Yaxud kənd təsərrüfatı nazirinin oğlu hansı traktoru sürməlidir
Kənd təsərrüfatı nazirimiz Heydər müəllim haqda son günlər kütləvi və qeyri-kütləvi (iqtidarın bloklama, repressiya siyasəti sayəsində bizdə artıq bu cür jurnalistika da yaranır) informasiya vasitələrində yazılanları oxuyanda çox məşhur ata sözlərimizdən biri yada düşür: “Sən saydığını say, gör fələk nə sayır”.
Məsələ ondadır ki, Heydər Əsədov Azərbaycanın ən yeni tarixində və ən pullu vaxtlarında – 2007-2013-cü illərdə Hesablama Palatasının sədri olubdur. Bu palatanın əsas funksiyası isə dövlət büdcəsinə nəzarətdir, ora girib-çıxan pulların, o cümlədən dövlət əmlakının necə idarə edilməsi haqda rəy yazmaqdır. Bəs Heydər müəllim belə rəylər yazırdımı? Yox. Əksinə, hər il gedirdi deputatxanada hesabat verirdi ki, dövlət büdcəsində korrupsiya nədir, heç qığı da görünməyibdir, hamı yaxşı, düzgün işləyir, bir qəpik dövlət malına göz dikilmir və sairə.
Əlbəttə, Heydər müəllim o dövrün əsas pul maşınlarından olan qudası – nəqliyyat naziri Ziya müəllim haqda nəsə pis hesab çıxarda bilərdimi? O zaman dövlətçiliyimizin əsas bel sütunlarından biri – qohumbazlıq sarsılardı. Başını aşağı salıb hesabatının haqqını yeyirdi, oğul-uşaq da Londonda maşın ötüşdürürdü.
Bax, elə Londondakı maşının şəkli də nədənsə gəlib indi Bakıya çatıbdır. Çünki qarı şey olub, quda vurulub, qapı bağlanıb və indi yuxarıda yazdığım məsəlin ikinci hissəsinin dövrüdür. Fələk saymağa başlayıbdır, bu isə tarixən haqq-hesabın ən pis hissəsi sayılır.
Özü də hara fırlatsan uşağın Dumanlı Albionda “Porşe” ilə şütüməsi dövlətçilik prinsiplərimizə uyğun gəlmir. Çünki Heydər müəllim palatada neft dollarlarını sayıb qurtarandan, ölkə də postneft erasının böhranına kəllə vurandan sonra kənd təsərrüfatını dirçəltməyə göndərilib və kənd təsərrüfatı nazirinin oğluna Sabirabadda pambıqyığan kombayn, Kürdəmirdə DT-75 traktoru sürmək yaraşardı. Yoxsa “Porşe”… Bu maşınla heç fermadan bidonla süd də daşımaq olmaz.
Fələyin sayğacına, kalkulyatoruna ürcah olanların bir qrupu isə keçmiş MTN əməkdaşlarıdır. Dahi ingilis yazıçısı, bir suyu bizim İsa Qəmbərə oxşayan Redyard Kiplinqin hələ 19-cu əsrdə yazdığı “Cəngəlliklər kitabı”nda bu proses tam dəqiqliyi ilə təsvir olunubdur. Oxuyanların yadına gələr, orda canavar sürüsünün başçısı Akela qocalanda ovda pəncəsi boşa gedirdi, bundan sonra sürü qərar verirdi ki, Akela ölməlidir. Onu yanılmıramsa Mauqli xilas edirdi – çoxdan oxumuşam.
İndi əlbəttə, MTN-in “qocalmış” canavarlarını xilas etmək üçün “Mauqli” tapmaq bir az çətindir. Gərək vaxtında meşədə bir uşaq tapıb himayəyə götürəydin. Bunlar isə heç gələcəklərini düşünməyiblər, eləcə “bu gün cəmdək varsa, həyat gözəldir!” fəlsəfəsi ilə yaşayıblar.
Həmin MTN qurdlarının ən böyüklərindən olmuş general Çovdarov məhkəmədə çox əsəbləşdi, dedi, məni danışdırmayın, yoxsa vətəndaş müharibəsi salaram. Guya bunda yüksək vəzifəli məmurlar haqda dəhşətli kompromatlar varmış.
Gülməli açıqlamadır. Adam vaxtında qəzet oxusa, radio-filan izləsə bilərdi ki, bizim ölkədə daha heç bir şey cəmiyyəti qarşıdurmaya gətirəcək qədər şok yaratmır. Prinsip etibarilə, az qala hamının oğurluğundan, quldurluğundan dastanlar yazılıb, kinolar çəkilib, hesablar ortaya qoyulub. Azərbaycan xalqının isə tükü tərpənməyib, əksinə, ürəyimizdə paxıllıq eləmişik: “Kaş imkan olaydı bu cinayətləri biz edəydik”. Yenə bunlar yeyib doyublar və sairə – özünüz söhbəti məndən yaxşı bilirsiniz.
Məni bu tragikomik hədənin ikinci, necə deyərlər, nəticəvi hissəsi daha çox güldürdü. Vətəndaş müharibəsi təhlükəsi olan hissəni nəzərdə tuturam. Hətta adam az qalır türmədəki o biri bandit, insan qanı ilə mənzərə janrının görkəmli ustası polkovnik Hacı Məmmədova “Vətəndaş müharibəsi təhlükəsi” rəsmi sifariş versin. Salvador Dalidən nəyi əskikdir?
Yoldaşlar, məncə, bu ucuz şantajı yığışdırmaq lazımdır. 1993-cü ildən bəri çox adamdan vətəndaş müharibəsi hədələri eşidirik. Biri deyir, vətəndaş savaşını önlədim, o biri deyir, vətəndaş qanı tökmək istəmədim, yoxsa filankəsin ağzını cırardım. Hərçənd axırda sənədlər açıldı, məlum oldu qan tökmək istəyirmişlər, sadəcə, əmri yerinə yetirməyə – ağız cırmağa göndərməyə ləyaqətli kadr tapılmayıb və hamı qorxudan siçan deşiyinə giribmiş.