Belə kadrları vəzifədən götürüb kənara atanda adama ləzzət edir. Allahın ateisti də az qalır, desin ki, bax, ilahi ədalət budur.
Yəqin ki, ABŞ FTB-sinin direktoru Ceyms Kominin vəzifəsindən qovulmasına münasibət belə olacaq. Əgər Amerikada sevincək olanda əllərə xına qoymaq dəbi olsaydı, əmin olun ki, Hillari bacı (əgər o, bizim Bəxtiyar Hacıyevin xalasıdırsa, bizə də bacı düşür) bu saat hər iki əlinə xına yaxar və bunu CNN-in canlı yayımında dünyaya görk edərdi.
Nədən ki, Komi olmasaydı və seçkiyə bir həftə qalmış xanım Klintona qarşı kompromat yaymasaydı, bu gün ABŞ prezidenti postunda Donald Tramp yox, Hillari Klinton oturmuş olacaqdı. Bunu bütün dünya bilir, xanım özü də beş-altı gün əvvəl verdiyi müsahibədə etiraf edib ki, məsələ məhz belədir, onun prezidentlik şansını FTB direktoru Ceyms Komi baltalayıb.
Budur, həmin balta Kominin əlindən düşüb və öz ayağını çapıb. Daha dəqiqi, baltanı Kominin əlindən prezident Tramp vurub salıb. Yoxsa adam durduğu yerdə istefa verən deyildi. Tramp deyib, onunla birlikdə çalışa bilmərəm, işləyə bilmir, xidməti batırır. Beləcə, heç özünə də xəbər verməyib, işdən qovub.
Əlbəttə, Komiyə əcəb olur. Onu bu vəzifəyə demokrat prezident Obama 4 il əvvəl qoymuşdu, yəni adam Demokratlar partiyasının hesabına yüksək vəzifəyə gəlmişdi, amma o, Demokratlar partiyasının namizədi Klintona qarşı çıxdı. Onu o vəzifəyə təyin edən kişinin də sözü yerə düşdü. Bunun adı, Amerika tərəflərdə bilmirəm, dünyanın çox yerində nankorluqdur, hətta xəyanətdir.
Düzdür, Komi bu addımı ilə bağlı içində “ABŞ-ın ümdə maraqları”, “dövlətçilik mənafeyi”, “xalqın iradəsi”, “demokratik dəyərlər” kimi ifadələr keçən cümlələr işlədə bilər, amma hər halda, adamın onu vəzifəyə qoyanların namizədini o günə qoyması, onun rəqibinin, Tramp kimi birinin övlətin başına keçməsinə kömək etməsi nankorluğun özüdür.
Ancaq bu məsələdə nankorluq edən təkcə Komi deyil, Tramp da nankorluq edib. Əgər Komi o cür hərəkət etməsəydi, Tramp Ağ Ev, oval kabinet-filan üzü görərdimi? Görə bilməzdi. Elə noyabrdaca o, uduzmuş namizədlərin sırasına qoşulub gedər, tutaq ki, Andersondan fərqli olmazdı. Bəlkə də indi çoxumuz xatırlamırdıq ki, xanım Klintonun alternativinin adı nəydi. Olsa-olsa, çoxları onu “çalbaş kişi” kimi yadda saxlayacaqdı.
FTB-nin şefi Komi isə elə etdi ki, indi dünyada hamı “Tramp-Tramp” deyir, hələ iş bununla bitmir, Kominin sayəsində biz Melanianı da tanıyırıq, İvankanı da, hələ onun əri Cared Kuşneri də.
Oxumuş adamlar deyirdilər, əminliklə bildirirdilər ki, baxarsınız, Tramp yerini bərkidən kimi Komini atacaq bayıra. Onların fikrincə, bu haqq-hesab cari ilin noyabrında, Trampın prezident seçilməsinin, xanım Kilntonun ABŞ prezidenti seçilə bilməməsinin ildönümündə baş verəcəkdi. Həmin vaxt Tramp onu yanına çağırıb deyəcəkdi ki, keçənilki işinə görə çox sağ ol, amma gələn il başqa adamla işləyəcəm.
Göründüyü kimi, elə olmadı, Tramp məsələni bu il həll etdi. Bunu heç Komi də gözləmirmiş. İclas zamanı ona deyiblər ki, ser, prezident səni işdən çıxarıb, o da gülüb deyib ki, əla zarafatdır. Deyiblər, a ser, nə zarafat, valah-billah, Tramp səni işdən götürüb. Komi də görüb ki, misterlər zarafat edənə oxşamırlar, anlayıb ki, Trampdan nə desən çıxar. Di get, CNN-də “Proqnozlaşdırılması mümkün olmayan prezident” məzmununda müsahibə ver.
Yaddaşımızı qurdalasaq, məlum olar ki, eyni taleni yaşayan adamlar bizdə də olub. Məsələn, 1993-cü ilin iyununda Elçibəy bəzi adamları nazir əvəzi təyin etmişdi, ara sakitləşəndən sonra nazir postuna təsdiqləyəcəkdi. Ancaq ara sakitləşmədi və həmin adamlar prezidentin devrilməsində iştirak etdilər. Bir müddətdən sonra ara sakitləşdi və yeni prezident onları kənara qoyub, başqalarını nazir təyin etdi.
Bu xüsusda bir məşhur zərbül-məsəl də var, onu Tramp-Komi məsələsinə uyğunlaşdırsaq, belə parafraz etmək olar: “Yetim prezidentə deyiblər ki, birinci kimi istefaya göndərərsən, deyib, məni bu vəzifəyə gətirəni”.