Загрузка...

Ya Tramp çökəcək, ya da ABŞ...

Belə getsə, gerçəkdən də Donald Tramp ABŞ prezidenti postunda sona qədər otura bilməyəcək. Onun mühasirəsi hər gün bir az daralır, qovluğu dolur. Zatən, bunu hələ ötən ilin noyabrında, Tramp prezident seçilməzdən öncə də yazmışdıq, “seçilsə də, sona qədər işləyə bilməyəcək” deyə bir cümlə işlətmişdik.

Görünən dağa bələdçi lazım deyildi, Tramp öz ekstravaqant hərəkətləri, sıradışı açqlamaları ilə ənənəvi siyasətçilərdən olmadığını göstərirdi.
Onun açıq irqçi və şovinist çıxışları amerikalıların bir qismində rəğbət, riqqət doğururdusa da, digər qismində, xüsusilə də intellektual dairələrdə dərin narahatlıq yaradırdı.

Hələ seçki kampaniyasında Trampın bir sıra fikirləri ABŞ-ı yoxdan var etmiş “təsisçi atalar”ın yazıb-qoyub getdikləri konstitusiyaya, müdafiə etdikləri dəyərlər toplusuna ziddiyyət təşkil edirdi.

Bu üzdən çoxları, xüsusilə də məşhur senatorlar, aktyorlar, rejissorlar və yazıçılar hələ o dövrdə açıq tekstlə bildirirdilər ki, bu adamdan ABŞ-a prezident olmaz.

Fəqət ABŞ-ın seçki qanunvericiliyindəki bir zəif nöqtə Trampa seçkiləri udmaq imkanı verdi.

O, hələ and içib vəzifəsinin icrasına başlamazdan öncə bir sıra açıqlamaları ilə göstərdi ki, onun barəsində verilən bəd proqnozlar sürətlə doğrulacaq.

Tramp vəzifəsinin icrasına başladığı gün jurnalistlərlə dalaşdı, mediaya qarşı dözümsüzlüyünü ortaya qoydu. Sonradan məlum oldu ki, o, hətta ona qarşı yazan jurnalistləri həbs etdirmək istəyib. Sadəcə, onun bu qanunsuz əmrini yerinə yetirməyiblər.

Yeni prezidentin bir sıra müsəlman ölkələrindən olan insanların ABŞ-a girişinə yasaq qoyması qərarı da həm dövlət adamları, həm də cəmiyyət tərəfindən rəğbət görmədi, müqavimətlə qarşılandı. Bu müqavimət Tampın kükrəyən şovinistliyinin alovunu xeyli azaltdı
Meksika ilə ABŞ arasında divar çəkmək və bu divarın pulunu Meksikaya ödətmək layihəsi də fiaskoya uğramış kimi görünür.

Daha sonra Rusiya ilə əlaqələri faş olan silahdaşıyla (milli təhlükəsizlik məsələləri üzrə müşaviri Flinn) bağlı rüsvayçılıq, iki həftə əvvəl təyin etdiyi kadrı istefaya göndərməsi Trampın bu postda təsadüfi olduğunun göstəricisi idi. ABŞ tarixində belə şey olmamışdı.

Məsələ bununla da bitmədi. Trampın bu işi araşdıran FTB direktoruna təzyiq göstərdiyi, daha sonra onu vəzifəsindən götürdüyü məlum oldu və bu, onsuz da alovlanmaqda olan ocağın üstünə bir tanker benzin tökülməsi kimi bir şey oldu – partlayış baş verdi.

Bu aylar ərzində Trampa xal qazandıran yeganə hərəkəti Suriyadakı aviabazanın gecəylə bombalanması olmuşdu. Ancaq tezliklə aydın oldu ki, o, bombardmandan qabaq Rusiyanı xəbərdar edib, Rusiya da öz növbəsində müttəfiqi Əsədə xəbər ötürüb, nəticədə aviabaza xeyli dərəcədə boşaldılıb və Suriyanın itkisi minimal olub.

Trampın Avropadakı və Yaxın Şərqdəki müttəfiqlərindən aldığı məxfi məlumatları Rusiya ilə bölüşməsi də ABŞ tarixində misli görünməmiş qalmaqal yaradıb. Ondan əvvəl heç bir ABŞ prezidenti bu cür vecsiz hərəkət etməyib.

İsrail hökuməti bu hərəkətdən o qədər pəjmürdə olub ki, baş nazir Binyamin Netanyahu köməkçilərinə Trampla danışarkən ehtiyatlı olmağı tapşırıb.

Bütün bunlar o anlama gəlir ki, Tramp nəinki dünya hegemonu olan dövlətin başçısı olaraq dünyanı, hətta ABŞ-ı idarə etmək gücündə deyil.
Özbaşına qoyulsa o, gerçəkdən də şovinist bir diktator ola bilər. Ancaq onun önündə Çin səddindən də qalın və uzun bir sədd – ABŞ konstitusiyası və 200 ildən artıq bir müddətdə saat mexanizmi kimi işləyən dövlətçilik ənənəsi var.

ABŞ-ın yazılmış və yazılmamış qanunları heç kəsə, istisnasız olaraq heç kəsə onları dəyişdirmək, öz iradələrinə tabe etdirmək, yanından sivişib keçmək imkanı vermir. Bu qanunları qoruyan institutlar çox güclüdür.

Bu ilin yanvarında Tramp ABŞ-ı öz holdinqi kimi idarə edəcəyini düşünürdüsə, indi artıq yanıldığını anlayıb, ancaq şəxsi ambisiyası və hikkəsi onu hələ də ABŞ dövlətçiliyinə müqavimət göstərməyə vadar edir.

Trampın ağlı Şərq müstəbidlərinin uzunömürlü hakimiyyətinə, dövləti təkbaşına idarə etmələrinə gedir və öz-özünə düşünür ki, nə fərqi var, niyə o da onlar kimi hüdudsuz səlahiyyətlərə malik deyil.

İndi dünyanı bu sual düşündürür: Tramp gerçəkdən də impiçment proseduruna məruz qalacaqmı? Böyük ehtimalla qalacaq. Dünyanın ən ciddi, ən qüdrətli, ən varlı, ən çoxqollu dövləti bu cür adama təhəmmül edə bilməz. Əks təqdirdə özü süqut edəcək.