Qarabağ separatçıları Rusiyaya sığınmağa hazırlaşır - yeni təhlükə

Keçən yazımda Qarabağa “türklərə nifrət”inə görə gəldiyini deyən rus yazıçısı Eduard Limonovu cəllad Zori Balayana bənzətmişdim. Ancaq həmin bu partlamamış “limonka”nın növbəti yazı və müsahibələri belə deməyə əsas verir ki, o, özünü həm də Qriboyedov statusunda təqdim etməyə çalışır.

Əslən polyak olan yazıçı-diplomat Aleksandr Qruboyedov 1828-ci ildə Azərbaycanın tarixi ərazilərinin İran və Rusiya arasında bölüşdürülməsini tamamlayan Türkmənçay müqaviləsinin imzalanması prosesində canfəşanlıq etmişdi. Və bir il sonra layiq olduğu cəzanı aldı, Tehranda səfir statusunda olsa da, qətlə yetirildi…

Artıq adı Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına salınan və barəsində cinayət işi qaldırılan “yeni Qriboyedov” da sələfinin çox təhlükəli oyuna girişib. Ancaq birmənalı şəkildə şübhə yoxdur ki, bu, onun özfəaliyyəti deyil, mərkəzdə hazırlanmış yeni ssenarinin baş qəhrəmanı rolunda çıxış edir həmin bu yeni “Ağıldan bəla”…

Diqqət edin, Limonov məsələni dini müstəviyə çəkməklə Ermənistanın işğalçılıq siyasətinə təkcə Rusiyanın deyil, bütün xristian dünyasının dəstəyini qazanmağa çalışır. “Bizə din qardaşları qan qardaşlarından az yox, əksinə, daha çox yaxındır. Orta əsr xristian məbədləri torpağı (özü etiraf etdiyi kimi, əbləhcəsinə Qarabağ haqqında belə bir iddia irəli dürür-E.P) diqqət və dəstəyə layiqdir. Əbləh olmaq lazım deyil – biz uzun müddət əbləh olmuşuq…”

Ardıcıllığa baxın: separatçılar Xankəndi şəhəri yaxınlığında, Əsgəran rayonunun Daşuşen kəndində hündürlüyü 50 metr olan, gecələr işıqlandırılan xaç basdırırlar, daha sonra Limonov Qarabağdakı alban kilsələrinin qarşısında fotolar çəkdirib paylaşır, “din qardaşları” barədə çağırış edir… Azərbaycan ordusu may ayında Qarabağdakı düşmənin “OSA” kompleksini məhv edəndən dərhal sonra Rusiya XİN-dən, elə həmin gün həmsədrlərdən etiraz gəlmədimi?

Azərbaycan ərazilərinə 150 il əvvəl köçdüklərini əks etdirən abidəni ermənilər 30 il əvvəl məhv etdilər. Təkcə 1828-ci ilin fevral-may aylarında 948 erməni ailəsi İrəvana köçürülüb, ardınca İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayəti” yaradılıb. Limonov da bunlardan xəbərdardır. Sadəcə ölkəsinin baş diplomatı “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” deyirsə, o da Qarabağın Azərbaycan torpağı olmadığı barədə sərsəm iddia söyləyəcək.

Qudurğanlığa baxın ki, adam erməni hərbçilərin müşayiəti ilə təmas xəttinin Gülüstan kəndi istiqamətindəki posta, buradan “ermənilərin qovulduğunu, azad ediləcəyi günü gözlədiyini” yazır. (Moderator.az) Faktiki olaraq Azərbaycanın digər torpaqlarının işğalına çağırır, beləsinin dili kəsilməlidir!

Limonovun bəzi müşahidələri isə Azərbaycana kəşfiyyat materialları qədər faydalıdır. O, yazır: “Qarabağ ermənilərinin hətta ən kiçik kənd məktəblərində Rusiya Federasiyasının gerbi asılıb, ədəbiyyat kabinələrində Lermontov başda olmaqla rus şair və yazıçılarının portretləri vurulub”.

Qarabağ separatçılarının məqsədi bəllidir. Onlar anlayır ki, yüz il keçsə də, Ermənistan Dağlıq Qarabağdakı separatçı qurumun müstəqilliyini tanımağa cəsarət etməz. Odur ki, Qarabağ separatçıları birbaşa Rusiyaya sığınmağa qərar veriblər. Qarabağda “rus dili günləri” keçirilir, işğal zonasına ən çox turistin Rusiyadan gəldiyi təbliğatı aparılır, rus-erməni hərbi birləşməsinin Qarabağ savaşına cəlb oluna biləcəyi iddiası ortaya atılır. Və Limonov məktəblərdə Rusiya gerblərinin açılmasından bəhs edir.

Təbii ki, ssenari Moskvada yazılıb. Abxaziya, Cənubi Osetiya, Krım, Donbas separatçılarına rus pasportu paylandığı kimi, bir gün Qarabağ ermənilərinə də “Rusiya vətəndaşlığı” verilməsinə zəmin hazırlanır. Bir gün Qarabağ ermənilərinin Moskvaya “biz sizinlə bir yerdə olmaq istəyirik, bizi qucağınıza alın” çağırışı da ola bilər.

Azərbaycanın Qarabağı heç vaxt güzəştə getməyəcəyini ermənilər də anlayır, havadarları da. Odur ki, Şuşada iş qurmaq istəyən Sterliqov layihəsinin daha təhlükəli variantı işə salınıb, Azərbaycanın bu təhlükələrə öz müttəfiqləri ilə hazır olması, paralel olaraq Rusiyanı bu təhlükəli yoldan çəkindirməsi üçün hərəkətə keçməsi lazımdır…

Yeri gəlmişkən, Limonov Qarabağdakı İran TIR-larından da yazıb. Görünən budur ki, İran da Qarabağ uğrunda mübarizə aparır, iki əsr əvvəlki kimi…