SOCAR istiqrazlarının təkrar bazarda ticarəti, istiqrazların kimlər tərəfindən və hansı məqsədlə alındığı barədə suallara istiqrazların market-meykeri olan “PSG Kapital” şirkətinin satış təmsilçisi Cəmilə Lələxanova cavab verir.

– Cəmilə xanım, faiz ödənişləri istiqrazların satışına və onlara göstərilən marağa necə təsir edib? Yəni, istiqrazların satışında nə dəyişiklik var?

– Bildiyiniz kimi, aprelin 17-də SOCAR istiqrazları üzrə ikinci dəfə faizlər ödənilib. Faiz ödənişindən sonra qiymətli kağızlar bazarında SOCAR istiqrazlarına maraq və tələbat bir qədər də artıb.

– Satış rəqəmlərini açıqlaya bilərsiz?

– Əlbəttə, faiz ödənişindən sonra, yəni aprelin 17-dən 8 may tarixinədək istiqazların satışı ilə bağlı 65 müqavilə bağlanıb və 4 645 ədəd istiqraz satılıb.

– İstiqrazları əsasən kimlər alır, fiziki şəxslər, yoxsa şirkətlər?

– İstiqrazları ən çox fiziki şəxslər alırlar, amma hüquqi şəxslərin də bu kağızlara marağı böyükdür.

– Bəs, hansı bölgələrin vətəndaşları istiqrazlara daha çox maraq göstərir?

– Demək olar ki, Azərbaycanın bütün regionlarından müraciətlər var. Hətta bu yaxınlarda məcburi köçkünlər şəhərciyindən də bir investor istiqraz alıb.

– İstiqraz alanlar dövlət işində işləyənlərdir, yoxsa sahibkarlar?

– İnvestorlar arasında həm fiziki şəxslər, həm sahibkarlar, həm də dövlət işində işləyənlər var, müraciətlər çoxdur.

– Adətən, iş adamları əllərində olan vəsaitlərlə biznes qururlar. Belə çıxır ki, onlar həmin vəsaitləri istiqrazlara da yatırırlar?

– Bəli, elə hallar da müşahidə edirik. İş adamları biznesə başlayana qədər, yəni işlərini qurub-qaydasına salana qədər əllərində olan vəsaitləri istiqrazlara yatırırlar. Bu kateqoriyadan olan biznesmenlər yüzlərlə istiqraz alıblar.

– Olubmu ki, adamlar evlərini, torpaqlarını, ya da maşınlarını satıb istiqraz alsınlar?

– Bəli, belələri də var. Elə ivestorlar olub ki, evlərini, torpaqlarını, hətta maşınlarını satıb, gəlib istiqraz alıblar. Məsələn, müştərilərimizdən biri evini satıb və həmin pulla 50 ədəd istiqraz alıb, digəri bir müştərimiz isə yenə evini sataraq 102 ədəd istiqraz alıb. Bəzi müşərilərimiz isə banklardakı əmanətlərinin müddəti başa çatandan sonra həmin vəsaitlərlə istiqraz alıblar.

– Xarici vətəndaşlar istiqraz alırlarmı?

– Bəli, Azərbaycanda yaşayanlardan başqa, xaricdəkilər də SOCAR istiqrazı alırlar. İstiqraz alanlar əvvəlki kimi Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Türkiyə vətəndaşlarıdır. Bunlardan bəziləri həmin ölkələrdə yaşayan azərbaycanlılardır.

– Əhali SOCAR istiqrazlarını ən çox niyə görə – pulunu artırmaq, yoxsa pulunu etibarlı şəkildə saxlamaq üçün alır?

– Hər iki səbəb göstərilir. Alıcıların bir hissəsini pulunun təhlükəsiz saxlanması, digərini isə gəlir gətirməsi maraqlandırır. Çünki həm SOCAR-ın özü bir şirkət kimi çox etibarlıdır, həm də istiqrazların gəlirliliyi digər alətlərdən daha yüksəkdir. Bundan başqa, əsas səbəblərdən biri SOCAR istiqrazlarının yüksək dərəcədə likvid olmasıdır. Digər qiymətli kağızlarda likvidlik bu səviyyədə deyil.

– Yəni, istiqrazları lazım olanda dərhal pula çevirmək mümkündür?

– Bəli, SOCAR istiqrazlarının market-meykeri ilə bağlanmış müqaviləyə əsasən, əgər müştəri öz istiqrazını satmaq istəyirsə və təkrar bazarda onu alan olmasa, market-meyker özü həmin istiqrazları alır. Yəni, müştəri istənilən halda istiqrazını həmin gün satıb, pula çevirə bilir. Müşəriləri də məhz bu cəhət cəlb edir. Amma indiyədək satılan istiqrazların, demək olar ki, hamısını digər investorlar alıblar. Yəni, istiqrazlarını satanlar da yüksək gəlir əldə edirlər.