Mayın əvvəlində “Əsa” teatrı Azərbaycan Teatr Xadimləri İttifaqının salonunda Şekspirin “Yay gecəsində yuxu” pyesi əsasında tamaşaya dəvət edəndə çox sevinmişdim. Birincisi, kollektivinin yarısı əlillərdən ibarət bu teatrımız keçən ilin sonu yaranmasına baxmayaraq artıq inamla ayaq üstdə durmağa başlayır. (Söz oyunu eləmirəm). Çünki biz Azərbaycanda yaxşı işlərin bir atımlıq barıt olmasına öyrəncəliyik – təəssüf ki. Bizim ölkədə şər həmişə davamlıdır, xeyir isə tez əldən düşür. Bunu mən həmişə qınamışam. Yorulmaq bizə yaraşmır. Yorulmaq mədəniyyətə heç yaraşmır. “Əsa” teatrı artıq yanılmıramsa 4-cü tamaşasını göstərir, ən gözəli isə bunların demək olar hamısı anşlaqla keçir. Peşəkarlıq, aktyorların oyununda ustalıq da hər tamaşada artır.
İkincisi, həmin tamaşa salonu gəncliyimin ən xoş xatirələri ilə bağlıdır. O salon Xaqani küçəsində yerləşir, uzun müddət çalışdığım “Azadlıq” qəzetinin redaksiyası da bu küçədə idi. Neft bumu başlayanda yapistlər tariximiz üçün qiymətli o binanı (Elçibəyin son iş kabineti də bu binada idi) söküb sözün əsl mənasında yerinə turp əkdilər – Hesablama Palatası adlı heç kimə lazım olmayan quruma bina qayırdılar. Hesablama və pullar media və tarixi əvəz eləmişdi. Bizim ikinci neft bumunu (bum – nəyinsə qəfil yüksəlişini, inkişafını bildirən sözdür) 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlindəki birinci neft bumundan fərqləndirən də elə bu cəhəti idi. Əgər 1-ci bumda milyonçular mədəniyyətə, mediaya, teatra, məktəbə pul qoyurdularsa, 2-ci bumun pulları mənasız göydələnlərə, talançı idman yarışlarına axıdıldı. Qalanı isə oğurlandı. Ancaq bu, artıq ayrı temadır.
Redaksiya yaxınlığında olduğundan Teatr Xadimləri İttifaqının salonunda tamaşa göstərən Gənclər Teatrının vurğununa çevrilmişdim. Ölməz Hüseynağa Atakişiyevin rejissorluğu ilə tamaşaya qoyulan bütün əsərlərə baxırdım. Üstündən 15 ildən çox keçir, ancaq mənə hələ də Gənclər Teatrında baxdığım “Neron oynayır” (müəllif M.Xubai), “Generalın son əmri” (Vaqif Səmədoğlu), “Yay gecəsində yuxu” (Şekspir), “Mühacirlər” (Slavomir Mrojek), “Ən xoşbəxt gün” (Əli Əmirli) tamaşalarından aldığım müsbət enerjini itirməmişəm. (Sözgəlişi, Gənclər Teatrı mənim şəxsi həyatımı da dəyişdirən bir məkandır – gələcək xanımımla məhz burda tanış olmuşam). Gənclər Teatrının səhnəsində tanıdığım, indi hərəsi ölkə incəsənətində ad qoymuş o qədər adam var ki, təkcə adlarını yazmağa bir qəzet səhifəsi yetməz. Məncə onların aktyor istedadını açan, bir növ yonub brilyanta çevirən məhz Hüseynağa bəy idi.
Bəzi adamlar haqda deyilən “yeri görünür” sözləri Hüseynağa bəyə aiddir. Ümumiyyətlə, 90-cı illər kasıb, maddi imkansız Azərbaycan mədəniyyətində teatrın bir növ dirçəliş illəri idi. Yuğ, Kamera Teatrı, Pantomim, Gənclər – bunlar hər biri orijinal yolu olan dünya səviyyəli teatrlar idi. İndi təəssüf ki, parlaq pullara bürünüb ölmüş teatrımız bər-bəzəkli dekorasiyadan başqa bir şey deyil. Bu ölüm həm də fiziki mənadadır, çünki “Yuğ” Vaqif İbrahimoğlunun, Gənclər isə Hüseynağa bəyin ölümündən sonra demək olar “qəbrə qoyulublar”. Birinin ofisini dağıdıb didərgin saldılar, o birini isə Gənc Tamaşaçılara calaq eləyib qurutdular. Qədim Misir zülmətində yaşayırsansa, oranın adətləri olmalıdır. Rejissor öz teatrı ilə birgə qəbrə qoyulmalıdır. Azdramanın ölü səhnəsində isə ölüvay rejissor “Ölülər”in “ölüsünü” göstərməlidir.
“Əsa” teatrına xatirələrimi oyatdığı üçün minnətdaram. Mayın 20-də “Yuxum” tamaşasını təkrar oynadılar. Tamaşa haqda teatral analiz yazmaq istəmirəm: filankəs elə oynadı, behmənkəs belə elədi… Məncə özünüz internetdə “Əsa” teatrının səhifəsini tapıb izləyin, növbəti tamaşalara gedin, gözünüzlə görün. Çünki teatrın verdiyi emosiyanı sözlə çatdırmaq bəzən çox çətindir. Ustalıq lazımdır. Məndə isə nə gizlədim, bu sahədə Aydın Talıbzadə, İlham Rəhimli qabiliyyəti yoxdur. Tamaşa haqda ancaq bir cümlədə qeyd edim ki, məncə bu, fiziki məhdudiyyətli aktyor Elvin Mirzəyevin benefisi sayıla bilərdi. Mirzəyev olduqca yadda qalan bir obraz (meşə ruhu, elf Pak rolu) yaratmışdı. Heyrətamiz oyun idi.
Bir də, köhnə dostumuz Orxan Adıgözəlin oynadığı Tesey obrazına boynuna vurduğu milli ay-ulduzumuzun tatusu (döyməsi) xüsusi kolorit verirdi. Məncə yaxşı edib onu qrimlə örtməmişdilər. Pyesdəki yuxu indi bizim ölkənin yatdığı yuxuya çox bənzəyirdi. Hətta alqışlar arasında padşah Teseyin onu lağa qoyan aktyora nəzərən “Basın bunu 14-cü kolona!” deməsi eşidilməz olsa da…