Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam edir.

Virtualaz.org xəbər verir ki, iş üzrə ötən həftəki iclas prosesin yenidən təxirə salınıb-salınmaması məsələsinin müzakirəsi ilə başladı. Xatırladaq ki, may ayının əvvəlindən başlayaraq, məhkəmə prosesi təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadənin cərrahiyyə əməliyyatı keçirməsi üzündən dəfələrlə təxirə salınıb.

Məhkəmənin katibi çıxış edərək bildirdi ki, onda olan məlumata görə, C.Rzazadə iyunun 7-nə qədər əməliyyatdan sonrakı bərpa prosesini keçir və həmin günə qədər bülletendədir. Dövlət ittihamçısı yaranmış vəziyyətə münasibət bildirərək, baxılacaq epizodda Səlim Məmmədova qarşı ittihamın irəli sürülmədiyini əsas göstərdi və iclasın keçirilməsini istədi.

Təxirə salınsın, ya yox?

Zərərçəkmişlərin nümayəndəsi Zaur İbadov da dövlət ittihamçısının fikri ilə razı olduğunu bildirdi. Lakin zərərçəkmişlərin digər vəkili (özünü təqdim etmədi – red.) çıxış edərək dedi ki, iclasın təxirə salınmasının tərəfdarıdır, çünki əks halda, qərar çıxarılan zaman müdafiə tərəfi işə baxılarkən iclasda olmadığını bəhanə gətirə bilər.

Vəkil Kamandar Nəsibov birmənalı şəkildə iclasın təxirə salınmasının zəruriliyini bildirdi. Onun sözlərinə görə, məhkəmənin Cavid Rzazadənin iclasa gəlməməsini əsassız hesab etməyə heç bir dəlili yoxdur və konkret bir tarix müəyyənləşdirilməli, həmin tarixə qədər vəkilin prosesə çıxmayacağı təqdirdə hər hansı tədbir görülməlidir. Akif Çovdarovun digər vəkili Sadiq Rəsulovla təqsirləndirilən Orxan Osmanovun vəkili Elxan Quliyevdə Kamandar Nəsibovun deikləri ilə həm fikir olaraq bunun prosessual pozuntu olduğunu məhkəmə kollegiyasına bildirdilər.

Təqsirləndirilən Səlim Məmmədov vəkilinin mayın 27-nə qədər bülletendə olmasından xəbərdar olduğunu bildirdi və məhkəmənin o vaxta qədər təxirə salınmasını istədi. Digər təqsirləndirilən Akif Çovdarov söz alaraq qeyd etdi ki, uzun illər səhiyyə sahəsini kurasiya etdiyindən, belə məsələlərdən agahdır və dedi: “Xəstə yalnız sağaldıqdan sonra həkim bülleteni bağlayaraq, arayış verə bilər. Çünki əməliyyatdan sonra xəstənin nə zaman ayağa duracağını əvvəlcədən dəqiq heç kim deyə bilməz”.

Məhkəmə qısa müşavirədən sonra gözlənilmədən məhkəmə iclasın vəkil olmadan davam etdirilməsi barədə qərar çıxardı. Hakim Elbəy Allahverdiyev müdafiəçilərə bildirdi ki, bu hal həm Azərbaycan qanunvericiliyində, həm də Avropa təcrübəsinə baxılarsa, Almaniyaya qarşı iki işə baxılarkən presedent qaydasında rast gəlinir.

8-ci kilometr bazarı və MTN-in “xüsusi əməliyyatı”

Zərərçəkmiş Cəfər Səfərov ifadəsində bildirib ki, 2005-ci ilin dekabr ayında avtomobillə Bakıdan kənara çıxmaq istədiyi vaxt ona qardaşı Salman zəng edib və bildirib ki, MTN əməkdaşları 8-ci kilometr bazarındakı ofislərinə gələrək əməkdaşlardan 3 nəfəri nazirliyə aparıblar. Bundan bir neçə dəqiqə sonra özünü Akif Çovdarov kimi təqdim etmiş MTN əməkdaşı (o vaxt rütbəsi polkovnik olub – red.) zərərçəkmişi MTN-ə çağırıb və hazırda onun dəqiq yerləşdiyi ünvanı da qeyd edib. İzlənildiyini görən Cəfər Səfərov MTN-ə yollanıb. Orada direktorunu, mühasibi və qardaşını görüb.

