“Tramp İranla Səudiyyə Ərəbistanını vuruşdurmaq istəyir” – Qərb mətbuatı

Donald Tramp Səudiyyə Ərəbistanında terrorizmə qarşı gurultulu çıxışı ilə yadda qaldı.

ABŞ prezidenti terrorizmi müasir dünyanın ən böyük bəlası adlandıraraq məhz bu səbəbdən ilk rəsmi səfərini Yaxın Şərqə etdiyini söylədi.
Trampın çıxışında yadda qalan məqamlardan biri də ABŞ-ın artıq bölgə ölkələrindəki daxili nizama qarışmayacağı, onlarla münasibətlərdə sadəcə yardım və əməkdaşlıqla kifayətlənəcəyi ilə bağlı sözəri oldu. Bununla Tramp bölgə ölkələrindən demokratik quruculuq yolunda addımlar atmasını tələb edən Obama administrasiyasının yanaşma tərzindən özünü xeyli fərqləndirdi.

“Bz burada sizə mühazirə oxumağa gəlməmişik. Biz başqalarına necə yaşayacağını, nə etməsini, necə olmasını və hansı tərzdə dua edəcəyini də öyrətmirik. Hər şeydən öncə biz bir məqsəd uğrunda, tarixin ən böyük sınaqlarından olan terrorizmə və onu qidalandıran qüvvələrə qarşı birləşməliyik. Terrorçuların Tanrıya inamları yöxdur. Onlar ancaq ölümə sitayiş edirlər. Terrorizmlə mübarizə müxtəlif dinlər və sivilizasiyalar arasında gedən savaş deyil, bəşəriyyətin varlığına hücum edən cinayətkar barbarlara qarşı verilən mücadilədir. Bu mübarizə Xeyir və Şər arasında gedir”,-Tramp pafosla bəyan edib.

Lakin Qərb mətbuatı Trampın terrorizmlə mübarizə yerini yanlış seçdiyi düşüncəsindədir.

“Bu gün “cinayətkar barbarları dəstəkləyən və maliyyələşdirən dövlətlərin başında Səudiyyə Ərəbistanının vəhhabi kral ailəsi gəlmirmi”,- Almaniyanın Tageszeitung qəzeitnin yazarı Andreas Tsumax sual verir.

Müəllifin firkincə, bu radikal dinçilərin 90-cı illərdə Əfqanıstanda törətdikləri terror aktlarından tutmuş, indiki dövrdə İŞİD-ə və digər əli qanlı terrorçu qruplara verilən dəstəkdə hər zaman özünü göstərib.

“Tramp İranla Səudiyyə Ərəbistanını vuruşdurmaq istəyir” – Qərb mətbuatı

“Bu faktlar Ağ Evin rəhbərliyinə də yaxşı məlumdur. Lakin milyardlarla dollarlıq silah sazişləri Vaşinqtonu bunlara “göz yummağa” sövq edir”,- deyərək Tsumax yazır:

“Lakin bunun əvəzinə Tramp hökuməti Səudiyyə Ərəbisanı və İsraillə birlikdə dünya terrorçuluğunun əsas sponsorunun İran olduğunu söyləyir”.

Yazı müəllifi İranın nüvə proqramı və bölgədə oynadığı neqativ rolla bağlı tənqidlərin yerində olduğunu söyləyir.

“Lakin Səudiyyəni silahlandıran və şirnikləndirən siyasətçilərin dilindən İranla bağlı bu kəlmələr riyakarcasına səslənir.Tramp öz nitqində müharibənin dinlər və sivilizasiyalar arasında getmədiyini söyləsə də, əslində sünnilər və şiələr arasındakı münaqişənin üstünə yağ tökməklə məşğuldur. Bu isə İranla Səudiyyə Ərəbistanı arasında müharibə təhlükəsini daha da artırır”, – müəllif yekun fikrini ifadə edib.

Musavat.com