Elə bir gün olmaz ki, ABŞ prezidenti Donald Trampın ekstravaqant hərəkətləri, açıqlamaları, ümumilikdə fəaliyyəti barədə xəbərlər yayılmasın.
Bu xəbərləri heç də ABŞ-ın düşmənləri uydurmur, tirajlamır, bunlar ABŞ-ın öz mətbuatında yayılır. Biz o məlumatların çoxunu ABŞ dövlətindən maliyyələşən “Azadlıq” radiosu, “Amerikanın səsi” kimi radiostansiyalardan eşidir, onların saytlarından oxuyuruq, televiziyalarının ekranlarından görürük.
Məsələ təkcə Trampın jurnalistlərlə açıq-aşkar dalaşması, başqa dövlətlərin rəhbərləri ilə telefonla danışarkən sözlərini yarıda kəsib kobudluq etməsi, onlarla əl görüşərkən əllərini dartıb, qaba şəkildə silkələməsi, kameraların önünə çıxmaq üçün baş naziri kobudcasına kənara itələməsi, hər addımda ədabazlıq və patavalılıq nümayiş etdirməsi ilə məhdudlaşmır, Tramp verdiyi qərarlarda da elə o qədər vulqar və düşüncəsizdir, qeyri-ardıcıldır.
Mədəni dünya sadəcə bir Tramp antifenomeni ilə üz-üzədir və şaşırıb qalıb. Adamın bir dəqiqə sonra nə edəcəyi, nə deyəcəyi bəlli deyil. Qatıldığı sammitlərdə onun o qədər protokoldankənar hərəkətləri olur ki, kameramanlar çəkib çatdıra bilmirlər.
Deyilə bilər və ara-sıra deyilir ki, ənənəvi protokol qaydaları boş şeydir və Tramp illərlə formalaşmış və get-gedə riyakarlığın zirvəsinə çıxan protokol və etiket qaydalarını qırıb-tökməsi ilə unikaldır. Ancaq razılaşaq ki, başqa bir dövlətin rəhbərinin əlindən yapışıb qolunu qoparacaqmış kimi dartışdırmaq, birinin çiynindən yapışıb kənara itələmək, o birinin üstünə çımxırmaq heç də xoşagələn hərəkət deyil. Bunu nə təhqiramiz davranışa məruz qalan dövlət başçılarının ölkəsinin xalqı, nə də ABŞ xalqı normal qəbul edər.
Bu, ibtidai hərəkətlərdir, daha çox vəhşi təbiətdən gələn davranışlardır. Təkə, morj, aslan, canavar sürülərində öz birinciliyini qəbul etdirmək üçün boğuşan heyvanlar da belə edirlər, iri və güclü olan fərd başqalarının qarşısında boy, əzələ göstərir, sürünün lideri olduğunu təsdiq etdirmək istəyir.
Arxasında qüdrətli ABŞ-ın gücünü hiss edən Tramp da araba kölgəsini özününkü sayır və dünyanın yerdə qalan ölkələrinə bu prizmadan yanaşır: biz güclüyük, sizi əzərik.
Vaxtilə Napoleon və Hitler də başqa dövlətlərə bu cür güc prizmasından yanaşır, öz dövlətini onların dövlətindən güclü sayır, hətta dövlət başçılarını aşağılayırdılar. Napoleon da, Hitler də “dünya ağalığı” eşqinə düşmüşdlər.Tramp isə öz hərəkətləri ilə özünü artıq dünyanın ağası saydığını sərgiləyir.
Əslində, onun sələfləri də ABŞ-ın dünyanın ən qüdrətli dövləti olduğunu bilir və bunu heç vaxt yaddan çıxarmırdılar, amma onlar beynəlxalq görüşlərdə, sammitlərdə özlərini sadə, təvazökar aparmağı bacarırdılar.
Dünya dövlətləri ABŞ-ın liderliyini qəbul etsələr də, heç də ona kölə olmağa razı deyillər. Dünyann ən kasıb dövlətlərindən biri olan Tacikistanın lideri İmomali Rəhmonun Trampla əl görüşəndə onun qolunun zoru qarşısında zor tətbiq etməsi də göstərdi ki, heç kəs bu adamın önündə əlini-qolunu sallayıb durmaq fikrində deyil. Həmin armrestlinqdə Rəhmon Trampa qalib gəlsə də, bu, Ağ Ev sahibinə dərs olmadı, növbəti dəfə o, bu fəndi Fransann yeni prezidenti Emmanuel Makrona qarşı da işlətdi.
Bir Trampın özü deyil, ailə üzvləri də dünyanın diqqət mərkəzindədir. Gah onun arvadının, gah qızının, gah da kürəkəninin barəsində heyrətamiz informasiyalar yayılır. Məsələn, Trampın xanımı Melanianın bir görüşə 51min dollarlıq pencəklə gəlməsi təmtərağa, dəbdəbəyə xüsusi önəm verən Şərq ölkələrində riqqətlə qarşılana bilər, ancaq sadəliyi, təvazökarlığı həyat kredosuna çevirmiş, norma halına salmış Qərbdə bu, ekstravaqantlıq, meşşanlıq nümunəsi sayılır, ikrah doğurur.
Özünü bu tərzdə aparan insanların rəhbərlik etdiyi dünyada haqq-ədalət qalib gələ, xeyir-bərəkət ola bilməz.
Təsəvvür edin ki, əsəblərinə, emosiyalarına sahib ola bilməyən şəxsdə, konkret olaraq Trampda nüvə çamadanı var. Yaxşı ki, bu çamadanın işə salınması mexanizmi ən azı üç mərhələdən, açar-qıfıldan ibarətdir, yoxsa Tramp ağılda birisi qəfildən əsəbiləşərək, xoşuna gəlməyən ölkəyə, məsələn, Şimali Koreyaya nüvə bombası atdırardı.
Bu adam impiçment edilərək postunu vaxtndan əvvəl tərk etməsə, bəşər sivilizasiyasının son 200 ildə əldə etdiyi sosial-siyasi hüquqlar, azadlıqlar ciddi zərbə alacaq, bütün dünya zor diliylə danışacaq.