Zərərçəkmişin sözlərinə görə, MTN-də Akif Çovdarov ona bildirib ki, işlətdiyi obyekt keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsusdur və bazarı kimdən və necə əldə etməsi ilə bağlı suallar verib. Bir neçə saatlıq dindirmədən sonra C.Səfərova 500 min dollar gətirilməsini tapşırıb və onu, bazarın digər əməkdaşlarını sərbəst buraxıb. Lakin bundan az sonra Akif Çovdarov zəng edərək, pula ehtiyac olmadığını deyib və bazarı təhvil verməyin lazımlığını bildirib.

Cəfər Səfərov ertəsi gün MTN-ə getdiyi zaman onu anlaqsız vəziyyətə saldıqlarını və bu vəziyyətindən istifadə edərək, “Olimp” mağazasının yaxınlığındakı notariat kontorunda bazarın Qulu Cəfərov adlı birinin adına keçməsi ilə bağlı sənədə qol çəkməyə məcbur etdiklərini deyib. Zərərçəkmiş qeyd etdi ki, həmin Q.Cəfərovu heç vaxt görməyib və eşitdiyinə görə, bu şəxs Akif Çovdarovun yaxın qohumudur.

Bazar kimdən və necə alınıb?

Cəfər Səfərovun sözlərinə görə, bazarı Çingiz Əsədov adlı şəxsdən alıb. 1999-cu ildə bazarın 50%-ni, sonrakı il isə digər 50%-ni icarəyə götürmüş qardaşlar, 2001-ci ildə “8-ci kilometr bazarı”nın meyvə-tərəvəz satışı hissəsinin əvvəlcə yarısını, daha sonra isə tamını ümumilikdə 240 min dollara alıblar.

Zərərçəkmiş bazarı 2005-ci ilin sonuna kimi işlətdiklərini, sonradan obyektin onların əlindən alındığını deyib.

Cəfər Səfərov bildirib ki, Çingiz Əsədov yalnız formal olaraq bazarın sahibi olub, əslində isə obyektin yiyələri Səftər və Abdulla adlı şəxslər olub və bütün alqı-satqı əməliyyatlarında fəal iştirak ediblər.

Zərərçəkmiş Cəfər Səfərov məhkəmədə xüsusi intonasiya ilə mimikalardan istifadə etməklə danışsada, ancaq vəkillərin suallarını cavablandırarkən ifadəsindən fərqli olaraq xatırlamıram deməklə suallardan yayınmağa başladı və hər iki vəkili oturduqları yerdən bu işdə ona bacardıqları köməkliyi göstərməyə maksimum çalışdılar. Lakin bu zaman Cəfər Səfərov daha xoşagəlməz vəziyyətə düşdü.

Vəkillə zərərçəkənin arasında dialoq bu cür getdi:

Vəkil Elxan Quliyev: Bazarı 2002-ci ildə neçəyə almışdız?

Zərərçəkmiş Cəfər Səfərov: 240 min dollara.

Vəkil E.Quliyev: Bəs 2005-ci ildə əlinizdən alınanda qiyməti nə qədər idi?

Zərərçəkmiş C.Səfərov: 5-10 milyon

Vəkil E.Quliyev: Necə oldu ki, 10 milyona olan bazar siz alanda qiyməti 240 minə oldu?

Zərərçəkmiş C.Səfərov: Elə satdı, bizdə aldıq

Vəkil E.Quliyev: Pulunu kimə verdiz?

Zərərçəkmiş C.Səfərov: Bazarın sahiblərinə, Səftərlə Abdullaya

Vəkil E.Quliyev: Bazar kimin adına idi?

