzlərinə qara çəkib sorğu-sualsız cəhənnəmə atırdılar. Usta Ağabala bunlara tamaşa edəndə bir zəbani ağzından alov tökə-tökə buna hücum etdi. Qoçaq usta özünü itirmədi, cəld qəbzi göstərib çığırdı: “Vallah, şeyxiyəm!” – dedi. Zəbani ağzını yumub sükut etdi və sonra işarə ilə ustadan üzr istəyib onunla getməsini rica etdi”.
(Yusif Vəzir Çəmənzəminli, “Cənnətin qəbzi” hekayəsi)
Seyidlik haqda vəsiqə verən Qafqaz Müsəlmanları İdarəsinin Cənub regional qazisi Hacı Mirqiyas Təhməzov gözəl insandır, onu qınayanlar və lağa qoyanlar isə irticaçıdır. Bunu qətiyyən ironiya üçün yazmıram. Son illər gəldiyim qənaət belədir ki, əgər 19-cu əsrdə və 20-ci əsrin əvvəlində “bozbaş mollalarını” lağa qoyan, “qayırma hədisləri” ələ salan maarifçi yazarlarımız, xüsusilə “Molla Nəsrəddin” jurnalı ətrafında toplaşanlar indiki günləri, misal üçün, İŞİD və sairə radikal islamçı terror dəstələrini görsəydilər yəqin satiranın dozasını o dərəcə eləməzdilər. Çünki əl Bağdadiyə, Bin Ladenə, nə bilim lap elə bizim “milli” əl Qafqazilərə (Suriyada terrora qoşulan yerlilərimiz) baxanda Şeyx Nəsrullah və İbrahimxəlil kimyagər peyğəmbər övladı kimi görünür. Bunlar yenə lotuluqla, fırıldaqla pul qazanıb, kef çəkiblər. İndikilər qan axıtmaqdan həzz alan manyaklardır. Və indikiləri din baxımından savadsız adlandırmaq da çətindir! Bax, məsələ də bundadır: sizin mövhumat və xurafat deyərək itələdiyiniz hissəsi elə onun nisbətən yaxşı hissəsidir.
Bu yaxında prezidentin dini işlər müşaviri Kamal Abdulla başqa işə qoyulanda mətbuat yazdı ki, adam şeyxə məğlub oldu. Doğrudan da, bir ara Kamal müəllim başqa bir dəstə guya din islahatçısına qoşularaq yas yerlərində ehsanı pislədilər. Şeyxin biznesinə girmək cəhdiydi, təbii, hörmətli Allahşükür bəy bunların hamısını ehsan plovuna qatıb yedi, üstündən 20 qəpiklik dovğa içdi. Düz də elədi! Yas yerində ehsan milləti dindən, xürafatdan uzaq tutmağın bir üsuludur, özü də çox yaxşı üsuldur. İnsanlar çörək yeyir, dərdləşir, söhbət edir, ərəbcə, anlamadıqları və təbiətimizə, coğrafiyamıza zidd, bizi həm də radikal yollara sürükləyən moizələrdən uzaq olurlar. Səninlə eyni əqidədə olmayanları lənətləyən söhbət yaxşıdır, yoxsa “Nəsə yaxşı yemədin, bir az da aşın qarasından çək, ehsanı yesək rəhmətliyin ruhuna da xoş olar” teması? Mən birmənalı olaraq plovu dəstəkləyirəm. Bu dünyada düyü dənəsindən ölənlər ayələrdən ölənlərin yanında çox azdır. Ölümün yox, həyatın tərəfində olaq.
İndi bu seyid vəsiqəsi temasına qayıdaq. Diqqət edin, lənkəranlı axundu belə vəsiqə verməyə görə ələ salanlar bizim qanunvericilikdən xəbərsizdir. Konstitusiyaya görə bizdə guya din dövlətdən ayrıdır. 18-ci maddədə belə yazır. Ancaq bu, heç də dövlətin dindən ayrı olması anlamını vermir! Söz oyunu eləmirəm. Örnək üçün, Qafqaz Müsəlmanları İdarəsinə dövlət tərəfindən status verilib ki, dini icmaları təsdiq eləsinlər. Niyə? Bəyəm şeyx yepiskopdur, bizim prezident administrasiyası isə Vatikan? Yox, əlbəttə. Nə islamda belə mərkəzçilik var, nə bizim dövlətin ana qanununda – yuxarıda yazdım. Ancaq faktiki durum belədir. Sadə izah eləsəm, əgər dövlət kimin “istinni müsülmanin” olmasını təsdiqləmək hüququnu qanunla QMİ-yə, Allahşükür bəyə veribsə, onun yerlərdəki nümayəndələrinin seyidliyi təsdiq eləməsi niyə camaata çöçün gəlir? Din elə hamısı belə söhbətlərdən ibarətdir, istər kimisə seyid adlandır, istər şeytana daş at, ya da cənnətdə səni gözləyən huri və qılmanlara inan. (Tarixən belə olub – söhbəti yaxşı tutanlar hətta peyğəmbər olublar). Necə deyərlər, İsfahan uzaqdır, ancaq qırx iynə boyu burdadır. İnsanları nəyə inandığına, cibinə hansı vəsiqəni qoyduğuna görə qınamaq düzgün deyil, üstəlik bu vəsiqənin başqalarına istisi-soyuğu yoxdursa.
Hörmətli şeyxin idarəsindən xahiş edərdim mənə də bir vəsiqə versinlər – Seyidəhmədli kəndində doğulmuşam. Nəzirləri sutkada 24 saat qəbul edirəm, şikayəti olanlar əlaqə saxlasın. Bu yazını qaynadıb suyunu içənlərin isə oğlu olur.
P.S. Bu arada Ukrayna vətəndaşları Avropa Birliyinə vizasız gediş hüququ əldə elədilər. Mövzumuza dəxli yoxdur, məlumat üçün yazdım.