Elçibəy hökumətində olmuş sonuncu məmur da vəzifəsini itirdi

Xəbər verdiyimiz kimi, Prezident Adminstrasiyasında edilən struktur dəyişikliyi nəticəsində müşavirlik institutu ləğv olunub.

Nəticədə İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri postu da ixtisara düşüb.

İndiəyədək Prezident Administrasiyasında İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri postunu Vahid Axundov tuturdu.

Qeyd edək ki, Vahid Axundov hakimiyyətin yuxarı pilləsində yüksək vəzifə tutan məmurlar arasında ən yaşlılardan biriydi. O, 4 iqtidarın prezidentiylə işləməklə müstəqil Azərbaycanın siyasi tarixinə uzun müddət eyni post tutmuş vəzifəli şəxslərdən biri kimi düşdü.

Elçibəy hökumətində olmuş sonuncu məmur da vəzifəsini itirdi

Vahid Axundov 1991-ci ilin oktyabrında Prezident Aparatına vəzifəyə gətirilmişdi. O,  4 prezidentlə  – Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyevlə işlədi. 

İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri əvvəlcə eks-prezident Ayaz Mütəllibovun komandasına daxil olub.
O, Mütəllibovun komandasında 04.10.1991 – 31.10.1991-ci illərdə Prezidentinin İcra Aparatında Prezidentin müşaviri, 31.10.1991 – 06.05.1993-cü illərdə yenə “Ağ ev”də iqtisadi siyasət üzrə dövlət müşaviri postunu tutub. Yeri gəlmişkən, 1992-ci ildə Mütəllibov hakimiyyətdən getmiş, prezidentliyə isə Əbülfəz Elçibəy gəlmişdi. Amma V.Axundov Prezidentin İcra Aparatındakı vəzifəsini qorumaqla Elçibəyin də komandasında yer ala bilmişdi.

Doğrudur, sonralar onu çox qısa müddətə (14.05.1993 – 23.11.1993) Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinə direktor vəzifəsinə göndərdilər. Amma V.Axundovun Nazirlər Kabinetində qalması uzun zaman çəkmədi və 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən az sonra (04.11.1993-cü ildə) onu yenidən Prezident Aparatına qaytardılar. Bu dəfə Heydər Əliyein komandasına daxil olan Vahid Axundov yenə iqtisadi siyasət üzrə dövlət müşaviri postunda əyləşdi.

2003-cü ildə hakimiyyətə İlham Əliyev gəlsə də ,Vahid Axundov bu dəfə də vəzifə kürsüsünü qoruya bildi. O, 2003-dən ta bugünədək Prezident Administrasiyasında iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri postunu tutdu.

Artıq Prezident Administrasiyasındakı vəzifəsini itirmiş Vahid Axundovun bu il iyulun 19-da 75 yaşı tamam olacaq…

Загрузка...