Öncə keçən yazıma bir kiçik əlavəm var. Orda Məhərrəm Əliyevin polisdə, müdafiə sahəsində, indi isə ədliyyə sistemində işlədiyini yazarkən diplomatiya sferasında çalışdığını – Tacikistanda səfir işlədiyini unutmuşdum. Hörmətli oxuculardan biri zəng vurub xatırlatdı, buna görə təşəkkür edirəm. Doğrudan da ölkəmizin hərtərəfli kadrlara ehtiyacı vardır.
İndi kəskin dönüş edib gedək üzü Amerikaya doğru. Rejissor Maykl Murun 11 sentyabr hadisələrindən bəhs edən, 2004-cü il Kann kino festivalında baş ödülü qazanmış “Farengeyt 9/11″ filmi dünən yadıma düşmüşdü. Həmin filmdə Mur maraqlı bir sual verir: ”11 sentyabrda təyyarələri ələ keçirən 19 nəfər terrorçunun düz 15 nəfəri Səudiyyə Ərəbistanı vətəndaşı idi. Qalan 4 nəfərin ikisi Birləşmiş Ərəb Əmirliklərindən, biri Misirdən, biri də Livandan olub. Ancaq ABŞ terrorun qisasını almaq üçün Əfqanıstan və İraqa hücuma keçdi. Niyə?” Sonra da cavablar verir, burda təkrar eləmək istəmirəm. Kimə maraqlıdırsa axtarıb, baxsın.
Hazırda Orta Doğu bölgəsi yenidən qaynayır. İranda terror, Qətərin blokadaya alınması… Və ortaya ABŞ-ın çox “maraqlı” mövqeyi çıxır. Tramp Tvitterdə srağagün yazır ki, Qətərin Səudiyyə və müttəfiqləri tərəfindən blokadasının məhz onun bölgəyə səfərindən sonra olması təsadüfi deyil. “Mən elədim” – belə demək istəyir. Deyir, Qətərin blokadası Orta Doğuda terrorun kökünün kəsilməsinin başlanğıcıdır. Guya bütün İŞİD-mişid kimi zir-zibilləri bölgəyə təkcə Qətər “axıdırmış”.
Olsun, bizim sözümüz yoxdur. Ancaq Trampın bəyanatından cəmi bir saat sonra ABŞ Dövlət Departamenti bəyanat yayır: “Qətər bizim mühüm müttəfiqimizdir, ordakı hərbi bazamızla fəxr edirik” və sairə bla-bla-bla… Ya da bizim dildə yazsaq mız-dız-fıs…
İkiüzlü olmağı, ikili standartları deyəsən çuvalda gizlətmək artıq dünyada kimsəyə gərək deyil. Elə bizim öz başımıza gələn misala da baxaq. 28 mayda Tramp Azərbaycan prezidentinə təbrik məktubu göndərib ölkəmizlə tərəfdaşlıqdan məmnunluq duyduğunu, mühüm dostlardan olduğumuzu-filanı vurğuladı. Eyni məzmunlu məktub 3-4 gün sonra neft-qaz sərgisinə də ünvanlandı. Ancaq elə həmin günlərdə Dövlət Departamenti Azərbaycanda insan haqlarının pozulmasından narahat olduğunu açıqladı, müxalifətçi Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlını azad etməyə çağırdı.
Bu axı necə ola bilər ki, insan haqlarını pozan ölkə ABŞ-ın dostudur və “Avropanın enerji təhlükəsizliyinə töhfə verir”? Bəs insan haqları bir ölkənin daxili işi deyildi, nə oldu buna? Avropadakı insanların mətbəxində qaz gələcək deyə, Binəqədidəki azərbaycanlını dama basmaq olarmış. Çünki onlar dahi klassikin dediyi kimi, “daha çox bərabərdirlər”. Açığı, şəxsən mən ABŞ-ın bu ikiüzlü standartlarından artıq iyrənirəm. Özü də heç kim “Cəmiyyət yaxşıdır orda, dövlət aparatı pisdir” deyə oyunbazlıq etməsin. Bu, lap bizim yaltaq azərbaycanlıların “əşşi, dövlət ayrı, hökumət ayrı, biz gərək dövlətçiliyi qoruyaq” cəfəngiyatının təkrarıdır. Heç bir ayrılıq ola bilməz, ABŞ dövlət aparatını formalaşdıran da elə ordakı cəmiyyətdir. Bəlkə Trampı seçməyi bizim üstümüzə yıxasınız? Rusların məsələsi nəsə çox uzandı. Biz tez boynumuza alarıq.
Qubadan iki qardaş isə Amerikaya gedib istedad nümayişi üzrə məşhur tok-şouya qatılıblar. Xəbərlərdə yazılmışdı ki, onların göstərdiyi nömrələrin qorxuncluğuna dözməyən münsiflər tez razılıq veriblər, deyiblər, daha dayanın, sizi növbəti etapa buraxdıq. Bu məndə, nə gizlədim, maraq doğurdu, nömrələrin videosuna baxdım. Çox primitiv! Sən demə, bu qardaşlar əllə, başla taxtaya mismar çalmaq, yabanı qarnına dirəmək, “lapatka”nı boğaza basmaq tipli pəhləvan nömrələri göstəriblər. Amerikalı gəlib bircə ay Qubada yaşasa görərdi ki, orda icra hakimiyyəti və başqa dövlət qurumları hər gün camaatı yabalayır, mıxın üstündə gəzdirir, ağzına butulka qırığı doldurur, bəzən isə idarənin qabağında yandırırlar. Bütün bunlara baxmayaraq biz sağ qalmışıq, 25 ildir yaşayırıq! Sirkin içində yaşayırıq. Sirk bizim həyat tərzimizdir. Bunlar isə belə şeyləri istedad adlandırır.
Boş şeydir. İstedad Tramp ağılda adamla dünyanın ağasına çevrilməkdir. Biz sizə çatmarıq. Təvazökarlıq eləməyin.