(28 may haqda)
Bu əvalatı mənə “Yeni Müsavat”ın baş redaktor müavini Azər Ayxan danışıb. Deyir bir dəfə sosial şəbəkədə kimlərsə İsa Qəmbəri hirsləndirmişdilər, İsa bəy orda yazmışdı: “Burda cavan uşaqlar var, elə zənn edirlər biz ömrümüz boyu ancaq Facebookda status yazmışıq, başqa işimiz olmayıb”.
Əlbəttə, bunda rəsmi təbliğatın böyük rolu var. Azərbaycanın müstəqillik uğrunda mübarizə tarixi, 1 illik AXC hakimiyyəti dönəmi yapistlərin əliylə elə silinib bərbad şəklə salınıb ki, indiki dövlətimizin bəlkə marsiançiklər tərəfindən qurulduğunu zənn etmək olar. Minlərlə qurbanın, o cümlədən müstəqilliyimizin tarixi qəsdən unudulur, silinir, it-bata salınır.
28 may günü bunları niyə yada salıram? Çünki bizim 1918-20-ci illər dövlətimizlə 1992-93 arası hakimiyyətimiz arasında çoxlu böyük oxşarlıqlar var. 99 il qabağı yada salmaq bizə çətin olsa da, 25 il öncə gözümüz önündə baş veribdir. Bu modellə o modeli tutuşduranda birinci respublikamızın həqiqi dəyərini anlamaq da asanlaşır.
Təsəvvür edin, sıfır nöqtəsində, faktiki əlində heç bir şey olmayan vəziyyətdə dövlət qurmalısan. İndi bəziləri “İrəvanı AXC ermənilərə verdi” deyirlər. Halbuki, o zaman heç Azərbaycan yox idi. Dövlətin adına qədər yenidən düşünmüşdülər. Biri Şirvan Respublikası, başqası Aran qoymaq istəmişdi. Rəsulzadənin uzaqgörənliyi “Azərbaycan” adı üzərində dayanmışdı. Çünki yalnız bu coğrafi terminlə Lənkərandan Xaçmaza, Qarabağdan Bakıya, Qazaxdan Saatlıya qədər olduqca fərqli, necə deyərlər, “9 iqlim tipli” torpaqları bir araya gətirmək olardı.
Azərbaycan yox idisə, bəs nə vardı? Biz ruslar və farslar tərəfindən 19-cu əsrdə işğal edilib bölünəndə xanlıqlarda yaşayırdıq. 1917-ci ildə Rusiya İmperiyası dağılanda da Yelizavetpol və Bakı quberniyaları vardı. Naxçıvan isə hətta İrəvan quberniyası tərkibində idi. (Bax, “İrəvanı verdiniz” deyənlər nədənsə “Naxçıvanı aldınız” sözünü işlətmir. Sərf eləmir).
Bunları ona görə yazıram ki, bəziləri hər iki AXC dönəmini analiz edəndə ilkin şərtləri özlərinə sərf edən kimi götürürlər. Ordusu, paytaxtı, nazirlikləri, parlamenti – qısası, heç bir şeyi olmayan respublikanın qurulduğu birinci ildəcə onun ABŞ-filan kimi olmasını tələb edirlər. Ədalət Tahirzadənin 1999-cu ildə yazdığı, 2000-ci ildə “Yeni Müsavat” qəzetinin təkrar çap etdiyi “Əbülfəz Elçibəy” adlı çox gözəl bir kitab var. Orda müstəqil dövlət quruculuğunun çətinlikləri, müstəqillik uğrunda aparılan mübarizə çoxlu misallarla təsvir edilib. 1992-ci ilin iyununda Elçibəy prezident seçilmişdi, ancaq payıza qədər rus rublu Azərbaycanda hələ dövriyyədə idi. Milli manatı tam işə salmaq üçün vaxt lazım idi. Polis, ordu, prokurorluq, xarici işlər, gömrük, vergi, maliyyə – hər şey sıfırdan qurulur, üstəlik bunu qura-qura Qarabağda uğurlu savaş aparıb xeyli ərazini azad edirsən. ADR hökuməti də bənzərini etmişdi və Xosrov bəy Sultanov Qarabağda bir separatçını da baş qaldırmağa qoymurdu.
Rəsulzadənin böyüklüyünü anlamaq üçünsə elə özümüzdən misal çəkək: nə qədərimiz öz ailəmizi Azərbaycan uğrunda qurban verməyə hazırıq? Neçə belə idealist azərbaycanlı tanıyırsınız? Ancaq ailəsinə bütün ölkəni, vətəni qurban verməyə hazır minlərlə tanışımız var. Hökumət yıxılanda Rəsulzadəni həbs edib bolşevik türməsinə salırlar. Ölüm cəzasına çox az qalıb. Bu zaman Stalin gəlir, onu xilas edib öz qatarında Moskvaya aparır, işə düzəldir, hətta köməkçisinin mənzilində yaşamağa yer verir. Kommunist Partiyası rəhbərliyində böyük nüfuzu olan, az sonra isə hakimiyyəti tam ələ keçirəcək birisi ilə yaxınlıqdan şirin nə var? Ancaq Rəsulzadə bu komfortun adamı deyil. O mübarizə, Azərbaycanın müstəqilliyi uğrunda savaş yolunu seçib. Həmin şəraiti atıb xaricə qaçır, orda davamızı aparır, ölənəcən susmur. Əlbəttə, Stalin nədir, Xruşşov və Brejnev kimdir, adi bir rus mujiki ilə – təki o ağa olsun, yuxarıdan təyin edilsin, çiynində poqonu varsa lap əntiqədir – yaxınlıqdan ekstaza girən, yaltaqlıq edən, bütün milləti o mərkəzi ağaya satmağa hazır kəslər üçün Rəsulzadə boğazdan keçəsi tikə deyil.
Biz indi bu müstəqillikdən həzz ala bilmirik. İtkilərimiz çoxdur. İnsanlar rahat yaşamaq istəyir. Azadlıq istəyir. Ancaq bunlar skelet şəklində var. Mən bu mənada AXC hakimiyyətini – həm Rəsulzadə, həm Elçibəy dönəmini – Heminqueyin məşhur romanına bənzədirəm. Qoca min əziyyətlə tutduğu balığın skeletini sahilə gətirib çıxarıb. Yolda onun tikələrini köpək balıqları qoparıblar. Qoca indi çox yorğundur, qəzet kağızları döşənmiş yatağına yıxılıb div yuxusuna gedib. Sahildə camaat balığın sümüklərinin böyüklüyünə heyrətlə tamaşa edir. Qoca yuxusunda Afrikanı, aslanları görür.
Ən əsası isə, yaraları sağalandan sonra o, yenə dənizə çıxacaq.