I Avropa oyunlarında olduğu kimi, azərbaycanlı idmançıların İslamiada da ard-arda qələbələr, qızıl, gümüş və bürünc medallar qazanması artıq ictimaiyyətdə… narahatlıq doğurur.
Düz oxuduğunuz: “narahatlıq doğurur”. Əvvəllər biz idman qələbələrinə görə elliklə qürur duyur, riqqətə gəlir, spontan sevinc göstəriləri təşkil edirdik. Ancaq indi bu durum bir az dəyişib.
Bu dəyişmənin bir neçə səbəbi var. Biri odur ki, artıq idman qələbələri çoxalıb, intensivləşib və adiləşib.
İkinci səbəb qazanılan qələbə və medalların hansı yarışmada olması ilə bağlıdır. I Avropa oyunları və ya İslamiada hər halda Olimpiya oyunları deyil, bu cür oyunlarda iştirak edən ölkələr az olur, üstəlik, belə yarışmalara əsasən inkişafda olan idmançılar göndərilir.
Ona görə də çox sayda peşəkar idmançımızın qatıldığı yarışmalarda ən çox medal qazananlar bizimkilər olur.
Əslində bu durum da ictimai narahatlığa səbəb olmamalıydı. Qələbə bütün hallarda qələbədir. Fəqət durumu fərqli edən xüsusatlar var.
Məsələ ondadır ki, bizim ölkədə hələ oyunlar başlanmazdan öncə medal qazanacaq idmançılara və onların məşqçilərinə, qazanacaqları medalın əyarına müvafiq olaraq 100 min, 75 min, 50 min manat məbləğində mükafatlar vəd olunur və onlar gözlənildiyindən də artıq sayda medal qazanırlar.
Bu, birincisi, dövlət büdcəsindən mükafatlara ayrılan pulların ümumi məbləğnin aşılmasına və başqa cür desək, israfçılığa səbəb olur.
İkincisi, cəmiyyətdə ayrı-seçkiliyə və ədalətsizliyə dair qənaətləri gücləndirir. Məsələn, ömrünün 50 ilini elmə, ədəbiyyata, mədəniyyət və incəsənətə sərf edən 70 yaşlı insanlar oturub fikirləşirlər ki, son 50 ildə qazandıqları pul 18-20 yaşlı idmançının 50 saniyədə qazandığı pul qədər deyil.
İndi özümüz hesablayaq. Ortada iki ömür var. Biri qürubdadır, biri yeni başlayır. Onlardan biri hər cür məhrumiyyət yaşayıb, əzab-əziyyət çəkib, illərlə öz üzərində çalışaraq, sənətinin uzmanı, biləndarı olub, nəhayətdə 200-300 manatlıq təqaüdün ümidinə qalıb. O biri isə yetkin həyata 1-2 il öncə atılıb, 4-5 illik məşq-yarış həyatı var və o, rinqə, tatamiyə çıxır, 2-3 dəqiqə (bəzən 50 saniyə) əziyyət çəkir və birdən-birə ona 100 min manat verirlər.
Yaşlı elm, incəsənət, mədəniyyət xadimləri ilə gənc idmançıların cəmiyyətə verdiyi töhfə eynidirmi? Qətiyyən eyni deyil.
Əslində idman nədir ki? İdman populyar tamaşadır, insanlara zövq vermək, əyləndirmək üçündür. Bu məntiqlə opera və balet ustaları, teatr aktyorları daha yüksək qiymətləndirilməlidirlər. Onlar da öz tamaşaçılarının zövqü, əyləncəsi üçün çalışırlar.
Deyilə bilər ki, idmançılar ölkəni təmsil edirlər, dövlətin himnini çaldırır, bayrağını ucaldırlar. Elədir. Amma bunlar simvolik məsələlərdir axı.
İstənilən idman qələbəsi simvolik qələbədir. Bu qələbələr dövlətin büdcəsini doldurmur, iqtisadiyyatını inkişaf etdirmir (bir qədər turizm dövriyyəsini artırır), itirilmiş ərazisini geri qaytarmır, əhalinin güzəranını yaxşılaşdırmır, baxırıq, şad oluruq, bir-iki gündən sonra unuduruq, gedir.
İdmana dövlət qayğısının artırılması, idmançıların stimullaşdırılması yaxşı şeydir, ancaq bütün hallarda əndazə aşılmamalıdır.
Hazırda biz o əndazəni aşmış durumdayıq. Bu, yeniyetmələrin kütləvi şəkildə idman növlərinə axışmasına səbəb olub və olur. İndi idmançı olmaq çox cəlbedicidir – dünyanı ölkə-ölkə gəzib, yarışırsan, medal alanda isə, loru dildə desək, kasıbçılığın daşını atırsan, olimpiya medalı qazandıqda isə artıq ömürlük təminat, hüquq-mühafizə orqanları sistemində karyera-filan, hər şey var.
Söz yox, qısa müddətdə özünün və ailəsinin maddi problemlərini həll etmək, gənc yaşda şan-şöhrət qazanmaq naminə idman növlərinə meyllənən yeniyetmə və gənclərin yüzdə doxsanı uğursuzluğa məhkumdur, onlar hələ ilk etapda, öz həmvətənlərinin yaratdığı sərt rəqabətə davam gətirməyərək sıradan çıxacaq, uğursuz və yarımçıq idmançılara çevriləcəklər.
Bu halda onları nə gözləyir? Təhsildən geri qalıblar (bu, bir Azərbaycan reallığıdır, bizdə idmançılar təhsil almır, əksəriyyəti bisavad olur), əllərindən də başqa bir iş gəlmir. Demək, onları bekarçılıq, avaralıq, radikal dini sektalar və kriminal dairələr gözləyir.
Beləliklə, biz kütləvi şəkildə idmançı yetişdirdiyimiz yerdə həyatda özünü tapmayan gənclər ordusu, kriminal ünsürlər dəstəsi də yetişdiririk.
Bunları da düşünmək lazımdır.
İdman qələbələri mühümdür, fərəh doğurur, amma elm-təhsil qələbələri daha vacibdir.