Zərərçəkmiş C.Səfərov: Çingiz Əsədovun

Vəkil E.Quliyev: Müqaviləni notariusda Çingizlə bağladız, ancaq pulu Səftərlə Abdullaya verdiz, bu qanunidi bəyəm? Bazarın rəsmi sahibi qalıb, pulu başqa adama verirsiz.

Zərərçəkmiş C.Səfərov: Bəli. Bazarı Çingizdən necə almağımın sizinçün bir əhəmiyyəti var bəyəm.

Vəkil E.Quliyev: Bəli, mənimçün əhəmiyyəti var. Bazar əlinizdən alanından sonra siz Akif Çovdarovdan şikayətlər etmişdiz?

Zərərçəkmiş C.Səfərov: Bəli

Vəkil E.Quliyev: Prokurorluqda araşdırıb nə qərar qəbul etdilər, məsuliyyətə cəlb etdilər?

Zərərçəkmiş C.Səfərov: Yox

Vəkil E.Quliyev: Deməli onda Çingiz Əsədov bazarı qanuni şəkildə özəlləşdirib ki məsuliyyətə cəlb eləmədilər?

Zərərçəkmiş bu sualı cavablandırmadı

Vəkil K.Nəsibov: Dediz ki, Çingiz Əsədov obyektin sahibi deyildi. Bəs onda Çingiz orda nə işlə məşğul idi?

Zərərçəkmiş C.Səfərov: Mənə qədər deyirsən? Mənə qədər bazarın sahibi idi.

Vəkil K.Nəsibov: Dediz ki, Çingiz Əsədovu Akif Çovdarov öyrədirdi, ona maşında aldı verdi. Bəs sizi kim öyrədirdi?

Zərərçəkmiş C.Səfərov: Heç kim

Vəkil K.Nəsibov: Bəs iş materiallarında olan səs yazısı var, siz kmin yanına getmişdiz, qardaşlarız kimin yanına getmişdi? Orda sizi kim qarşıladı, nə dedi sizə?

Zərərçəkmiş C.Səfərov. Heçnə deyilmiyib?

Vəkil K.Nəsibov: Siz qardaşlarınızla birlikdə bazar alınmamışdan öncə Çingiz Əsədovun qardaşını oğurlayıb Yeganə şadlıq sarayının padvalında saxlamısız? Ondan qardaşının buraxılması üçün hansısa məbləğ pul tələb etmisiz?

Zərərçəkmiş C.Səfərov: Yox

Zərərçəkmiş C.Səfərovun vəkili: denən yadımda deyil

Vəkil K.Nəsibov: Sən adam oğurlamayıbsan, ona görə yadında ola bilməz. İmkan ver özü cavab versin. İş materiallarında sübutlara qiymət verilməsi qərarında yazılıb ki, o, iş ayrıca icraata götürülüb və istintaq davam edir.

Vəkil K.Nəsibov: Siz 2005-2006-cı ildən sonra harasa şikayət edibsiz o bazarın tək sahibi kimi?

Zərərçəkmiş C.Səfərov: Yox

Vəkil K.Nəsibov: Bəs sizin qardaşlarınız, atanız şikayət edərkən dediyiniz qorxunu hiss eləmirdi?

Zərərçəkmiş C.Səfərov: Yox

Vəkil K.Nəsibov: Bazarın 50%-ni alanda nə qədər pul ödədiz?

Zərərçəkmiş C.Səfərov: Yadımda deyil

Vəkil K.Nəsibov: Bazarın birinci 50%-i alanda nə qədər vermişdiz və digər 50%-i alanda nəqədər pul vermişdiz?

Zərərçəkmiş C.Səfərov: Yadımda deyil

Vəkil K.Nəsibov: Bəs o, 240 mini nə vaxt verdiz?

Zərərçəkmiş C.Səfərov: Yadımda deyil

Vəkil K.Nəsibov: Ümumiyyətlə pul vermisiz?

Zərərçəkmiş C.Səfərov: Xatırlamıram

Vəkil K.Nəsibov: Birinci 50%-i alandan sonra ikinci 50% alana kimi nə qədər vaxt keçmişdi?

