ABŞ: havada impiçment qoxusu var – Trampın mühasirəsi daralır

Prezidentin vəzifədən kənarlaşdırılması ilə bağlı çağırışlar artıq daha ucadan səsləndirilməyə başlanıb

ABŞ ictimaiyyəti, mətbuat və qanunverici orqanın üzvləri prezident Donald Trampa qarşı impiçment prosedurunun işə salınması məsələsini müzakirə etməyə başlayıblar.

Qərb mediası prezidentin komandasının Rusiya ilə əlaqələrini araşdıracaq xüsusi prokurorun (Robert Müller) təyin edilməsini ona qarşı etimadsızlıq votumu elan olunmasına doğru ilk addım kimi dəyərləndirir.

Əgər Trampın FTB-nin keçmiş direktoru Ceyms Komiyə milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir Maykl Flinnlə bağlı təhqiqatın dayandırılması ilə bağlı təzyiq göstərdiyi öz təsdiqini tapsa, bu impiçment prosedurunun işə salınması üçün kifayət qədər əsas verəcək.

Belə bir siituasiyada Texas ştatından olan demokratkonqresmen El Qrin parlament tribunasından Donald Trampa qarşı impiçment təşəbbüsünü qaldırmağa hazır olduğunu elan edib.

Respublikaçı konqresmen Castin Amaş da (Miçiqan) “Nyu-York Tayms”-la söhbətində Komiyə qarşı təzyiq xəbərinin impiçment üçün kifayət qədər əsas verdiyini bildirib. Qeyd etmək lazımdır ki, C.Amaş Donald Trampla eyni partiyadan olmasına rəğmən onun ən qatı əleyhdarlarından sayılır. O, Trampın Rusiya ilə əlaqələrini araşdıracaq komissiyanın yaradılmasını istəyən respublikaçı konqresmenlərdən biridir. Amaş Trampın hakimiyyədən getməsini açıq şəkildə istəyən ilk respublikaçı qanunvericidir.

“New York Magazine” qəzetinin köşə yazarı Conatan Çeyt Tramp ətrafında yaranan skandalı Riçard Niksonun istefasına gətirib çıxaran “Uotergeyt işi” ilə müqayisə edib.

Trampın Rusiya xarici işlər naziri Sergey Lavrov və səfir Sergey Kislyakla görüşdə məxfi informasiyanı paylaşması xəbəri impiçment ətrafında gəzən söz-söhbəti daha da qızışdırıb.

Bundan başqa, “The Washington Post” qəzetində gedən bir məqalə, necə deyərlər, “odun üstünə yağ töküb”. Qəzet Konqresin Nümayəndələr palatasında respubikaçıların fraksiya rəhbəri Kevin Makkarti və parlamentin spikeri Pol Rayan arasındakı söhbəti dərc edib. Həmin söhbət zamanı adı çəkilən siyasətçilər Ukraynadakı vəziyyəti, Rusiyanın təbliğatını və Moskva tərəfindən maliyyələşdirilən təşkilatlar məsələsini müzakirə ediblər. Makkarti Putinin ABŞ-da iki adama pul ödədyini deyib. Bunlardan biri Donald Tramp, digər isə Putinin yaxın dostu və onun az qala ABŞ-dakı təmsilçisi sayılan, Nümayəndələr palatasının üzvü, Deyna Rorabaxerdir .

Qeyd olunur ki, həmin söhbət 2016-cı ilin iyun ayının 16-da Ukrayna baş naziri Vladimir Qroysmanla görüşdən əvvəl baş tutub. Görüş tam 1 ildən sonra mətbuata sızıb və bu barədə The Washington Post qəzetində Adam Entusun xüsusi yazısı dərc olunub.

Doğrudur, hər iki konqresmen bu xəbəri boyunlarına almaq istəməyib. Rayanın mətbuat katibi Brendan Bak ümumiyyətlə belə söhbətin olmadığını söyləyir. Makkartinin mətbuat katibi Mett Sparks isə xəbəri iftira və yalan adıandırıb. Jurnalistlər hər iki həmkarına söhbətin stenoqramının əllərində olduğunu xatırlatdıqda onlar siyasətçilərin öz aralarında zarafat etdiyini söyləyməyə məcbur olublar.

İndiki anda impiçment mümkün görnməsə də, ictimai rəy hər gün Trampın əleyhinə işləyir. Sosioloji rəy sorğularının nəticələrinə görə, ABŞ əhalisinin 48%-i Trampın hakimiyytədən getməsini istəyir. Müqayisə üçün qeyd edək ki, Monika Levinski skandalı sonrası ABŞ əhalsinin Klintona rəğbəti 62% idi və bu faktor bir çox respublikaçı konqresmeni impiçmentin lehinə səs verməkdən vaz keçirmişdi.

“Tramp o qədər səhv edib ki, artıq bəzi müdriklər onun impiçment zonasına daxil olduğunu düşünməyə başlayıb”, – Fransanın “Le Monde” qəzeti yazır.

“Çılğınlıq, impulsivlik, nəzarət olunmayan tvitlər…buna görə impiçment prosudurunu yalnız Nümayəndələr palatasındakı respublikaçılar qaldıra bilərlər. Doğrudur, iş o yerə gəlib çatmasa da, belə bir ehtimalın dilə gətirilməsi belə prezidentin nə dərəcədə zəif durumda olduğunu açıq şəkildə göstərir”, – qəzet qeyd edir.

“Impiçment” sözü Vaşinqtonda elə-belə havaya buraxılmır. Lakin Donald Trampın Rusiya ilə əlaqələrini araşdıran təhiqaqata mane olmaq istədiyi barədə gedən xəbərlər artıq daha ucadan səslənməyə başlayıb”, – Britaniyanın Financial Times qəzeti yazır. Üstəlik, Tramp dünən xüsusi prokurorun təyinatına qarşı da çıxıb.

loading...