Sabah atəşkəs haqda bədnam Bişkek protokolunun imzalanmasından 23 il ötür. Düz 23 ildir ki, Azərbaycan xalqının başı altına yaxşı bir atəşkəs “yastığı” qoyulub. İlləri illərə calayıb boş vədlər verməkdən usanmayan vasitəçilər bir cavanın ömrünə bərabər bir müddətdə “Qarabağ yükü”nü yerindən tərpədib bircə sm belə qabağa apara bilməyiblər.
Nədəni çoxdan bəlli: çünki həmsədrlər işğalçı ilə işğala məruz qalan tərəfi öz adı ilə çağırmağa özlərində nə cürət, nə həvəs, nə də ən önəmlisi vicdan hissi tapa bilirlər.
Bu arada – atəşkəsin 23-cü ildönümündə bəlli olub ki, ermənilər Azərbaycana qarşı daha bir həyasız təxribata hazırlaşırlar. İddialara görə, indi də düşmən işğal altındakı qədim şəhərimiz Şuşanı separatçı rejimin “paytaxtı” elan etmək fikrindədir. Məlumatlara inansaq, qondarma qurumun “parlamenti”nin Xankəndindən Şuşaya köçürməklə bağlı müzakirələr başlayıb.
Nə deyəsən? Oğru, qəsbkar müvəqqəti zəbt elədiyi hansısa məkanda, evdə həmin bu evin halal yiyəsi gələnədək nələr edə bilərsə, hansı hoqqalardan çıxa bilərsə, işğalçılar də illərdir qanuni torpaqlarımızda belə nadürüst, iyrənc işlə məşğuldular. Necə deyərlər, bu da onların “haqqıdır”.
Ev yiyəsinin gəlişi isə uzanır. Allah bizə səbir verməsin, yaman uzandı bu işğal. O qədər ki, separatçı-işğalçı qüvvələr Dağlıq Qarabağın adını dəyişib “Arsax” qoymaq üçün saxta referendum keçirməyə də macal tapdılar bu ilin fevralında. Ona qədər isə neçə-necə saxta parlament və prezident seçkiləri tamaşası düzənləyib dünyaya “DQR” adında bic “dövlət”i sırımağa çalışdılar.
Deyirlər, Allah səbirliləri sevər. Doğru. Amma səbir də zülmlə, işğalla barışmağa gətirməməlidir. Qırmızı xətt məsələsi yəni. İrz-namus, torpaq-qeyrət məsələsində isə səbirdən ümumiyyətlə, söhbət gedə bilməz. Bu məsələdə əksinə, Allah yalnız səbirsizləri sevər!..
*****
Qəvi düşmənin bir məkrli hədəfi də əlbəttə ki, etnik təmizlənmə aparılmış Dağlıq Qarabağda Azərbaycan izlərini itirməkdir. Qarabağın halal adını dəyişmək, işğal altındakı rayonların adlarını erməniləşdirmək, indi də Şuşanı ikinci qondarma erməni “dövləti”nin inzibati paytaxtı elan eləmək kimi hoqqalar müstəsna olaraq bir məqsədə xidmət edir: guya Qarabağın Azərbaycana, azərbaycanlılara heç bir aidiyyətinin olmadığı haqda dünyada yanlış təsəvvür yaratmaq.
Ancaq bihudə məşğuliyyətdir. Ən azı ona görə ki, dünya, vasitəçi dövlətlər bölgəni bu gün də məhz Dağlıq Qarabağ kimi, öz türk adında tanıyır – erməni öz yanbızı ilə göyə dırmaşsa da. Ona görə boş məşğuliyyətdir ki, dünya birliyi bu gün də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir.
Demək, Şuşa da, Xankəndi də Azərbaycana məxsusdur – müvəqqəti düşmən tapdağı altında olsa belə. Elədisə bölgənin inzibati mərkəzinin Şuşa və ya Xankəndi olmasının xüsusi önəmi qalmır əslində. Hər ikisi Azərbaycan şəhəridir.
Düşmən bu absurdla yalnız dünyanı özünə güldürə bilərlər. Hərçənd, gülməkdən də keçib. Ən gülməlisi və absurdu isə odur ki, heç Ermənistanın özü qondarma “DQR”i dövlət kimi tanımadığı halda, dünyaya onu artıq “baş tutmuş dövlət” kimi sırımağa səy edir. Guya belə bir üzdəniraq dövlət var və o yaşayır, seçkilər, referendumlar keçirir, hətta “paytaxtını” dəyişmək barədə müzakirələr aparır.
Halbuki əlahəzrət məntiq deyir ki, əgər Ermənistanın özü “DQR” adında dövləti tanımırsa, deməli, Dağlıq Şuşa və Xankəndi də daxil, Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu de-fakto qəbul edir. Qalır indi bunu de-yure də ona etiraf etdirmək üçün İrəvana kömək eləmək: yəni işğal rejiminə son qoymaq, çağırılmamış qonaqları sink tabutlarda öz evlərinə yola salmaq. Müxtəsəri, Azərbaycanın son və qəti döyüşü!
***
Son döyüş və… Azərbaycan xalqı da, erməni xalqı da, dünya da 30 ildir sürən bu üzücü qeyri-müəyyənlikdən, zillətdən qurtulacaq! Ya Allah, bismillah.