Kuban hüquq mühafizə orqanının işçiləri Krasnadordakı Vodnik qəsəbəsində yadplanetli tapmağa müvəffəq olmayıb.
Axar.az xəbər verir ki, bu haqda məlumatı Rusiya Daxili İşlər Nazirliyi yayıb.
Qəsəbənin 59 yaşlı sakini daha öncə polisə müraciət edərək Vodnik qəsəbəsi ilə Vitaminkombinat rayonu arasındakı əraziyə yadplanetlilərdən ibarət desantın endiyini açıqlamışdı.
Onun iddialarına görə, o kosmik gəmi görüb. Sözügedən kosmik gəmidən 7 metr hündürlüyündə olan yadplanetlilər düşüb.
Nazirliyin məlumata görə, hüquq mühafizə orqanı əməkdaşları 59 yaşlı vətəndaşla onun dediyi əraziyə daxil olaraq axtarışlar aparsa da, yadplanetliyə rast gəlməyiblər.
Qeyd edək ki, yadplanetliləri gördüyünü iddia edən vətəndaş bu zaman adekvat vəziyyətdə olub və yoxlanış zamanı onun qanında alkoqol ortaya çıxmayıb.