Erməni mətbuatı Qarabağa qanunsuz gələn turistlərdən yazıb. Separatçı rejimin “iqtisadiyyat nazirliyinin turizm idarəsi”nə istinadən iddia olunur ki, 2017-ci ilin birinci rübündə keçən ilin analoji dövrü ilə müqayisədə işğal zonasına gələn əcnəbilərin sayı 10 faiz artıb.
Özü də işğal altındakı ərazilərə qeyri-qanuni gələnlərin sayına görə… Rusiya, ABŞ və İran vətəndaşları “liderlik” edir, sonrakı yerlərdə isə Avropa ölkələri gəlir. İndi təsəvvür edir, bizim başımızın altına 23 ildir “atəşkəs” yastığı qoyub danışıqlarla müddəti uzadan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri vətəndaşlarının sərbəst şəkildə işğal altındakı Azərbaycan ərazilərinə gəlib-getməsinə göz yumurlar. Üçüncü yerdəki müsəlman qonşumuza da bir “bərəkallah” düşür, Qarabağdakı məscidlərdə donuz saxlayan donuzların büdcələrinə turizm sarıdan dəstək verdiyi üçün…
ABŞ Gürcüstanın işğal olunmuş ərazilərindəki separatçı rejimlərlə əlaqələr quracaq hər kəsi sanksiya ilə hədələyir, bununla bağlı qərar qəbul edir, Rusiyaya çağırış edir ki, torpaqları tərk etsin. Amma Azərbaycanın işğal altındakı torpaqlarına vətəndaşlarının gəlişinə heç olmasa, təhlükəsizlik baxımından reaksiya verib “Qarabağa getməyin, ora müharibə zonasıdır” çağırışını etmir.
İndi necə olur bu ölkələr Azərbaycanın yer üzündən silinmiş Ağdam şəhərində “qədim erməni şəhəri-Tiqranakert” tapdıqlarını həyasızcasına iddia edən erməni terrorçularının müşayiəti ilə ərazilərimizə soxulan vətəndaşlarına normal yanaşırlar? Qarabağda müharibə başlayacağını elə bu günlərdə ABŞ Milli Kəşfiyyat Agentliyi də bəyan etdi. Elə isə nədən Vaşinqton qəfil başlayacaq müharibədə öz vətəndaşlarının məhv olacağından narahat deyil?
Bu günlərdə Qarabağdakı separatçı qurumun nümayəndələri Azərbaycan ordusunun hücumlarını dəf etməyə qadir olduqlarına görə ABŞ-dan aldıqları gecəgörmə cihazalarına təşəkkür etdilər. Onların sözlərinə görə, aprel döyüşlərinə qədər Azərbaycan ordusunun hansısa hərəkətlərini yalnız gündüzlər müşahidə edə bilirdilərsə, artıq bu, gecələr də çətin deyil. ABŞ-ın sülhə verdiyi bu “töhfə” haqqında deməyə söz tapmaq mümkün deyil. Antiterror əməliyyatının iştirakçısı olan Azərbaycanın ərazilərində daha çox möhkəmlənmək üçün terrorçuların müasir avadanlıqla təchiz olunması əcaibdir. Bu minvalla Azərbaycanı işğalla barışdırmaq, erməni işğalçıların daha çox möhkəmlənməsini təmin etmək istəyirlər.
İşğalda Rusiyanın “rolu” isə danılmazdır. Ermənistandakı rus-erməni hərbi birləşməsinin komandanının Azərbaycanı hədələməsi, Qarabağda “rus dili günləri”nin keçiriməsi, erməni generalın “Rus NATO”sunun başına keçirilməsindən sonra işğalçı ölkənin davamlı şəkildə Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması barədə – Azərbaycan ordusunun Tavuş bölgəsini atəşə tutması iddiası ilə – xəbərlər yayması təsadüfi deyil.
İşğalçı ölkə bu mərhələdə himayədarlarının yardımı ilə Azərbaycanı təslimçi sülhə imza atdırmağa vadar etmək istəyir. Belə planın olmasını isə Azərbaycan rəhbərliyi hələ ötən il – böyük güclərin Azərbaycana təzyiq etdiyini deməklə ortaya qoymuşdu. Belə olmasaydı, rəsmi Bakının “Dağlıq Qarabağa Naxçıvan Muxtar Respublikasının statusuna bərabər status vəd edirik” bəyanatına aparıcı paytaxtlardan reaksiya gələr, Ermənistan ordusuna “rədd ol!” komandası verilərdi. Amma…
Son bir neçə ayda Qarabağ separatçılarının əl-qolu çox açılıb, xüsusilə də Rusiyada. Bako Saakyan Sergey Lavrovla badə toqquşdurandan sonra Rusiyada Dağlıq Qarabağın “bayraq”ları dalğalandı. Mayın 17-də isə Dağlıq Qarabağdakı “KVN” komandası Rusiyanın təşkil etdiyi yarışa qatılacaq Şuşanı işğal əməliyyatının kod adını daşıyan “Dağlarda toy” komandası.
Azərbaycanın ən böyük diaspor təşkilatını ləğv etməyə hazırlaşan həmsədr ölkə üstəlik, separatçı respublikaların futbol yarışını da təşkil edib. Separatçıların iştirakı ilə bu kimi oyunlar qurublar. Əslində isə oyunu bizimlə oynayırlar adlarını həmsədr qoyanlar.
Nəhayət, açıq danışmaq zamanıdır “Qarabağ turizminə dəstək” adı altında separatçılara barıt pulu göndərənlərlə. Kimlər Qarabağın Azərbaycana qaytarılması üçün addım atacaqsa, onunla yola davam etmək gərəkdir.