“Anam deyirdi ki, sən həmişə yaraşıqlı kişiləri seçirdin”

ARB TV-də Faiq Mirzəyevin təqdimatında yayımlanan “Ömrün fəsilləri” verilişinin budəfəki qonağı əməkdar jurnalist İradə Tuncay olub.

Tanınmış publisist ilk olaraq atası – xalq şairi Məmməd Arazla bağlı xatirələrini bölüşüb:
“Mən doğulanda atam oxuduğuna görə Moskvada olub. Böyüyəndən sonra anama yazdığı məktubları oxudum. Oğlan gözləyirmiş, amma mən doğulmuşam. 5-6 ay sonra anam da mənlə birlikdə getdi Moskvaya. Təxminən 2 il atamın oxuduğu yerdə yaşamışıq. Ədəbiyyat İnstitutu deyirdilər. Atamın tələbəlik venetkasına baxmışam, demək olar ki, sovet dövrünün bütün məşhur yazıçılarını görmüşəm. Bunlar tələbə yataqxanasında qaldığı üçün, ayrı-ayrı yerlərdən gəldiyi üçün ailələri olmayıb. Görünür nisgil, uşağa, qadına görə icazə veriblər orada qalmağa. Anam deyir ki, səni qucaqlarında gəzdirmək üçün orada növbə var idi. Deyir sən də bəzəkli-düzəkli qızları seçirdin, yaraşıqlı kişiləri seçib, qucağına gedirdin. Demək olar ki, Sovet İttifaqının məşhur yazıçılarının hamısının qucağında gəzmişəm. Həmişə zarafatca bunu deyirəm”.

Daha sonra İradə Tuncay uşaqlıq illərindən söz açıb:
“Bizim əvvəl atamın öz qonararı ilə aldığı ev var idi. Sonradan gedib abxdım evə. Xatirimə gəlmirdi ev. Zirzəmi ev idi. Amma o vaxt üçün dağ kəndindən gəlmiş bir oğlan, “Azərbaycan” jurnalında çıxan şeirlərinin qonararı ilə ev alıb, bu böyük şeydir. Sonradan Yasamalda yaşadığımız illəri mən xatırlayıram. 1-ci mərtəbədə idik. Həyətdə beynəlmiləl mühit var idi. Hər millətdən insanlar var idi. Bir yerdə oynayırdıq. Heç o barədə düşünən yox idi ki, kim hansı millətdəndir. Yeni paylanmış “xruşovka” evlərdə fəhlə də var idi, ziyalı da var idi. Görünür evlər paylananda bunlar nəzərə alınıb. İnsanlar öz aralarındakı fərqi hiss eləməsinlər”.

Jurnalist bu peşəni seçməyində atasının adının və özünün köməkliyi olmadığını bildirib:
“İnsan yetimlik hissini atasının, anasının sağlığında da hiss edə bilər. Əgər atanın sənə kömək eləməyə gücü çatmırsa, əksinə sən onun problemlərini üstlənirsənsə bu artıq bir yükdür. Amma mən həmişə öz işlərimi özüm həll eləmişəm. Deyim ki, atam mənə böyük dayaq olub, olmayıb axı. Necə deyim bunu. 5 il qapı-qapı gəzmişəm iş üçün. Adamlar deyirlər ki, ona nə var, filankəsin qızıdır, hər işi rahat olub onun. Elə deyil. Mənim üçün hər şey çətinliklə olub”.

Məktəblə arası olmadığını deyən İradə Tuncay universtet illərinin xoş keçdiyini bildirib:
“Mən məktəbi heç vaxt sevməmişəm. Məktəbi bataqlıq bilirdim. O qədər oxuyan uşaq olmuşam ki, müəllimlər mənə səviyyədə aşağı gəlirdi. Görürdüm ki, onlar mən oxuduqlarımı oxumayıblar. Amma universtet illəri mənim üçün işıqlı illər idi. Universtetdə mən müəllim sözünə hörmət eləməyi öyrəndim, ziyalı mühitin insanı necə formalaşdırdığını gördüm. Hamının ailəsində Məmməd Araz yoxdu. Çox sadə ailələrdən gəlirdilər və orada formalaşırdılar. Universtet illərini həmişə xoş xatirələrlə xatırlayıram.

Əməkdar jurnalist dəfələrlə işdən çıxarıldığını, sonra yenidən qaytarıldığını bildirib:
“1988, 1989- cu illər idi. Respublikada rəhbərlik dəyişirdi. Rəhbərlik dəyişdikcə, televiziyada da rəhbərlik dəyişirdi. Bu istər-istəməz oranın işçilərinə təsir edirdi. Mən işlədiyim dövrdə bütün sədrlər and içmişdilər ki, gələn kimi birinci məni işdən çıxardacaqlar. Dəyişiklik olan kimi yenidən qaytarırdılar, sonra biri gəlirdi, yenidən işdən çıxarırdılar. Çox qərdibədir ki, bu yaxınlarda məni işdən çıxaran adamlardan biri gəldi mənim iş yerimə. Tanımadım əvvəlcə. O an ki, mən onu tanıdım, duruxdum. Fikirləşdim ki, mən bu anı neçə illər gözləmişəm ki, mən sənə deyəcəm sən mənə neyləmisən. Təsəvvür edirsiniz mən heç nə demədim. Gəlmişdi xahişə, xahişini yerinə yetirdim, çıxdı getdi”.