Kremlə dost yox, nökər lazımdır

Faşizm üzərində qələbənin 72-ci ildönümündə Moskva paradında Putini müşayiət edən tək xarici dövlət başçısı Moldova prezidenti İqor Dodon oldu. Rusiyameylli hesab olunan Dodon buna görə öz ölkəsində sərt tənqidə tuş gəldi, ona hətta “Putinin sadiq nökəri” yarlığı yapışdırıldı.

Ancaq belə görünür, Moldova liderini moldavanların onun haqqında nə düşünməsi elə də qayğılandırmır. Çünki onun zənnincə, Rusiyaya münasibətdə ən doğru yolu seçib və bu yol Moldovanın ərazi bütünlüyünün təmin edilməsinə gətirəcək.

Yəni Dodon zənn edir ki, “pisim-mişim”lə Kremlin, Putiniun saqqızını oğurlayıb,separatçı Dnestryanı bölgəni ölkə tərkibinə qaytara biləcək. Bu hədəf naminə hətta Putinin nökəri olmağa da dəyər. Amma dəyərmi?

Məsələ ondadır Ermənistan prezidentlərinin hamısı Moskvaya Dodondan da sadiq nökərlər olub. SerjSərkisyan isə bu yöndə lap rekord qırıb. Di gəl ki,qarşılığında indiyədək Ermənistanın hansısa ciddi problemi yoluna qoyulubmu? Yoxdu belə şey.

Heç Qarabağ məsələsində də İrəvanın əsas diləyi yerinə yetməyib: Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal eləsə də, 30 ildə Dağlıq Qarabağ problemi onun xeyrinə rəsmiləşməyib. Çünki Rusiya bunu istəmir. O, konfliktin həllini, ümumiyyətlə, istəmir – hərçənd Ermənistanla hərbi-siyasi müttəfiqdir, bu ölkənin az qala, bütün ərazisini hərbi plasdarma, özünü vassala çevirib.

Kreml hətta Ermənistana Dağlıq Qarabağdakı qondarma dövlətitanımağa da izn vermir. Tək səbəb də budur ki, Moskvanı İrəvanın problemləri yox, bölgədəki maraqları maraqlandırır, Qarabağ məsələsindən, Ermənistanın nökər statusundan istifadə edib Azərbaycanı öz təsir dairəsində saxlamaq düşündürür.

Dodon isə “gözü çıxan qardaşlar”dan nümunə götürmək əvəzinə, möcüzə axtarışına çıxıb. Xəbəri yoxdu ki, Rusiya ilə ən yaxın münasibətlərdə olan heç bir postsovet ölkəsi və ya qeyri postsovet ölkəsi hələ ki ağ günə çıxa bilməyib, öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü möhkəmlədə bilməyib – nə Ermənistan, nə Belarus, nə də Qazaxıstanı və ya Orta Asiyanın geridə qalmış ölkələri. Ukraynanın durumu da göz qabağında.

MDB, KTMT təcrübəsi də göstərdi ki, Rusiya ilə müttəfiqlik və ya ittifaq, yaxudonunla eyni bloklarında təmsilçilik – inkişaf, güclənmək, rifah yolu deyil. Əksinə – inkişaf, tərəqqi Rusiyadan bacardıqca tez aralanıb, normal inkişaf yoluna çıxmaqdadır. Gürcüstan kimi.

Rusiyadan uzaqlaşdıqdan sonra bu ölkə əməlli-başlı tərəqqi, demokratiya yoluna qədəm qoyub. Gürcüstan iqtisadi azadlıqları, təməl azadlıqları təmin eləməklə öz iqtisadi göstəricilərini ilbəil yaxşılaşdırır, turizm sahəsində heç bir postsovet ölkəsinin çatmadığı böyük uğurlar əldə edib. Avropa Birliyi ilə vizasız gediş-gəlişə nail olub. Ərazi bütövlüyü məsələsində də qərb qonşumuz ABŞ və Avropanın ən güclü dəstəyini qazanıb və bu gedişlə, Qərbin dəstəyi ilə əmin olun ki, gec-tez öz torpaq bütünlüyünü də təmin edəcək.

Sadalanan uğurların tək səbəbi odur ki, Gürcüstan özünə hörmət qoyur, kimsənin vassalı deyil və ən məqbul yolu seçib. Moskvaya isə məhz vassal, nökər lazımdır. Ancaq Moskva nökərləri sevməz, onları sadəcə, istifadə üçün bəsləyər. Yeri gələndə isə xərcləyib təzəsini alar. Ən ümdəsi, nökərlərin ağa yanında hörməti-izzəti olmaz.

Azərbaycanın da öz ərazi bütövlüyünə təminat yolu Gürcüstan yolundan keçir. Rusiyanın yox, qardaş Türkiyənin təmsil olunduğu dəyərlər sistemində yer almaqdan keçir. Özümüzü dağa-daşa salmayaq və Rusiya illüziyasından qurtulaq. Zira, Rusiya ilə şərikli xoşbəxtlik olmur. Rusiya ilə xoşbəxtlik yalnız Rusiyaya aiddir.

Kreml ideoloqu Duqin Bakıda necə demişdi: “Kim bizim yanımızdadırsa, ərazi bütövlüyünə təminat veririk, kim deyil – vermirik”. Səbəb bəsit: çünki şimal qonşumuz özündən kiçik ölkələrə həmişə ikinci sort dövlət kimi, imperiya gözü ilə, yuxarıdan aşağı baxır və baxacaq. O, BMT, ATƏT-filan, beynəlxalq hüquq hərləmir.
“İkinci sort” dövlətin “birinci sort” dövlətlə səmimi, bərabərhüquqlu dostluğu və müttəfiqliyi isə mümkün deyil. Müxtəsəri, xoşbəxtlik – Rusiyaya yaxınlaşmaqda yox, bacardıqca ondan uzaqlaşmaqdadır. Baltikyanı ölkələr, Gürcüstan kimi…

loading...