Əvvəllər seyidlik institutu ilə bağlı yazım, ən azı yazıların içində abzaslarım olub. Hətta “Dehqan Qulaməlinin mistik qüvvəsi” adlı bir hekayəm də var (ötən il Kulis.az saytında dərc olunub). İsrarlı xahişlər osa, onu sabahda-zadda saytda dərc etdirərəm. Təvazökarlıqdan Xorasan qədər uzaq olsa da, deyim ki, maraqlı və yumoristik hekayədir.
Amma düzü, indiyədək seyidliklə bağlı məsələnin bu qədər yoğunlayacağını düşünməzdim.
Onu da qeyd edim ki, mən özüm, ateistlərin qulağından uzaq olsun, seyidlərə inanıram. “İnanıram” deyəndə elə çıxmasın ki, müəllif seyidlərin mistik qüvvə sahibi olmalarına inanır. Xeyr. Mən tanıdığım bəzi seyidlərin yaxşı oğlan olmasına inanıram və hələ yanılmamışam.
Bu xüsusda bir əhvalat danışım, qulaq asın. 2000-ci il idi, xüsusi xətir-hörmətim olan seyid eloğlu (adını çəksəm, çox adam tanıyar) mənə 3\4 ölçüdə bir şəkil gətirdi, dedi ki, ona jurnalist vəsiqəsi düzəldim. Dedim, a seyid, sənin nəyinə lazımdır, əli pulla oynayan iş-güc adamısan. Seyid dedi ki, jurnalist vəsiqəsi ona o səbəbdən lazımdır ki, nişanlısı ilə Dağüstü parkda oturanda, bulvarda dayanıb dənizə baxanda polislər gəlib ilişməsin (o vaxtlar bu, yayğın hadisəydi). Heç demə, eloğlum bir dəfə orda olanda görüb ki, polislər saxladıqları cütlüyün birini buraxdılar, amma bunları çək-çevirə salıblar. Bu da soruşub ki, bu ayrı-seçkiliyin səbəbi nədir, ona deyiblər ki, buraxılanlar jurnalist idilər. Ona görə də seyid eloğlum istəyirdi ki, ona jurnalist vəsiqəsi düzəltdirim.
Onun verdiyi şəkli alıb qoydum cibimə, amma vəsiqə-filan düzəltmədim. Bir dəfə zəng vurub “vəsiqə necə oldu” deyə soruşdu, yola verdim, sonra daha zəng eləmədi. Ondan da bir-iki il sonra evləndi, Dağüstü parkdan ayağı kəsildi və ona qoruyucu vəsiqə lazım olmadı.
İndi desəm inanmazsınız, o seyidin 17 il öncə mənə verdiyi fotoşəkil hələ də portmanatımın içindədir. Onu ordan çıxarmağa əlim gəlmir. Hesab edirəm ki, onun şəkli mənə uğur gətirir. Bu, əlbəttə, ateizm təlimlərinə ziddir. Bilənlər mənim din, ilahiyyat xüsusundakı düşüncələrimi bilir. Amma yəqin ki, o seyidə inanmağımı mənə çox görməzlər. Çünki o şəxs gerçəkdən də həyatda tanıdığım ən sözübütöv, gözütox, mərifətli, dürüst, vicdanlı oğlanlardan biridir. O, heç vaxt tanınmış nəsildən olduğunu, seyidliyini gözə soxmur, həmişə sadə və təvazökardır.
İndi gələk camaata seyid vəsiqəsi verənlərə və alanlara.
Bəlli olduğu kimi, Məhəmməd peyğəmbərin nəslindən olanlara “seyid” (bəzən də “seyyid”) deyirlər. Peyğəmbər (s.ə.s) 1400 il əvvəl yaşayıb. O vaxtdan bəri azı 40-45 nəsil dəyişib. Yəni peyğəmbər bu gün özünü seyid bilənlərin 45-ci babası ola bilər – ən yaxşı halda.
İndi isə bir babanın züryətlərinin statuslarını sıralayaq. Baba-oğul (qız)-nəvə-nəticə-kötücə-yadıca-iticə..
Göründüyü kimi, yeddinci nəsildə artıq “iticə” gəlir. Bu nədən elədir? Bir babanın qanı oğlunda 50 faizdir, nəvəsində – 25, nəticəsində – 12,5, kötücəsində – 6,25, yadıcasında – 3,12, iticəsində – 1,5.
Bundan sonrakılar isə babalarının qanını, elə də genini 0-la, hətta ilk onluqdan sonrakılar 2, 3, 5 sıfırla başlayan faiz göstəriciləri ilə daşımağa məhkumdurlar.
Yəni əgər 7 nəsildən sonra babanın qan-gen göstəriciləri sıfırlanırsa, ondan 45 nəslə nə qalar? Bir misqal qalarmı? Qalmaz.
Bu məsələnin sırf riyazi-bioloji tərəfi. İndi gələk məsələnin ictimai-mənəvi-əxlaqi və ticari tərəfinə.
O gün kimsə zarafatla yazmışdı ki, bizdə seyidlərin sayı Səudiyyə Ərəbistanında olduğundan çoxdur. Adam haqlıydı. Gerçəkdən də elədir.
Ötən əsrin əvvəllərində İrandan minlərlə adam Arazın bu tayına adlayıb və gəlib burada özlərini seyid kimi təqdim ediblər – ticarətdə, işdə vəziyyətləri yaxşı olsun deyə. O üzdəndir ki, Arazboyu rayonlarda seyidlərin xüsusi çəkisi ağırdır, yəni sayları çoxdur. Çünki İrandan gələnlərin çoxu orada məskunlaşıb. Onların züryətləri də sırf dolanışıqlı işdir deyə bu ənənəni davam etdiriblər.
Bir iş də var ki, özlərini seyid adlandıranların çoxu özlərini adlarına uyğun aparmağa çalışırlar – ağır taxtalı olurlar, içmirlər, çəkmirlər, qan barışdırırlar, xeyriyyəçilik edirlər, mərdiməzarlıq etmirlər, bir sözlə, el içində hörmətlərini saxlayırlar.
Amma ara-sıra seyidlərin içində də dələduzlar, karyeristlər, mərdiməzar adamlar çıxır. Onlar da başqa bir sortdur.
Uzun sözün kəsəsi, seyidlik vəsiqəsinə heç bir ehtiyac yoxdur. Bir şey ki, ağır seyidlərdən biri məndən jurnalist vəsiqəsi istəyirdi, demək, həyatda daha güclü vəsiqələr var.