Zərərçəkmiş C.Səfərov: Xatırlamıram

Vəkil K.Nəsibov: Fərhad Əliyevin qardaşı Rafiq Əliyevin bazarda gəlib Çingiz Əsədovu döydürməsi ilə bağlı nə deyə bilərsiz?

Zərərçəkmiş: Görməmişəm

Vəkil K.Nəsibov: Səftərlə Abdullanı tanıyırsız?

Zərərçəkmiş C.Səfərov: Yox tanımıram

Vəkil: K.Nəsibov: Oların Prezidentin mühafizə xidmətinin əməkdaşları olduğunu bilirdiz?

Zərərçəkmiş: Yox bilmirəm

Vəkil K.Nəsibov: Sizin işin içində Çingiz Əsədovdan MTN-nə yazdığız ərizəniz var. Orada siz rəhmətə getmiş bir nəfər hörmətli adamın adını çəkirsiz

Zərərçəkmiş C.Səfərov: Mən heç kimin adın çəkməmişəm

Vəkil S.Rəsulov: Bazarın sahibi sizsiz təkçə

Zərərçəkmiş: C.Səfərov: Bəli mənəm

Vəkil S.Rəsulov: Çingiz Əsədovu MTN-də görmüşdüz?

Zərərçəkmiş C.Səfərov: Yox görməmişəm

Vəkil S.Rəsulov: İş materiallarından görünür ki, bazarı Çingizdən Əsədovdan alandan bir müddət sonra Binə qəsəbəsində yerləşən notariusda Çingizdən ərizə alıbsız ki, “Maral-Veqa” müəssisəsini bazarla birlikdə sizə satıb, bazar satılandan sonra buna nə ehtiyac vardı?

Zərərçəkmiş C.Səfərov: Elə bir ərizə almamışıq

Vəkil S.Rəsulov: İş materiallarında var axı

Zərərçəkmiş C.Səfərov: Xatırlamıram

Vəkil S.Rəsulov: İfadənizdə dediniz ki, atanız və qardaşınız şikayət ərizələri yazdığı üçün Akif Çovdarov sizi çağırıb oların şikayətlərini dayandırması üçün sizə hədə-qorxu gəldi. Sizi necə çağırdı, harda görüşdüz?

Zərərçəkmiş C.Səfərov: Xatırlamıram.

Vəkil S.Rəsulov: İfadələrinizdə deyirsizki MTN-nə çağırılandan sonra 6 ay özünüzə gələ bilmədiz. Bununla bağlı həkimə müraciət etmişdiz?

Zərərçəkmiş C.Səfərov: Yox, özüm elə dərman atmışam

Vəkil S.Rəsulov: Atanız və qardaşlarınız ondan hər yerə şikayət ərizələri yazdığına görə Akif Çovdarov deyiniz kimi sizin ailənizin üzüvlərindən hər hansı birini iynə vurmaqla iflic etdi? Və yaxud şərləyib həbs etdirdi?

Zərərçəkmiş C.Səfərov: Yox, elə şey olmadı

Onuda qeyd edək ki, zərərçəkmiş C.Səfərovun vəkili mülki iddia tələbinin həcmini artıqdıqlarını və əvvəl təkcə Akif Çovdarovdan dəymiş ziyanı istədiklərini, ancaq indi bütün təqsirləndirilən şəxslərdən dəymiş ziyanı istədiklərini dedi. Vəkil mülki iddia tələbinin artırılması barədə ərizəsini vermək istədiyi zaman təqsirləndirilən Akif Çovdarovun vəkili Kamandar Nəsibov ərizənin bir başa Səlim Məmmədovun hüquqlarına toxunduğunu dedikdən sonra, zərərçəkmiş C.Səfərovun vəkili məhkəmə kollegiyasına bir neçə saniyə diqqətlə baxdıqdan sonra sözlərini dəyişərək ərizəni poçtla göndərdiyini dedi, sədrlik edən Həbib Həsənov isə onlara belə bir ərizənin daxil olmadığını dedi. Sonda ərizənin taleyi qeyri-müəyyən qaldı.

