Dövlətlər arasında ekstradisiya adlanan bir saziş olur, axtarılan şəxslərin tutulub qarşılıqlı şəkldə bir-birinə veilməsini nəzərdə tutur.
Bu saziş daha çox qonşu dövlətlərin arasında bağlanır.Çünki buna ehtiyac var. Azərbaycanla Çilinin belə saziş bağlaması o qədər də vacib deyil. Ona görə ki, narkotik maddə alverçisi Alonso öz qitəsindəki 47 ölkəni qoyub Azərbaycana qaçası, burda gizlənəsi deyil. Prinsipcə, belə hadisə ola bilər, amma ehtimal çox aşağıdır.
Eləcə də azərbaycanlı cibgir Məmmədovun Rusiyanı, Ukraynanı qoyub uzaq Surinama sığınması ehtimalı sıfıra bərabərdir. Əsas da o səbəbdən ki, o, ümumiyyətlə, dünyada belə bir dövlətin mövcud olduğunu bilmir.
Dünyanın hər tərəfində qonşu dövlətlərin arasında ekstradisiya sazişi var və hamı vaxtaşırı olaraq bundan istifadə edir.
Qanun hökmündəki həmin saziş Rusiya ilə Azərbaycanın arasında da var, Azərbaycanla Gürcüstanın arasında da mövcuddur.
Hərdən mediada yer alan “Rusiyada axtarılan cani Şəmkirdə (Gəncdə, Bakıda) yaxalandı və Rusiyaya təhvil verildi”, “Xabarovskda tutulan azərbaycanlı cinayətkar Bakıya gətirildi” tipli xəbərlər “Ekstradisiya haqqında” sazişin köhnə dəyirman kimi asta-asta işlədiyinin göstəricisidir.
Bu üzdən qonşu dövlətlərin bir-birinin ərazisində gizlənən şəxsləri axtarması, bu zaman yerli həmkarlarının köməyindən istifadə edərək onları tapması, əməliyyat keçirərək yaxalaması və öz tərəfinə aparması adi hadisədir.
Belə hadisə o zaman adilikdən çıxır, qalmaqala çevrilir ki, ortada siyasi motivli təqib olsun.
Mayın 29-da Tbilisidə tutularaq ölkəyə gətirilən şəxs Muxtarlı soyadı daşısaydı, ancaq o, jurnalist olmasaydı, hansısa bir cinayət törədərək Gürcüstana qaçmış adi şəxs olsaydı, onun ekstradisiyası iki dövlət arasında, eləcə də beynəlxalq miqyasda qalmaqala səbəb olmazdı.
Ancaq ortada siyasət məsələsi olduqda vəziyyət dəyişir. Beynəlxalq təşkilatlar, qüdrətli dövlətlər siyasi motivlərlə təqib olunan şəxslərin ekstradisiyasını məqsədəuyğun saymırlar. Onlara görə bir şəxsin siyasi fəaliyyətlə məşğul olması və bir iqtidar komandasının hakimiyyətdən getməsinə çalışması cinayət deyil.
Əslində siyasi motivli həbs və ekstradisiya aktlarının heç də hamısı beynəlxalq qalmaqal və ölkə daxilində etiraz doğurmur. Məsələn, 20 il öncə Surət Hüseynov Rusiyadan ölkəmizə qolubağlı qara qul kimi gətiriləndə ölkə əhalisi bundan çox razı qalmışdı. O zaman müxalifət qəzetlərində belə bu ekstradisiyadan məmnunluq ifadə edən başlıqlar vardı: “Surət, bu nə halət, bu nə surət?”
Bu məmnunluq və sıfır etiraz ona görəydi ki, Hüseynov bu ölkədə biri uğurlu, biri uğursuz, iki qiyam törətmişdi, onlarla insanın ölümünə bais olmuşdu və qaçıb Rusiyaya sığınmışdı. 3-4 il çəkən danışıqlardan sonra Rusiyanın onu o qədər də baha olmayan qiymətə Azərbaycana satması ümid yaradırdı ki, adamı layiqincə mühakimə edəcəklər. Amma keçmiş baş nazirin mühakiməsi və cəzası yarımçıq oldu, o, törətdiyi əməllərin yarıısından çoxuna görə cavab vermədi.
Keçmiş müdafiə naziri Rəhim Qazıyevin başına da eyni hadisə gəldi. Onu da Rusiyada tapıb Azərbaycana ekstradisiya etdilər. Hətta o zaman eks-prezident Ayaz Mütəlliobovun da tutulub Bakıya gətirlməsi məsələsi aktuallaşmışdı. Ayaz müəllimi saxlamışdılar da. Fəqət Kreml onun ekstradisiyasını məqbul saymadı, üstündən illər keçəndən sonra Mütəllibov ölkəsinə sərbəst şəkildə, qolu bağlı dustaq olmadan döndü, sadəcə, ev dustağı kimi yaşayır.
Hazırda son ekstradisiya hadisəsinə görə Gürcüstan hakimiyyətinin başı ağrıyır. Beynəlxalq təşklatlar, ABŞ və Avropa dövlətləri rəsmi Tbilisidən izahat tələb edir, bu hadisəni yeni-yeni Avropaya inteqrasiya edən ölkənin pasivinə yazırlar.
Belə çıxır ki, Gürcüstan tərəfi bu hadisənin bu qədər qalmaqal doğuracağını bilmirmiş. Ya da ortada elə ciddi dövlət maraqları, böyük sazişlər, qarşılılıqlı mənfəət layihələri var ki, rəsmi Tbilisi bilə-bilə bu riskə gedib.
Ən maraqlısı odur ki, Gürcüstan və Azərbaycanın hüquq-mühafizə orqanları israrla jurnalistin sərhədi pozduğu zaman saxlanıldığını desələr də, ABŞ-ın və başqa dövlətlərin “narahatlıq dolu” bəyanatlarında bu versiya yaxına qoyulmur.
Görünür, ekstradisiya sazişini işlədəndə ehtiyatlı olmaq, bəzi incəliklərə diqqət yetirmək lazımdır. Gürcüstan ona diqqət etsəydi, hazırda Qərbin ekstra diksiyasına qulaq asmaq zorunda qalmazdı.