Загрузка...

Axsaq dananın bir naxırın reputasiyasını korlaması

Almanı, ingilisi, fransızı o tərəfə qoyaq, özümüzü götürək. Tutaq ki, oturmuşuq kəndimizdə, dinc, asudə yaşayırıq, bir gün kəndimizə uzaq yerdən gəlmələr pənah gətirir, yazığımız gəlir, “el elə sığar” deyə onlara kəndin bir qırağında yer veririk, yaşayırlar.

Üstündən bir müddət keçir, kəndə xəbər yayılır ki, oğurluq olub, araşdırılır, məlum olur ki, oğurluğu gəlmələr edib. Hamı “olan şeydir” deyib üstündən keçir.

Beş gündən sonra məlum olur ki, gəlmələr kəndin cavanlarının qabağını kəsib döyüblər.Yenə camaat deyir ki,bəlkə günah bizimkilərdədir, cavandırlar, dinc durmayıblar yəqin.

On gün keçir, xəbər çıxır ki, gəlmələr çeşməyə su gətirməyə gedən kənd qızlarına sataşıblar. Gənclər hirslənir, ağsaqqallar onların qarşısını alır.

Bir ay keçir, gəlmələrin kənd cavanlarına narkotik maddə satdığı ortaya çıxır. Bu dəfə çox adam hiddətlənir. Amma ortaya hüquq-mühafizə orqanları girir, caniləri tutur, ortalıq sakitləşir.

İki ay keçir, bu dəfə aydın olur ki, gəlmələr kəndin məscidində partlayış törədiblər, ölənlər, yaralananlar var. Bu yerdə artıq kəndin aborigen sakinlərinin hiddəti zirvəyə qalxır.

Kəndin ağsaqqalı-qarasaqqalı bir yerə toplaşıb durumu müzakirə edirlər, deyirlər, buralar belə deyildi, dinc yaşayırdıq, bu gəlmələr gələndən kəndin zayı çıxıb, oğurluq, dava-dalaş, pozğunluq, indi də partlayış. Yekun qərar verilir: “Gəlmələr təhlükəlidir, onlara qarşı mübarizə aparmaq lazımdır”.

Kəndin qoluzorlu cavanları bir araya toplaşır, başlarını keçəl qırxdırırlar, dəstə ilə gəzirlər, girlərinə keçən gəlmələri tutub əzişdirirlər və kənddən rədd olmalarını tələb edirlər.

Onların tutub döydükləri, təqib etdikləri, təzyiq göstərdikləri heç də həmişə təqsirkar gəlmələr olmur, daha çox məsum insanlar olur.
Ancaq dəxli yoxdur, qənaət belədir ki, bütün gəlmələr təhlükəlidir, təqsirkardır.

Axı bir az əvvəl qırxıqbaşlar tərəfindən döyülən gəlmə şəxs şair idi. Dünən də fağır rəssamı döymüşdülər. Fərqi yoxdur, adam gəlmədir, demək, təhlükəlidir və hamısı burdan rədd olub getməlidir.

İş belə olandan sonra artıq faşizmdən, oxumuş adamlar demişkən, ksenofobiyadan danışmaq olar.

Bəs bu faşizmi, ksenofobiyanı kim tətiklədi? Əlbəttə, oğru, narkoman, xuliqan, ekstremist gəlmələr.

Onların toplamı nə qədərdir? Cəmi gəlmələrin 3-5 faizi qədər. Ancaq lətifəsi kimə dəyməlidirsə, dünəndən dəysin, bu bir axsaq dananın bir naxırın reputasiyasını korlaması durumudur.

Budur, xəbər gəlir ki, Londonda müsəlmanlara qarşı hücumlar beşqat artıb. Bir il, hətta bir ay əvvəl belə deyildi, ingilislər müsəlmanlarla dinc-yanaşı yaşayırdılar. Amma 3-5 müsəlman terrorçunun Londonda partlayış törədib insanları öldürməsi kifayət etdi ki, ingilislərin başı çönsün, müsəlmanlara qarşı fikir dəyişsin.

İlyarım öncə bu insanlar bir müsəlmanı özlərinə başçı, mer seçmişdilər, amma indi hamısının rədd olub getməsini istəyirlər.

Ona görə ki, insanlar ictimai nəqliyyatda getdikləri, alış-veriş etdikləri, konsertdə olduqları yerdə öldürülməkdən qorxurlar.

Açığı belədir: dünyada elə bir toplum yoxdur ki, belə şeylərdən qorxmasın.

Qorxu və nifrət faşizm yaradır. İnsanlar terrorçu olan müsəlmanla terrorçu olmayanı sağmal-subay eləyib ayıra bilmirlər. Çünki heç birinin alnında döyüş yazılmayıb. Ancaq ingilislər, eləcə də fransızlar elə bilir ki, müsəlmanların hamısının alnnda ANS deyən tatudan var.
Biz də olsaq, elə edərik. Məsələn, Çindən gələn adamlar ikicə dəfə ard-arda şəhərimizdəki restoranda, heç partlayş demirəm, adicə dava salsalar, adam döysələr, elliklə ayağa qalxıb Bakıdakı bütün çinlillərin ölkədən çıxarılmasını tələb edərik.Ya da “üs manat, bes manat” deyə əlində xırdavat satan çinliləri girəvələyib döyərik.

Əlbəttə, bu da faşizmdir. Amma neynəyəsən, ortada can qorxusu var.

Kasıb və zülmlü ölkələrdən qaçıb gedib Avropanın cənnət ölkələrinə yerləşənlərin bir çoxu sığındıqları cəmiyyətə adaptasiya oluna, onların səviyyəsinə qalxa bilməsələr də, onları öz səviyyələrinə endirə bildilər. Məsələn, artıq London ingilisləri bizim kəndin camaatı kimi düşünür, gəlmələrin hamısının ölkədən rədd olmasını istəyirlər.