DSX Gözəl Bayramlının saxlanılması səbəbini açıqladı
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi AXCP sədrinin müavini Gözəl Bayramovanın saxlanılması ilə bağlı rəsmi məlumat yayıb.
“APA”nın xəbərinə görə, məlumatda bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri Dövlət Sərhəd Xidməti tərəfindən uğurla davam etdirilir: “25 may 2017-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.
Belə ki, G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.
Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
İlkin araşdırmalarla G.Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.