Ölkəmizdə ən yaxşı işləyən dövlət idarələrindən biri, bəlkə də birincisi “Azəriqaz” İstehsalat Birliyidir. Özü də bunlar o qədər yaxşı işləyirlər ki, dövlət də bilmir hara qoysun. Göz dəyməsin deyə tez-tez yerini dəyişirlər. Gah müstəqil idarəyə çevirirlər, gah SOCAR-ın – Dövlət Neft Şirkətinin tərkibinə salırlar. Bir ara Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olmuşdu, müəyyən dövr isə Müdafiə Nazirliyinin. Hazırda da yanılmıramsa yenə SOCAR-a daxildir. Ancaq yanıla bilərəm, kəşfiyyat orqanı, xüsusi xidmət kimi bir orqandır, hər yerdə olar, eyni zamanda heç yerdə olmaz. (Bu haqda az sonra).
“Azəriqaz”ın yaxşı işlərinin başında onun “qaynar xətti” gəlir. Bunlar 104 və 185 nömrəli telefonlardır. Haçan qazla bağlı problem olsa zəng edirsən, ceyran səsli, ahu baxışlı xanımlar qəmzə ilə cavab verir, qazı kəsilənin qazını, sayğacı koda düşənin kodunu, açarını itirənin qapısını açırlar. Bizim qonşunun hətta bir dəfə bazarlığını eləyib gətiriblər. O dərəcədə xalqa yaxın idarədir.
Əlbəttə, zəhmətkeşlərimiz heç şübhəsiz mənim bunları yandığımdan yazdığımı anladılar. Çünki “Azəriqaz”ın qaynar xəttinə düşüb ordan adam balası kimi cavab almağı bacaran yeganə azərbaycanlıya Azadlıq meydanında heykəl qoyulacaqdır. Hiqqs bozonunu tapmaq, qara dəliyin sirrini çözmək, Sirius ulduzu ətrafında fırlanan ASDFGH1234455 ekzoplanetindən radiosiqnal alıb əlaqə qurmaq daha asandır, nəinki bu tünbətün idarədən cavab almaq. Bəlkə də bunun müştəri xidmətini qaynar xətt adlandırarkən elə müştərini yandırıb-yaxmağı nəzərdə tutublar. Elədirsə təbriklərimizi qəbul edin, siz bunu bacarırsınız. Hər gün nə qədər azərbaycanlını qazınızda ütüb, qızardıb, yandırıb başını buraxırsınız.
Mən dövlətimizin kosmik inkişafını, planetar miqyasını, analoqsuz manatını, kataloqsuz blatını, fataloqsuz həyatını (hamısı qaynar xəttin hikmətindəndir – artıq dilimizin leksik tərkibini zənginləşdirirəm) nəzərə alaraq bəlkə bu qaz temasında heç donquldanmazdım. Yeri deyil axı. Ostap Benderin kinosunda dilənçi uşağın “dayı, 20 qəpik ver” sualı kimi səslənir, halbuki, Ostap müəllim həmin vaxt hansısa planetar mövzular üzərində düşünürdü. Yəqin onun uşağa dediyi tarixi kəlamı da xatırlayarsınız: “Bəlkə sənə içində pullar olan otağın açarını da verim?” Bəs o zaman şikayətimiz nədəndir?
Yeri gəlmişkən, bəzi zəhmətkeşlərimiz vəziyyətdən bezərək qaz satışını ASAN-xidmətə verməyi, adını isə QAZan-xidmət qoymaq istəyirlər. Ancaq ola bilsin, qaz idarəsinin məxfi fəaliyyətində nəsə dövlət sirri vardır. Biz zəng edib şikayətləndiyimiz (daha doğrusu, şikayətlənmək istədiyimiz – bax yuxarı) anlarda “Azəriqaz”ın əməkdaşları Ağdərədə əməliyyat keçirib mənfur düşməni qazla boğurlar? Hər şey ola bilər. Əgər ordunun tərkibindən 1988-ci ildən qalma casuslar tapıldısa, niyə qaz idarəsindən milli qəhrəmanlar çıxmasın? Nəhayət, keçim dərdimizin məzmununa, yoxsa qəzet qurtara bilər.
Demək, ölkəmizin dünya qaz sistemi üçün necə vacib olduğunu bilirsiniz. TAP, TANAP, TARAPP-TURUPP və sairə adlı çoxlu projelər vardır. Elə dünən Bakıda qaz-neft sərgisi keçirildi, Avropanın bizim qazsız yaşamasının çətinliyi vurğulandı. Mən buna görə narahatam. Bax, sabah bu qaz kəmərinin ucu getdi çıxdı İtaliyaya, Almaniyaya, nə bilim, İslandiya və Qrenlandiyaya… Birdən orda hansısa almanın qazı kəsildi, bu da götürdü “Azəriqaz”ın qaynar xəttinə zəng vurdu. Sonrasını yazmıram. Ağlınız bizə getməsin, onlar nemes kimi adamlardır. Gəlin bu beynəlxalq qalmaqalı indidən önləyək, müştəri xidmətində telefona cavab verən (lap elə yalandan olsa da “alo” deyən) bir adam balası qoyaq.
Yoxsa hər dəfə zəng vurursan, robot deyir: “Şikayətiniz üçün 1 düyməsini seçin”. Düyməni basırsan, sığallayırsan, öpüb-yalayırsan – xeyri yoxdur, həmişə belə cavab gəlir: “Düzgün seçim etməmisiniz, seçim edin”.
Açığı, seçim etmədiyimizi bilirik, etsəydik orda indi siz niyə otururdunuz ki? Ancaq bunu hər dəfə başımıza vurmağın mənası nədir?
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.