“Çovdarov məni sındırmışdı, onu öldürə bilərdim”

Epizod üzrə zərərçəkmiş Salman Səfərovun çıxışı emosionallığı ilə seçildi. Cəfər Səfərovun kişik qardaşı olan Salman Səfərov qeyd etdi ki, bazar rəsmən böyük qardaşının adına olsa da, orada bütün işləri özü aparıb.

“Mən o bazarda gənc yaşlarımdan işləmişəm və yarı-yarı onu əvvəlcə icarəyə götürüb, sonra isə almışam. Orada mənim xeyli zəhmətim var – abadlıq işləri görmüşəm, alfalt, kanalizasiya xətti çəkmişəm. 2005-ci ilin dekabrında isə MTN gəlib bu obyekti əlimdən alıb, mənim bütün xəyallarımı, planlarımı pozub”, – zərərçəkmiş deyib.

Salman Səfərov sözlərinə davam edərək bildirib: “Mən işləri daha da inkişaf etdirmək, universitetdə təhsil almaq, deputatlığa namizədliyimi vermək istəyirdim. Bütün bunların üstündən Akif Çovdarov xətt çəkib. O, məni sındırdı, adam arasına çıxa bilmirdim.

MTN-də onunla kabinetdə təkbətək qalmışdıq, dedim ki, səni elə burada, kabinetində öldürəcəyəm. Elə pis vəziyyətdə idim ki, onunla MTN-in qarşısında görüşüb, 5-6 bıçaq zərbəsi endirməyi fikirləşirdim, gecələr gözümə yuxu getmirdi”.

Bu zaman vəkil Kamandar Nəsibov dəqiqləşmə apararaq “deməli siz Akif Çovdarovu öldürməklə hədələmisiz, o sizi yox?” zərərçəkmiş sonradan dediklərinin fərqinə vararaq bu sualı cavablandırmaqdan yayındı. Zərərçəkmiş daha sonra bildirdi ki, sonuncu dəfə Akif Çovdarovu Mərkəzi Neftçilər xəstəxanasında görüb və ondan bazarı geri istəyib. Akif Çovdarov isə ona “get o bazar, o da yiyəsi, nə sözün var de” sözünü deyib.

“Məni o qədər döydülər ki, indiyə qədər izləri qalıb”

Zərərçəkmiş, bundan öncə çıxış etmiş Cəfər və Salman Səfərovların kiçik qardaşı Qəhrəman Səfərov ifadəsində bildirdi ki, hüquqşünasdır və hazırda polis əməkdaşı olaraq çalışmaqdadır.

Onun sözlərinə görə, 2005-ci ildə şirkətə MTN əməkdaşları gələrək digər iki işçi ilə yanaşı, zərərçəkmişi də nazirliyə aparıblar. Q.Səfərov MTN-də təqsirləndirilən Akif Çovdarovun tapşırığı ilə tanımadığı şəxslər tərəfindən işgəncələrə məruz qaldığını bildirib: “Məndən tələb edirdilər ki, həqiqətə uyğun olmayan faktlar barədə izahat yazım. Guya bazarı almaq üçün bizə 300 min dolları Fərhad Əliyev verib. Yazmalı idim ki, gecə qara maşında bazara gələn nazir Fərhad Əliyev pulu verib və bazarı almağımızı tapşırıb. Bunu yazmaqdan imtina etdim və döyüldüm. Ancaq həmin vaxt heç bir həkimə müraciət etmədim.

Qəhrəman Səfərov vəkillərin suallarını cavablandıraraq bildirib ki, bazardan əldə olunan gəlirdə heç bir payı olmayıb: “İşə böyük qardaşımız və atamız rəhbərlik edirdi, kimə nə qədər pul lazım olurdusa verilirdi. Bizim aramızda “sən-mən” yox idi, dəqiq bir məbləğ yox idi ki, filankəs ayda filan qədər alır”.

Bununla bağlı təqsirləndirilən şəxslərdən heç biri məhkəmədə hər hansı izahat vermədi. Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov növbəti iclasın çərşənbə günü, mayın 31-də keçiriləcəyimi elan etdi.

Загрузка...