Загрузка...

Onlar kimdir, Fərman bizim Fərmandır...

Professor Fərman Ceyranlının Gürcüstanda həbs olunması xəbərini saytlardan oxuyanda öz-özümə fikirləşdim ki, ona olan vəfa borcumu ödəmək üçün mütləq nəsə yazmaq, bu adamın şəxsiyyəti barədə oxucularda müəyyən təəssürat yaratmaq lazımdır.

Mən onun adını çoxdan eşitmişdim, bir-iki dəfə də telefonla danışmışdıq, amma üzbəsurət tanışlığımız yox idi.

4 il öncə elə oldu ki, qarşılaşası olduq. Ailə üzvlərimizdən birinin cərrahi müdaxiləyə ehtiyac olan (və ya olmayan) problemi vardı.
4-5 klinika gəzdik, 7-8 həkimlə ünsiyyətdə olduq, hərə bir şey dedi, analizlər-manalizlər də öz yerində. Etibar etdiyim ən yaxın həkim dostlarım belə çalışdıqları özəl klinikaların bu əməliyyatın qiymətinin 1000 manat (o vaxtın puluyla 1200 dollar) olduğunu deyirdilər. Onlar bunu bir az da utana-utana dilə gətirirdilər. Çünki özlərindən asılı deyildi.

Ortada səhhət, can söhbəti olandan sonra o pulu düzəltmək çətin deyildi. Tapacaqdıq.

Amma bizim camaatda patoloji “bıçaq altına düşmək” qorxusu var axı. Heç kəs bunu istəmir. Hamı son ana qədər “bıçaq altına düşməyə” müqavimət göstərir, yalnız əlac büsbütün kəsiləndə əməliyyata razılıq verir.

Bizdə durum eləydi ki, müqavimət göstərmək, bir az da araşdırma aparmaq üçün vaxt vardı.

Ona görə də dostlardan biri məni Fərman Ceyranlının üstünə göndərdi, dedi, bir professorla da məsləhətləş. Getdik, görüşdük. O, məni 40 ilin tanışı kimi qarşıladı. Xəstənin bura qədərki diaqnozlarını, epikrizlərini incələdi, müayinə etdi. Sonda doktor dedi ki, əslində cərrahi müdaxiləyə ehtiyac yoxdur, olsa belə, 200-300 manatla başa gələ bilər, ancaq ən yaxşısı iynə-dərmandır. İnandırdı. Bir az çətin tapılan preparat təyin etdi. Cəmi 60 manata həmin preparatı da tapdıq. Müalicə başladı və iki həftənin içində problem həll olundu.
Bu hadisədən bir qədər sonra Fərman Ceyranlı buradakı klinikasını bağlayıb ölkədən gedəsi oldu. Onun klinikasına külli miqdarda cərimə kəsmişdilər, ödəməsi zor idi.

Doktor ata yurduna, Gürcüstana üz tutdu. O zaman dostlar deyirdi ki, Fərman doktor bizim kisəmizdən getdi, xəstəmiz olanda üstünə qaçırdıq, hesab oxumadan baxırdı, minimal xərclə xəstəmizin həyatını xilas edirdik, indi necə olacaq.
Bir çox pasiyentləri doktorun ardınca Gürcüstana getməli oldular.

İndi məlum olur ki, Fərman həkimin başına Gürcüstanı da dar ediblər.

Əlbəttə, istənilən cərrahın heç də bütün əməliyyatları uğurlu olmur, ola da bilməz. Bunun əlacsız xəstəliyə düçar olanları, günü keçmiş ahılları var və bu cür xəstələrin ömrünü uzatmaq üçün nəinki ən yaxşı həkimlər, hətta müasir tibb elmi də acizdir.

Əldə etdiyimiz məlumata görə, Fərman həkimin budəfəki problemi özü ilə bağlı deyil, onun klinikasında fəaliyyət göstərən bir həkimin lisenziyasının vaxtının iki gün keçməsi ilə bağlıdır.

Birincisi, bu, o qədər də böyük ciddi qanun pozuntusu deyil, həkimin lisenziyası bu gün səhər bitirsə, bu, onun peşəkarlığını avtomatik olaraq azaltmır ki, o, neçə müddət öncə təyin edilmiş əməliyyatı təxirə salsın. İkincisi, buna görə həmin həkimin özü məsuliyyət daşıyır. Üçüncüsü, hər bu cür texniki xarakterli qüsurlara görə tibb professorunu həbsə almaq qətiyyən düzgün deyil. Bu, onun yüzlərlə xəstəsinin həyatı bahasına başa gələ bilər.

Böyük ehtimalla Fərman Ceyranlının başına gələn bu vaqiə siyasi motivlidir və sırf onun siyasi baxışlarına görədir. Bir müddət əvvəl o, parlament seçkilərində namizədliyini irəli sürmüşdü və fəal təbliğat aparırdı.

O da ola bilər ki, doktorun rəhbərlik etdiyi klinikanın uğurlu fəaliyyət göstərməsi, gündən-günə populyarlaşması onun maddi imkanları haqqında kimlərdəsə yanlış və şişirdilmiş təəssürat yaradıb və onların iştahını qabardıb, indi onlar professorun qazancına şərik olmaq istəyirlər.

Hər halda, Gürcüstan İsveç, Norveç deyil ki, qanunun aliliyi daima öndə olsun və heç kəs sahibkarları əbəs yerə incitmək fikrində olmasın. Gürcüstan kriminal ünsürlərin və korrupsiyaya meylli özbaşına məmurların boy göstərdiyi Cənubi Qafqaz ölkəsidir. Bu ölkə Saakaşvilinin vaxtında qonşularından çox qabağa çıxmışdı, amma yavaş-yavaş geriyə qayıdır, qonşularına tay olur.

Yəqin ki, Fərman Ceyranlı ilə bağlı məsələ də bir yolla çözüləcək və haqq-ədalət yerini tapacaq.

Bu yazını ona görə yazdım ki, biz belə həkimlərimizin qədrini bilməliyik, onlar öz ölkəmizdə çalışmalıdırlar və öz ölkəmizə faydalı olmalıdırlar. Onların başqa ölkələrdə nə işi var ki, hüquqsuz duruma düşəndə də kömək edə bilməyək.