Rusiyanın az qala bütün elektron və yazılı mətbuatı bu adamın əlində imiş
Rusiya müxalifətçilərindən Aleksey Navalnı Putin rejiminin söykəndiyi iqtisadi dayaqlarla bağlı ifşaedici materiallar yayımlamağa davam edir.
Navalnının rəsmi youtube səhifəsində yayımladığı son videolardan biri Vladimir Putinin media qurumlarını necə nəzarət altına alması barədədir.
Video materialda Putinin yaxın dostu, ölkənin ən böyük banklarından biri sayılan “Bank Rossiya”nın ən iri səhmdarı (37,8%)Yuri Kovalçuk vasitəsilə demək olar ki, bütün Rusiya kanallarına faktiki sahibləndiyi göstərilib.
Musavat.com qeyd edir ki, Yuri Kovalçuk fizika-riyaziyyat elmləri üzrə alimdir. O, 1974-cü ildə Leninqrad Dövlət Universitetinin fizika fakultəsini bitirib. 1987-1991-ci illərdə SSRİ Elmlər Akademiyasının İoffe adına Fizika-Texnika institutunun direktor müavini olub.
Leninqradlı (Sankt-Peterburq-red) olması onun Putinin rəhbərlik etdiyi “Leninqrad klanı”nın ən nüfuzlu üzvlərindən biri edib.
Kovalçukun Putinlə yaxınlaşması 1991-ci ilə təsadüf edir. Həmin il o, “Perpektivli texnologiyalar və ixtiralar mərkəzi”nə rəhbərlik edərkən Fursenko qardaşları (Sergey və Andrey) və Vladimir Putinlə tanış olub. 1996-cı ildə onlar “Ozero” bağ kooperativini təsis ediblər.
Kooperativin yaradılması ideyası isə1985-1991-ci illərdə Leninqrad vilayətinin Priozersk rayonunun İcraiyyə komitəsinin sədri işləmiş, sonradan Putinə ən yaxın isimlərdən biri sayılan keçmiş baş nazir Viktor Zubkovun adı ilə bağlıdır. (Bəzi siyasi müşahidəçilər Zubkovu Putin rejiminin xaç atası belə hesab edirlər-red.)
Viktor Zubkov
Onu da qeyd edək ki, Vladimir Putinin kadrlarının bir çoxu məhz həmin kooperativ vasitəsilə tanış oldğu insanlar arasından seçilib.
Bunların içində Vladimir Smirnov (Rusiyanın nüvə texnologiyalarının və silahının hazırlanmasına rəhbərlik edənlərdən biridir-red.), Vladimir Yakunin (keçmiş nəqliyyat naziri və Rusiya dəmir yollarının sədri-red.), Nikolay Şamalov (“Bank Rossiya”nın həmsahiblərindən biri-red.) kimi Putin imperiyasının qüdrətli simalarının adını çəkmək olar.
Yuxarıda adı çəkilən Sergey Fursenko hazırda Rusiya Federasiyası prezidentinin birinci köməkçisi və 1-ci dərəcəli həqiqi dövlət müşaviridir. O, bundan öncə uzun müddət Rusiyanın Sənaye, elm və texnologiyalar naziri, Təhsil naziri, hətta Rusiya Futbol Birliyinin prezidenti belə olub.
Kovalçuk isə məhz həmin “özək dəstə”nin ən nüfuzlu üzvlərindən biri sayılır.
Onu da əlavə etməyi lüzum bilirik ki, Yuri Kovalçukun səhmdarı olduğu “Bank Rossiya”xarici mediada Vladimir Putinin şəxsi kassası olaraq bilinir. Rusiyanın Krımı işğal etdikdən sonra bank Qərb dövlətlərinin sanksiyası altına düşüb.
Video süjetdə Kovalçukun 10 il kimi qısa bir müddət ərzində Rusiyanın media strukturunu necə, tam olaraq ələ keçirməsi açıq göstərilib.
2006-cı ildə Yuri Kovalçuk “Lider” İdarəçilik şirkətini satın alır. “Lider” Rusiyanın neft-qaz nəhəngi “Qazprom”-un pensiya fondunu idarə edən “Qazfond” şirkətini də idarə edir, Qazfond isə öz növbəsində “Qazprombank”ın nəzarət paketinə sahibdir. Sonuncu isə Rusiyanın ən böyük media quruluşu sayılan “Qazprom media” ya sahiblik edir.
“Qazprom media” nın tərkibində isə hamımızın tanıdığı NTV, NTV plyus, TNT, TV3, 2×2, Pyatnitsa, Trikolortv kabel şəbəkəsi, “Exo Moskvı-nın da daxil olduğu onlarla radio kanalı və “Sem dney” nəşr evi daxildir.
Bu hələ hamısı deyil.
“Qazprom media” “Bank Rossiya”nın nəzarətində olan yeganə qurum sayılmır.
“Bank Rossiya” həmçinin “Natsionalnaya Media Qruppa” şirkətinə də nəzarət edir.
Həmin qrupun tərkibində isə ölkənin əsas dövlət kanallarından sayılan “1-ci kanal”, həmçinin Rent tv kanalı, o cümlədən “İzvestiya” , “Sport-ekspress” qəzetləri kimi tanınmış media qurumları var.
Yeri gəlmişkən “Natsionalnaya media qruppa”nın direktorlar şurasının sədri bədii gimnastika üzrə dünya çempionu Alina Kabayevadır.
Kovalçuk bundan başqa STS medianın da 25%-nə nəzarət edir.
Həmin holdinqin tərkibində isə STS kanalından başqa “Perets” və Türkiyə seriallarının yayım hüququna sahib olan “Domaşniy” kanalı daxildir.
Belə çıxır ki, televizorun idarə pultunda hansı kanalın düyməsini bassanız, hansı radio kanalının dalğasını çevirsəniz, hansı qəzeti açıb oxusanız onların hamısında Kovalçukun izinə rast gələ bilərsiniz.
Yəni Rusiyanın bütün kanalları, verilişləri, proqramları , bir sözlə Rusiya vətəndaşlarının beyninin yuyulması prosesi eyni adamlar tərəfindən idarə edilir.
Bu səbəbdən Vladimir Putinin Rusiyada məğlubedilməzlik imicinin formalaşmasına, onun qeyd-şərtsiz lider olaraq ictimaiyyətin beynində həkk olunmasına əslində bir o qədər də təəccüblənmək lazım deyil.
Musavat.com