“Tərəzi” ləqəbli agent

Keçmiş MTN generallarının cinayət işində ötən ay bəzi agentlərin adları açıqlanmışdı. Həmin şifrəli adlardan “Terminator”, “Agent Dəniz”, “Hətəm”, “Samir”, “BET”, “YFH”, “Atilla” kimi adlar yadımızda qalıb. Təəccüblüdür, burada məxfi adların seçilməsi zamanı bazar iqtisadiyyatı – sözün əsl mənasında bazar – prinsipləri nəzərə alınmamışdı.

Niyə belə yazıram? Çünki bu generallar dövlətin, millətin təhlükəsizliyini qorumaq əvəzinə cürbəcür cinayətlə məşğul olublar, bunlardan biri isə bazarları ələ keçirtməkdir. Elə srağagün ifadə verən general Hilal müəllim məhkəmədə dedi ki, bazarı necə aldığımız haqda nazir Eldar müəllimə hesabat vermişdik. Yəni, özünüz təsəvvür edin: bir general səhər evdən guya milli təhlükəsizliyi qorumaq adıyla çıxıb əslində isə “8-ci kilometr” bazarını almağa gedir.

Bu mənada, gərək MTN öz agentlərinə “Piştaxta”, “Bazarkom”, “Qəssab”, “Qatıq”, “Murdar ət”, “Göyərtinin 6-sı 1 manat” kimi çeşidli marketinq isimləri qoyardı. Yoxsa “Atilla”… Haranıza yaraşırdı? Elə bil Avropanın yarısını alıb gəliblər. Aldığınız “Vasmoy” bazarıdır ey!..

Yaxud, bazarda alver edənlərin cibini güdən agentə “Terminator” ləqəbi yapışdırıldığını eşitsə Şvartsnegger özünü Zülfüqarlı qardaşlarının əlindən alınan poladəritmə zavodunun (indi içində siçanlar oynayan) sobasında əridib intihar edərdi, axırda Eldar müəllimə “Hasta la vista, beby” deyərdi. “Hətəm” ləqəbi nisbətən yaxşısı idi. Ümid edək bunu bazardan seçiblər.

Özü də maraqlıdır ki, bizim cəmiyyət belə şeyləri normal qarşılayır. Misal üçün, hansısa general milyonlarla dollarlıq xərclər edər, bir nəfər soruşmaz ki, qardaş, bu ceyranı (bazarı, villanı, marketi, şirkəti və sairəni) hardan almısan? Ancaq hakimiyyət müxalifətçini şərləmək üçün “mühafizəçi saxlayır”, “uşağı xaricdə oxuyur”, nə bilim, “sərhədi keçəndə cibində 10 min varmış” teması açar, bundan zırıltı səs-küy qopar. Hamı deyinər, donquldanar, müxalifətçini qınayar. Bu mənada, Hilal müəllimin “Bazarı almaq üçün 70 min manat verdim” cümləsi qəti sual doğurmadı, sonra maşına minib varıb getdi. Əfqan Muxtarlının “cibindən çıxan” 10 min avro isə beynəlxalq səviyyəli qalmaqala əsas yaradar, özü isə türmədə çürüyür.

Sözgəlişi, bu “8-ci kilometr” bazarında həyatımda cəmi 1 dəfə olmuşam, mənə bəs edib. Orda gördüyüm sürrealizm deyim, yoxsa magik realizm, ya absurd teatrı – hələ janrını tapa bilmirəm – başqa heç yerdə qarşıma çıxmayıb. Təsəvvür edin, cəmi 1 saatın içində yolun qırağında alver edən adamı maşın vurdu, polislər bir neçə göyərti satanı ayaqladılar, kiminsə cibinə girdilər, 3-4 nəfər bazarda alver edənlər topdan aldıqları kartofun üstündə dalaşdılar. Və bütün bu hadisələr zamanı cəmi yarım metr aralıda şıdırğı alver gedirdi, heç kimin tükü tərpənmirdi.

Sovet vaxtı Qarabağda Ağdam bazarı haqda belə bəzəmə vardı ki, istəsən ordan atom bombası da tapmaq olar; bax indi “8-ci kilometr” bazarı elə bir məkandır. Əgər bir gün başqa planetdən gələnlərin bazası o bazardakı hansısa çirk-pas içində konteynerdən çıxsa mən qəti heyrət eləmərəm. MTN generallarının bazarı belənçik yüksək səviyyəli olmağa məhkumdur.

Ancaq ümumən götürəndə bizim ölkədə heç bir marketinq fəaliyyətinə, alverə dövlət təminatı, qarantiya yoxdur. Buna adım kimi əminəm, yəni zamin dururam. Bax, rəhmətlik nəqliyyat naziri (idarə ölüb ona görə belə yazıram) Ziya müəllimin “Qarant-Holdinq” adlı zırpı şirkətlər qrupu vardı. İndi hamısı bala-bala əldən gedibdir. “Qarant”ın qarantiyası olmadısa, başqaları nəyə arxayındır? Bir ingilis yumorunda deyilən kimi: “Bərbəzəkli karyeralar adətən zolaqlı paltarla qurtarır”.