“Hər əsrin öz orta əsri var”
(Stanislav Yeji Lets)
Ermənistanda Quba almaları ilə aparılan mübarizə xəbərlərini oxuyanda bir daha başa düşdüm ki, regionun düzəlməsi yəqin heç zaman mümkün olmayacaqdır. Ortalıqda bir ağıllı camaat yoxdur ki, ətəyindən tutub “şükür” deyəsən. Hərəsi bir cür dəlidir.
Bizim də öz milli problemimiz vardır, bu isə sarı xətt məsələsidir. Artıq ikinci dəfədir Bakının yollarında hansısa idman turnirinə görə sarı xətt çəkilir, onu keçmək yadellilərə (yəni bizə) qadağan edilir. Bütün millət yarışı-zadı qırağa qoyub turnir ərzində sarı xətti müzakirə edir. Sarı xətti keçmək turnirdə medal almaqdan daha böyük qəhrəmanlıq sayılır. Biri deyir, keçə bilməzsən, o biri deyir, keçərəm. Biri isə rəis qırağa baxanda sarı xətti 3 dəfə keçdiyini söyləyib qazlanır. Lap o məşhur lətifədəki kimi. Yekəpərin birisi evə soxulub ailə üzvlərini döyür, otaqda tabaşirlə xətt çəkib deyir ki, kimsə bunu adlamasın. Sonra başlayır ailənin xanımını, türkün məsəli, dəstəkləməyə. İşini görür çıxır gedir, uşaqlar və xanım ağlaşırlar, evin kişisi isə gülür. Deyirlər nəyə gülürsən. Kişi cavab verir: “He-he, yekəpərin xəbəri olmadı, o arvadın işini görəndə mən gizlicə 3 dəfə xətti ayaqladım”.
Nağıl dili yüyrək olar, burdan dərhal uçaq Portuqaliyaya. Orda 3-cü diviziona çıxmaq uğrunda oynayan həvəskar futbol komandalarından biri 16 texniki qələbədən sonra turnir cədvəlinə başçılıq edirmiş. Komanda ümumilikdə 26 oyundan 24-də qalib gəlib. Səbəb isə tragikomikdir. (Bizdən baxanda komikdir, rəqib komandalar baxımından isə tragediya). Sən demə, bu komanda çox vəhşi futbol oynayır, qabağına çıxanı şikəst edir, hətta bir dəfə hakimi mal kimi döyüblər. Bu cəhənnəm, oyunda rəqibləri açıq-aşkar hədələyirmişlər, “yaxşı oynasan, axşam evə gedəndə gününü görəcəksən” tipində qorxudurmuşlar və reallıqda belə hadisələr olduğundan oyunçular çəkinirmişlər. Komandanın məşqçisi isə intervü verib ki, bəli, bizim uşaqlardan narkotik alverçiləri, banditizm-zadla əlaqəsi olanlar da vardır, ancaq yaxşı uşaqlardır. O üzdən, daha kimsə bunlarla oyuna girmək istəmir, texniki qələbələr ard-arda düzülür.
Tanış gəlmədimi? Mən xəbəri oxuyan anda barmağımı dişlədim, dedim ey dadi-bidad, bunlar lap bizim hakimiyyət komandasıdır ki! Bizdə də neçə illərdir heç bir oyunda – siyasi, ictimai, elektoral və sairə – qaydalara əməl edilmir, bütün qələbələr isə texnikidir. Rəqib-zad yoxdur. Özləri oynayıb, özləri qalib gəlirlər. Bəs bunu niyə yazdım? Yazdım ki, şanlı hakimiyyət komandamız “bizim analoqumuz yoxdur” deyə çox öyünməsin. Analoqun biri Portuqaliyada var, özü də komandanın adı “Kanelas 2010″-dur. Bəlkə də SOCAR o komandanı sponsorluğa alıb formasına ”Odlar yurdu Azərbaycan” yazmalıdır.
Ümumiyyətlə, tarixi yaxşı oxumadığımıza görə bir çox şeylər bizə yenilik kimi gəlir. Örnək üçün, Nemət Pənahlının “Meydan hərəkatı” zamanı tətbiq elədiyi məşhur “Otur, qalx” mitinq gimnastikasını yüz yerə yozanlar, lağa qoyanlar olmuşdur. Halbuki, bu, sən demə, sosialist düşərgəsində adi praktika imiş. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Serovun xatirələrində 1950-ci illərdə Xruşşovun rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Hindistan səfəri haqda da yazılıb. Serov yazır ki, hindlilərin rəhbəri Cavahirləl Neru bizimlə mitinqə çıxdı, orda öncə camaata “qalx, otur” komandaları verildi, beləcə meydanda qayda yaradıldı. Demək bu “qalx, otur” məsələsi KQB-nin, kommunistlərin mitinq idarəçiliyində lap köhnədən varmış. Daha diqqətlə araşdırsan, bəlkə kökü Leninin hansısa cızmaqarasından çıxacaqdır. 55 cildə yaxın bir zad idi, hansını kim oxudu ki? Eləcə sovet kitabxanalarında kif göbələkləri yedilər, 70 il ərzində arasını açan olmadı.
Bütün saxta qəhrəmanları, uydurmaları, mifləri də bu tale gözləyir. “Buna şübhə etməyiniz, vətəndaşlar” – Rəsulzadənin məşhur sözləri ilə desək.